MƏDƏNİYYƏT
“Azərbaycan kitab sənayesi sahəsində mövcud reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib





Bakı, 22 yanvar, AZƏRTAC
Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Dədə Ələsgər Ocağı İctimai Birliyinin həyata keçirdiyi “Kitab sənayesi sahəsində statistik vəziyyətin öyrənilməsi və təkliflər paketinin hazırlanması” adlı layihə çərçivəsində ilk dəyirmi masa təşkil olunub.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri və layihə rəhbəri Xətai Ələsgərli layihənin məqsəd və hədəflərindən danışıb. O bildirib ki, layihə çərçivəsində maarifləndirici buklet hazırlanıb və tədbir iştirakçılarına təqdim edilib. Həmçinin “ekitab.az” adlı yeni saytın yaradılması və üç istiqamət üzrə onlayn sorğuların keçirilməsi də nəzərdə tutulur.
Onun sözlərinə görə, sayt üzərində iş davam edir və layihənin icra planına uyğun olaraq növbəti tədbirdə saytın təqdimatı keçiriləcək. Onlayn sorğunun sualları isə müzakirə üçün iştirakçılara təqdim olunub və yaxın günlərdə hər üç istiqamət üzrə sorğular hədəf auditoriyasına göndəriləcək.
Tədbirdə digər çıxış edənlər ədəbi dilin qorunması, kitab nəşri, satış prosesi və oxucu kütləsinin maraqları ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.