DÜNYA
Azərbaycan, Misir və Əlcəzair Avropa İttifaqına köməyə gələn ölkələr arasındadır
Berlin, 12 sentyabr, AZƏRTAC
Avropa İttifaqının üzvü olan 27 dövlət Rusiyanın “Qazprom” konserninin məhsullarının qiymətinin yuxarı həddinin müəyyən edilməsi barədə hələ ümumi fikrə gələ bilməyiblər.
AZƏRTAC xəbər verir ki, enerji böhranına qarşı mübarizə üzrə Avropa Komissiyasının təcili planı Aİ üzvü olan bütün dövlətlərə təqdim edilib, lakin onlar hələ ümumi fikrə gələ bilmirlər.
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen yalnız Rusiyadan alınan qaz üçün qiymətin yuxarı həddinin müəyyən olunmasını təklif edib, lakin ölkələrin çoxunun fikrincə, qiymətlərin azaldılmasına yalnız bir yolla - başqa tədarükçülər üçün də məhdudiyyət tətbiq etməklə nail olmaq mümkündür.
Ursula Fon der Lyayen deyib: “Biz iqtisadiyyatımızın zəifləməsinə və Avropa İttifaqının siyasi cəhətdən parçalanmasına imkan verə bilmərik”.
Brüsseldə etiraf edirlər ki, hazırda qazın qiymətinin azaldılması üçün başqa üsullar üzərində intensiv iş gedir, məsələn, Misir, Azərbaycan və Əlcəzair kimi tədarükçülərlə ikitərəfli danışıqlar aparılır.
Son günlər Brüsseldə bir frazanı çox tez-tez təkrar edirlər: misli görünməmiş vəziyyətdə Avropa İttifaqı misli görünməmiş tədbirlər görməli olur. Bu, əlbəttə, enerji daşıyıcıları bazarında yaranmış mürəkkəb vəziyyətlə bağlıdır. Adi şəraitdə aradan qaldırılması müddətini uzatmaq mümkün olan problemlərin həlli üçün indi vaxt yoxdur, indi bu problemləri operativ rejimdə həll etmək lazım gəlir. İş burasındadır ki, enerji daşıyıcılarının qiymətləri hədsiz artıb, qış isə, necə deyərlər, qapını döyür. Üstəlik, sosial təzyiq də artmaqdadır.
Berlin