Azərbaycan Maarifçilər Assosiasiyasının bir qrup üzvü MDU-da olub
Bakı, 21 iyul, AZƏRTAC
“Mingəçevir təhsil səfəri” proqramı çərçivəsində Azərbaycan Maarifçilər Assosiasiyasının (AMA) bir qrup üzvü Mingəçevir Dövlət Universitetində olub. Nümayəndə heyətinin tərkibində təhsilin bütün pillələrini əhatə edən peşəkar müəllimlər və inzibati heyət üzvləri təmsil olunub.
MDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə AMA-nın sədri Tofiq Sadıxov təmsil etdiyi qurumun fəaliyyəti və layihələri barədə məlumat verib. Vurğulayıb ki, səfər proqramı Mingəçevir şəhərində yerləşən təhsil müəssisələri ilə tanışlıq məqsədi daşıyır. Son dövrdə müasirləşmə istiqamətində önəmli addımlar atan MDU-da olmaqdan məmnunluğunu ifadə edən T.Sadıxov görüşün təşkilinə göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.
MDU-nun rektoru Şahin Bayramov AMA-nın səfər təşəbbüsünü yüksək qiymətləndirib. Respublikanın müxtəlif bölgələrində çalışan təhsil işçilərinin birgə fəaliyyətini əlaqələndirən birlik olan AMA ilə əməkdaşlıq imkanlarından danışan rektor MDU-nu ziyarət etdikləri üçün nümayəndə heyətinə təşəkkür edib. MDU-nun strateji hədəflərindən bəhs edən Ş.Bayramov müvafiq istiqamətdə həyata keçirilən fəaliyyət barədə məlumat verib.
Sonra AMA üzvlərinin sualları cavablandırılıb, rəy və təkliflərinə münasibət bildirilib.