Azərbaycan Milli Konservatoriyasında növbəti “Musiqi saatı”
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasının budəfəki “Musiqi saatı” türk xalq musiqisinə həsr olunub.
Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə TRT İzmir Radiosunun musiqiçisi, “Dilsiz qaval metodu” dərsliyinin müəllifi Fedai Tekşahin qədim qaval, ney və bağlama alətlərində “Anadolu ezgileri”ni səsləndirib. Türk Dünyası Xalq Çalğı Alətləri Orkestrinin üzvü Arif Azərtürk qədim laftada ifa edib.
Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi ifaları çox bəyəndiyini deyib, musiqiçilərə təşəkkürünü bildirib.
Fedai Tekşahin “Dilsiz qaval metodu" kitabını Siyavuş Kərimiyə təqdim edib.
“Musiqi saatı”nda konservatoriyanın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.