Azərbaycan Milli Elmlər Akademiyasında herontologiya və heriatriya üzrə beynəlxalq məktəb açılıb
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun, BMT-nin Malta Beynəlxalq Qocalma İnstitutu və Azərbaycan Herontoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə herontologiya və heriatriya üzrə beynəlxalq məktəbin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov herontologiya və heriatriya üzrə məktəbin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Akademik bildirib ki, beynəlxalq məktəb bu sahənin fundamental əsasları, qocalmanın demoqrafik aspektləri, keçid iqtisadiyyatlı ölkələrdə yaşlı insanların problemləri, onlara tibbi sosial yardım, ahılların sosial statusunu, rolunu və bir çox digər məsələlərin geniş dairəsini əhatə edən multidissiplinar təhsil proqramıdır. Herontoloji tədqiqatlar istiqaməti Azərbaycan elminin yaxın 10-15 ili üçün prioritet istiqamətlərindəndir. Alim AMEA-nın bəzi institutlarının yerli və xarici tərəfdaşlarla birgə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə uzunömürlülüyün fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə beşillik elmi-tədqiqat proqramının həyata keçirdiyini diqqətə çatdırıb.
Əhalinin qocalması probleminin ölkəmizdə də özünü göstərdiyini söyləyən akademik deyib ki, demoqrafik statistikaya görə Azərbaycanda əhali arasında 65 və daha yaşlı insanların xüsusi çəkisi tədricən artır. O, yaşla bağlı xəstəliklərin profilaktikası və müalicəsi üzrə müvafiq dövlət proqramlarının işlənib hazırlanmasının zəruriliyini qeyd edib. Akademik bildirib ki, AMEA-nın rəhbərliyi və ölkənin tibb işçilərinin dəstəyi ilə bu ilin əvvəlində yaradılan Azərbaycan Herentoloji Cəmiyyətinin qarşısında bu istiqamətdə mühüm işlər durur.
Yeni məktəbin fəaliyyətə başlamasını yüksək dəyərləndirən Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova bildirib ki, bu təhsil müəssisəsi herentologiya sahəsində çalışan təşkilatların nümayəndələrini bir araya gətirmək, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün səyləri birləşdirmək və mövcud problemləri müzakirə etmək baxımından əhəmiyyətlidir.
BMT-nin Malta Beynəlxalq Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza sosial herontologiyada əsas anlayışlardan bəhs edib.
Sonra təlimlər keçirilib.
Avstriyanın sosial təminat sahəsində Avropa Siyasət və Tədqiqat Mərkəzinin baş məsləhətçisi Aleksandr Sidorenko “MDB-də əsas demoqrafik meyillər”, Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi İxtisasartırma İnstitutunun terapiya, geriatriya və yaşlanma əleyhinə tibb kafedrasının müdiri, “Gerontologiya” Elmi-Tədqiqat Tibb Mərkəzi” muxtar qeyri-kommersiya təşkilatı direktorunun birinci müavini, professor Andrey İlnitski “Müasir dünyada qocalma: insanlar nəyi bilməlidir” mövzularında məruzələrlə çıxış ediblər.
Noyabrın 15-dək davam edəcək təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.