AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ İRANIN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İran Prezidentinin müşaviri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi Mostafavinin dəvəti ilə İranda səfərdə olan Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 23-də İran xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttarla görüşmüşdür.
Nümayəndə heyətimizi səmimiyyətlə salamlayan Ş.Əttar bildirmişdir ki, İran Azərbaycan ilə əlaqələrin hərtərəfli və sürətli inkişafına xüsusi əhəmiyyət verir. Bu baxımdan mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi xalqlarımızın ümumi maraqlarını tam əks etdirir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəniyyətimizin inkişafına və mədəni irsin qorunmasına, eləcə də müasir mədəni əlaqələrin qurulmasına göstərdiyi diqqət və qayğıdan danışan Ə.Vəliyev bildirmişdir ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ə.Vəliyev demişdir ki, Azərbaycan və İran xalqlarının mədəni əlaqələrinin tarixi qədimdir. Mədəni münasibətləri daha da inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur.
Görüşdə İranda və Azərbaycanda qarşılıqlı mədəniyyət həftələrinin, kinofestivalların, sərgilərin, muzeylər arasında təcrübə mübadiləsinin təşkili, birgə tarixi araşdırmaların aparılması və mədəni irsin qorunmasına dair geniş fikir mübadiləsi olmuşdur.
Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov görüşdə iştirak etmişdir.
İyulun 27-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyətimiz Təbriz, Məşhəd və Ərdəbil şəhərlərində də olacaqdır.