İQTİSADİYYAT
Azərbaycan məhsulları Dubayda keçirilən beynəlxalq yarmarkada nümayiş olunur
![](/files/galleryphoto/2021/3/1200x630/16358640034814315376_1200x630.jpeg)
![](/files/galleryphoto/2021/3/1200x630/16358640032440650214_1200x630.jpeg)
![](/files/galleryphoto/2021/3/1200x630/16358640033388747271_1200x630.jpeg)
![](/files/galleryphoto/2021/3/1200x630/16358640036284145582_1200x630.jpeg)
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında nümayiş olunur.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq 3-cü ildir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə yarmarkada bir sıra yerli şirkətlərin məhsulları - meyvə-tərəvəz, meyvə şirələri, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər və sair “Made in Azerbaijan” brendi ilə təqdim edilir.
Dubaya səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Global Village” yarmarkasında sərgilənən yerli məhsullarla tanış olub.
Qeyd edək ki, 1996-cı ildən təşkil olunan “Global Village” hazırda dünyanın ən böyük beynəlxalq yarmarkalarından hesab olunur. Bu il yarmarkaya 5 milyona yaxın ziyarətçinin gəlməsi gözlənilir. KOBİA-nın dəstəyi ilə Azərbaycan şirkətləri 2019-cu ildən yarmarkada öz məhsullarını nümayiş etdirir.