CƏMİYYƏT
Müşahidə kameralarından yayınmaq üçün çətirdən istifadə edən oğru saxlanılıb
![](/files/galleryphoto/2024/2/1200x630/17165354286451727201_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716535428272856766_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716535428363597131_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165354281455443098_1200x630.jpg)
Bakı, 24 may, AZƏRTAC
Paytaxtın Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək evdə olmadığı müddətdə mənzildən ümumi dəyəri 54 min manat olan qızıl-zinət, qol saatları və digər qiymətli əşyaların oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törədən əvvəllər məhkum olunmuş Coşqun Həsənov saxlanılıb.
Onun evinə baxış zamanı taladığı qızıllar, eləcə də mənzil oğurluqları zamanı qapıların açılmasında istifadə olunan xüsusi alətlər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Qeyd edək ki, C.Həsənov oğurluq zamanı ətrafda olan müşahidə kameralarından yayınmaq və “izi” itirmək məqsədi ilə özü ilə həmin ünvana gətirdiyi çətir, papaq və maskalardan istifadə edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, C.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin digər oxşar əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.