Azərbaycan-İraq əlaqələrində yeni istiqamətlər və gələcək perspektivlər müzakirə olunub
Bakı, 30 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) İraqın Azərbaycandakı səfiri Heydər Şiya Əl-Barrakın diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Əli Abbasov əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün hər iki tərəfin böyük maraq və səy göstərdiyini, bu təşəbbüslərin hökumət və ölkə rəhbərlikləri səviyyəsində hər zaman dəstəkləndiyini qeyd edib. İnformasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdıran nazir Azərbaycan-İraq əlaqələrində yeni istiqamətlər və gələcək perspektivlər barədə fikirlərini bölüşüb.
Qarşılıqlı dostluq və etimada əsaslanan münasibətlərin bundan sonra da bu dəyərlər üzərində davam etdiriləcəyini vurğulayan sabiq səfir Heydər Şiya Əl-Barrak əməkdaşlığın inkişafında nazir Əli Abbasovun həmsədrliyi ilə Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının rolunu xüsusi dəyərləndirib. Əməkdaşlıqda yeni istiqamətlərlə bağlı Bakıda başlayan müzakirələrin Bağdadda keçiriləcək Birgə Komissiyanın ikinci iclasında davam etdiriləcəyini qeyd edən diplomat bu danışıqların da uğurla nəticələnəcəyinə əminliyini bildirib.
Görüşün sonunda nazir Ə.Abbasov münasibətlərin inkişafında səmərəli fəaliyyətinə görə sabiq səfirə bir daha təşəkkürünü bildirib və gələcək işlərində uğurlar diləyib.