Azərbaycan nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda yaxından iştirak edib
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycandan mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti Sankt-Peterburqda keçirilən VII Beynəlxalq Mədəniyyət Forumunda iştirak edin.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin üzvləri forumun sessiyalarında, müxtəlif toplantılarda iştirak edib, işgüzar görüşlər keçirib, əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova forum çərçivəsində “Muzeylər və kolleksiyaların əlçatanlığı”, “Mədəniyyətə sərmayələr”, “Muzeylər və qanun”, “Mədəniyyətdə brendlər: şəxsi brenddən ölkənin təqdimatınadək” sessiyalarında iştirak edib. Şirin Məlikova, həmçinin forumda sənətkarlıq konqresinin iclasına qatılıb. Burada Azərbaycanın gələn il konqresdə iştirakı məsələsi müzakirə olunub.
Muzeyin direktoru Sankt-Peterburqdakı Rusiya Etnoqrafiya Muzeyinin direktoru ilə görüşdə 2019-2020-ci illər üzrə qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparıb. Qeyd edək ki, bu muzeylə Azərbaycan Xalça Muzeyi arasında əməkdaşlıq müqaviləsi var.
Moskva Biennalesinin direktoru ilə görüşdə isə Moskvanın bu məşhur sərgi meydançasında Azərbaycan Xalça Muzeyinin kolleksiyasından nümunələrin sərgisinin təşkili imkanları nəzərdən keçirilib.
Forum çərçivəsində, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) və İ.Repin adına Sankt-Peterburq Akademik Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədi ADRA-nın rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov və İ.Repin adına institutun rektoru, Rusiya Rəssamlıq Akademiyasının akademiki Semyon Mixaylovski imzalayıblar.
İmzalanma mərasimində Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets iştirak edib.
ADRA ilə İnstitut arasında əməkdaşlıq sazişi qarşılıqlı təcrübə mübadiləsi, tələbə mübadiləsi, birgə tədbirlərin keçirilməsi və digər məsələləri əhatə edir. Azərbaycan nümayəndə heyəti Repin adına institutu ziyarət edərək tədris ocağının fəaliyyəti ilə tanış olub.
Forumun müvafiq sessiyasında Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edib. Natiq rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycan musiqi sənəti muğam və aşıq sənəti üzərində təşəkkül tapıb və 2000-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Milli Konservatoriyasında bu istiqamətdə tədris, həmçinin tədqiqat işləri aparılır.
Vurğulanıb ki, qədim muğam sənəti Hindistandan İspaniyayadək geniş bir coğrafiyanı əhatə etməklə əsrlərboyu Azərbaycan sənətkarları tərəfindən yaşadılaraq inkişaf etdirilib. Eyni zamanda, Altaylardan Türkiyəyədək böyük coğrafiyada yayılan, ümumtürk mədəni irsinin mühüm qolu olan aşıq sənəti Azərbaycan mədəniyyətinin zəngin səhifəsini təşkil edir. Ölkəmizdə hər iki sənətin inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Azərbaycan muğam sənəti və aşıq sənətimiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Milli Konservatoriyanın rektoru həyata keçirdikləri beynəlxalq layihələr, Norveç, Yaponiya, Latın Amerikası ölkələri ilə birgə reallaşan musiqi layihələri, 2018-ci ilin iyulunda Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti - İSME-nin Bakıda keçirilən Dünya konfransı çərçivəsində təşkil olunan elmi sessiya barədə, eləcə də Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən “Milli musiqi alətlərinin təkmilləşməsi” laboratoriyası haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb. Argentina, Belarus, Qazaxıstan, Qırğızıstan və s. ölkələrdən təmsilçilər Milli Konservatoriyada təhsil almaq, distant təhsil imkanları ilə maraqlanıblar.
Azərbaycan nümayəndə heyəti Dövlət Ermitajı, Rus Muzeyi, Rusiya Etnoqrafiya Muzeyi, Mayakovski adına kitabxana, Sankt-Peterburqun digər tanınmış mədəniyyət məkanlarını ziyarət edib, Mariinski teatrında tamaşaya baxıblar.