Azərbaycan Kunq Fu Federasiyasının idarə heyətinin yeni tərkibi seçilib
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Azərbaycan Kunq Fu Federasiyasının idarə heyətinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Federasiyanın prezidenti Nurlan Aslanov iclasda çıxışında dövlətimizin başçısı İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan bəhs edib. Federasiyanın qarşısında duran vəzifələrdən danışan N.Aslanov bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Daha sonra idarə heyətinin qərarı ilə bir sıra vəzifələrə təyinatlar olub, yeni tərkib formalaşıb. Kikboksinq üzrə beşqat dünya çempionu, Prezident mükafatçısı, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş Ehram Məcidov ümumi işlər üzrə, iş adamı Tural Alişanlı isə ictimaiyyətlə əlaqələr üzrə vitse-prezident vəzifələrinə təyin ediliblər. Həmçinin dünya və Avropa çempionu, Prezident mükafatçısı, Əməkdar İdman Ustası Emil Hacıyev peşəkarlar üzrə baş məşqçi, dünya və Avropa çempionu, Əməkdar İdman Ustası Ramin Allahverdiyev böyüklər üzrə baş məşqçi, dünya çempionatının mükafatçısı, idman ustası Aqil Mustafayev gənclərdən ibarət komandanın baş məşqçisi, İntizarə Məmmədova isə mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Yeniyetmə komandalar arasında baş məşqçi vəzifəsi dünya çempionu, idman ustası Ellər Orucova həvalə edilib.
Yeni vəzifələrə təyin olunan idman ictimaiyyətinin tanınmış simaları çıxışlarında yüksək etimada görə federasiya rəhbərliyinə təşəkkür ediblər. Onlar çıxışlarında Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin daha da inkişafında, eləcə də dövlət gənclər və idman siyasətinin uğurla həyata keçirilməsi işində var gücləri ilə çalışaraq, gənc nəslin sağlam mühitdə yetişməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.
Sonda bu il keçiriləcək yerli və beynəlxalq yarışlara hazırlıq işləri müzakirə edilib.