AZƏRBAYCAN-LİTVA: HÜQUQİ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Azərbaycanda aparılan demokratik, hüquqi islahatlar, insan haqlarının qorunması sahəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində dövlətimizin beynəlxalq nüfuzu xeyli artmış, onun dünya birliyi ölkələri ilə dostluq, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri, o cümlədən hüquqi sahədə əməkdaşlığı genişlənmişdir.
Ölkəmizin hüquqi əməkdaşlığının inkişafında Litva Respublikası ilə səmərəli əlaqələr özünəməxsus yer tutur. Ötən il Bakıda ölkələrimizin Ədliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanmış, Vilnüsdə isə iki ölkənin ədliyyə nazirləri tərəfindən hüquqi yardım üzrə ilk dövlətlərarası müqavilələr bağlanmışdır.
Sentyabrın 25-də Litvanın ədliyyə naziri Vitautas Markyaviçusun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya rəsmi səfərə gəlmişdir. Səfərini Şəhidlər Xiyabanını ziyarət etməkdən başlayan qonaq ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşdur.
Ədliyyə naziri Fikrət Məmmədovla və nazirliyin rəhbər heyəti ilə görüşən cənab Markyaviçus hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, bu sahədə imzalanmış sənədlərin ölkələrimizin dostluq əlaqələrinin genişləndirilməsi və dərinləşməsinə, hüquqi sahədə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına xidmət etdiyi vurğulanmışdır.
Sonra Azərbaycan və Litvanın Ədliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin müddalarının həyata keçirilməsi məqsədi ilə ədliyyə və məhkəmə fəaliyyətinin müxtəlif sahələrini əhatə edən konkret Əməkdaşlıq proqramının imzalanma mərasimi olmuşdur.
Sənədin imzalanmasından sonra bəyanatla çıxış edən nazirlər ölkələrimizin hüquqi sahədə əlaqələrinin genişlənməsində və daha da möhkəmlənməsində bu sənədin rolunu, onun həyata keçirilməsində hər iki tərəfin üzərinə düşən mühüm vəzifələri vurğulamışlar.
Azərbaycanda həyata keçirilən hüquqi islahatları yüksək dəyərləndirən qonaq ölkələrimizin Ədliyyə Nazirlikləri arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Fikrət Məmmədova xüsusi medal təqdim etmiş, onun bu medalla təltif edilən ilk xarici ölkə nümayəndəsi olmasını bildirmişdir.
Litva nümayəndə heyəti Azərbaycan ədliyyəsinin tarixi muzeyi, Azərbaycan-Litva münasibətlərinə həsr edilmiş ekspozisiya ilə də tanış olmuşdur. Qonaqlara Azərbaycan dövləti, onun hüquq sistemi və Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli demokratik, o cümlədən hüquqi islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilmişdir.
Litvanın ədliyyə naziri səfər çərçivəsində ali icra və qanunvericilik, habelə məhkəmə, prokurorluq orqanlarında görüşlər keçirəcək, yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyətinin ayrı-ayrı sahələri, o cümlədən penitensiar sistemlə tanışlıq olacaqdır.