AZƏRBAYCAN MÜNAQİŞƏNİN DİNC YOLLA, ATƏT-İN LİSSABON SAMMİTİNİN PRİNSİPLƏRİ ƏSASINDA HƏLLİNƏ TƏRƏFDARDIR
Bu fikri Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev noyabrın 4-də ATƏT-in Minsk Qrupunun fransalı həmsədri cənab Anri Jakoləni qəbul edərkən söyləmişdir.
Qonağı salamlayan müdafiə naziri onu yeni təyinatı münasibətilə təbrik etmiş, çox məsul, mürəkkəb missiyasını yerinə yetirməkdə uğurlar arzulamış və Ermənistan-Azərbaycan müharibəsinin yaranma tarixi haqqında ona məlumat vermişdir.
Qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab A.Jakolən münaqişənin həllində Fransanın səylərindən bəhs etmiş və qeyd etmişdir ki, bu məsələnin həllində Fransanın heç bir regional marağı yoxdur.
Sonra general-polkovnik S.Əbiyev Ermənistanın işğalçı dövlət olduğunu, beynəlxalq hüquq normalarını pozduğunu və BMT Təhlükəsizlik Şurasının 4 Oətnaməsinin tələblərini yerinə yetirmədiyini onun diqqətinə çatdırmışdır.
Cənab A.Jakolən bu münaqişənin həllində Azərbaycan və Ermənistan Prezidentlərinin ardıcıl görüşlərini yüksək qiymətləndirmiş və bu görüşlərin davam etdirilməsini arzulamışdır.
Müdafiə naziri onun “Azərbaycanda bu münaqişənin həlli məsələsində müharibə əhval-ruhiyyəsi güclənirmi?” sualına cavab olaraq demişdir: “Xalqın dözümü sonsuz deyil. Bu vəziyyət ölkə rəhbərliyini qəti tədbirlər görməyə vadar edə bilər. Azərbaycan məsələnin dinc yolla, Lissabon Sammitinin tələbləri əsasında, özünün ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarıdır. Lakin Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqların azad olunması üçün Ali Baş Komandan cənab Heydər Əliyevin hər bir əmrini yerinə yetirməyə həmişə hazırdır. Buna görə də Ermənistan “qələbə” eyforiyasından əl çəkməlidir”.
Cənab A.Jakolən cavab olaraq bildirmişdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri, o cümlədən Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər iki tərəfə kömək edəcəkdir.
Görüşün sonunda general-polkovnik S.Əbiyev cənab A.Jakoləni yeni təyinatı münasibətilə bir daha təbrik etmiş və demişdir: “Bizim birlikdə göstərəcəyimiz fəaliyyətin əsas məqsədi regionda sülhə nail olmaqdır”.
Görüşdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şantal Puare iştirak etmişdir.
X X X
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 4-5-də Moskva şəhərində “Minalar və Müharibənin Partlayıcı qalıqları” mövzusunda konfrans, noyabrın 4-6-da Larissa şəhərində (Yunanıstan) NATO-nun Cənub Regional Komandanlığının SNT üzrə illik konfransı, noyabrın 4-dən 8-dək Oberammerqau şəhərində (AFR) NATO-nun Mülki Fövqəladə Planlaşdırması və Mülki-Hərbi Əməkdaşlığı üzrə tanışlıq kursu və noyabrın 4-dən 22-dək NATO-SNT Əməliyyat Qərargah zabitləri üçün kurs keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahı Qüvvələrinin nümayəndələri iştirak edirlər.