Azərbaycan ilə Türkiyə arasında penitensiar sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirələr olunmuşdur
Bakı, 7 noyabr (AZƏRTAC). Penitensiar sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Türkiyə Respublikası Ədliyyə Nazirliyinin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlmişdir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və güllər qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Nümayəndə heyəti 1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş türk əsgərlərin şərəfinə ucaldılmış abidəni də ziyarət etmiş və önünə əklil qoymuşdur.
Sonra Penitensiar Xidmətdə keçirilmiş görüşdə ədliyyə nazirinin müavini, Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev qonaqlara ölkəmizin keçdiyi müstəqillik yolu, respublikamızda son illərdə penitensiar sistemdə görülmüş işlər, habelə cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, əldə olunmuş müsbət nəticələr və həllini gözləyən problemlər barədə ətraflı məlumat vermişdir. Qonaqlara son dövrlərdə məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasından, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlərdən bəhs edilmişdir.
Türkiyə Ədliyyə Nazirliyinin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırım səfərin məqsədləri haqqında məlumat vermişdir. Nümayəndə heyətinin rəhbəri qardaş ölkədə son on ildə cəza-icra sisteminin inkişafı, beynəlxalq təcrübələrə əsaslanaraq yeni inşa olunmuş cəza evləri, islah prosesində sosioloq və psixoloqların xidmətindən istifadəyə geniş önəm verilməsi, xidməti personalla aparılan təlim və tədris işləri, məhkumların azadlığa hazırlığı sahəsində aparılan işlər, açıq cəza evlərinə keçirilmə qaydaları haqqında məlumat vermişdir.
Görüşdə, ikitərəfli əməkdaşlığın, ölkələrimiz arasında təcrübə mübadiləsinin də xüsusi əhəmiyyəti vurğulanmışdır.
Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan bir sıra penitensiar müəssisələrə baş çəkməsi, məhkum və təqsirləndirilən şəxslərin saxlanma şəraiti, həmin müəssisələrin iş fəaliyyəti ilə tanış olması nəzərdə tutulmuşdur.