Azərbaycan nümayəndə heyəti Litvada beynəlxalq konfransda iştirak edəcəkdir
Bakı, 12 noyabr (AZƏRTAC). Noyabrın 13-14-də Vilnüs şəhərində “Mədəni irs və Aİ-2020 strategiyası - vahid yanaşmaya doğru” adlı beynəlxalq konfrans keçiriləcəkdir. Litva Respublikasının Avropa İttifaqı Şurasına prezidentliyi çərçivəsində təşkil olunan tədbirdə ölkəmiz mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaqdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mədəni irsin qorunması məsələlərinin şəhərsalma, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələri ilə əlaqəli şəkildə müzakirəsinin nəzərdə tutulduğu konfransda Avropa ölkələrinin təcrübəsi nümayiş olunacaq, alim, mütəxəssis və dövlət nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılacaqdır. Beynəlxalq konfransda Avropa İttifaqının, Avropa Şurasının yüksək vəzifəli şəxsləri ilə yanaşı, Avropa Şurasına üzv ölkələrin dövlət nümayəndələri, peşəkar irs mütəxəssisləri, milli, regional və yerli institutların təmsilçiləri iştirak edəcəklər.
İki gün davam edən tədbirin sonunda konfransın qətnaməsi qəbul olunacaq, həmçinin qonaqlar üçün UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş Vilnüs şəhərinin tarixi mərkəzinə səfər təşkil ediləcəkdir.