AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI,AŞPA SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ İLHAM ƏLİYEVİN ÇIXIŞI
-Sağ olun hörmətli cənab sədr!
Xanımlar və cənablar! Mən istərdim ki, Cənub-Şərqi Avropa regionunda qeyri-sabitliyi törədən amillər haqqında danışım. Bu amillərdən biri 10 ildən də çox vaxt ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticəsi kimi, ərazilərimizin 20 faizi işğal olunmuşdur. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu gün miqrasiya haqqında müzakirələr zamanı həmin mövzu barədə dinləmələr olacaqdır. İstərdim deyim ki, bu, regionda qeyri-sabitliyin əsas amillərindən biridir. Eləcə də, buna görə region riskli hesab olunur. Regionda qarşıdurma mövcuddur. Azərbaycanın minlərlə kəndi və şəhəri dağıdılmışdır və bu gün elə halla üzləşmişik ki, Avropa Şurasının bir üzvü -Ermənistan, Avropa Şurasının digər üzvünün -Azərbaycanın ərazilərini işğal edibdir. Təəssüf ki, beynəlxalq birlik bu məsələyə öz qətiyyətli münasibətini bildirmir.
Çox müsbət bir haldır ki, Avropa Şurası Parlament Assambleyasının son sessiyası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını tanıyaraq, bu məsələyə önəm verdi. Qəbul edilmiş sənəddə Azərbaycanın işğal olunmuş əraziləri sadalanır. Biz Avropa Şurasının üzvü olduqdan sonra Azərbaycan nümayəndə heyəti buna iki il vaxt sərf etmişdir. Bu iki il müddətində Avropa Şurası Parlament Assambleyasının hər sessiyasında biz bu məsələni qaldırırıq, həmkarlarımızdan xahiş etmişik ki, bu məsələyə qarşı diqqətli olsunlar, daha fəal olsunlar və bu ədalətsiz məsələyə son qoyulsun. Avropa Şurasının Parlament Assambleyasına çox minnətdarıq ki, öz qətnaməsində işğalı açıqca pisləyir və faktları olduğu kimi göstərir.
Erməni lobbisinin Birləşmiş Ştatlarda, bəzi Avropa ölkələrində, Rusiyada nə qədər güclü olduğunu hamımız bilirik. Erməni lobbisi seçkilərdə fəallıq göstərir və seçilən siyasətçilər də bunu nəzərə almaq məcburiyyətindədirlər. Lakin bu təşkilatda əsas prinsip insan haqlarının qorunmasıdır, ədalətin yüksək tutulmasıdır. Ona görə də, elə düşünürəm ki, hər şey aydın göstərilməlidir: təcavüzkar kimdir, təcavüzün qurbanı kimdir. Avropa Şurasının Parlament Assambleyasına həm də ona görə dərin minnətdarlığımızı bildiririk ki, bu mövzunu araşdırmaqdan ötrü xüsusi məruzəçi təyin edibdir. O, məruzə hazırlayacaq və həmin məruzədə də Ermənistan-Azərbaycan münaqişəsi təhlil olunacaq və sonda müvafiq tövsiyələr veriləcəkdir. Bu gün biz iqtisadi əməkdaşlıq haqqında danışırıq, guya bu, daha təhlükəsiz və sabitlik gətirən amil olacaqdır. Mən sizə deyə bilərəm və biləsiniz ki, bu, Azərbaycanın rəsmi mövqeyidir və istərdim bunu bir daha təkrar edim: Ermənistan işğalçı ordusunu Azərbaycan ərazisindən tam çıxarmayanadək, Azərbaycan heç zaman Ermənistanla iqtisadi əməkdaşlığa başlamayacaqdır.
Bir mövzuya da toxunmaq istərdim. Bu yaxınlarda bizim əsgərlərdən biri -Azərbaycan ordusunun əsgəri erməni qoşunları tərəfindən yaralanmış, əsir götürülmüşdür və hazırda Ermənistanda zindandadır. Bu məsələ ilə Qırmızı Xaç təşkilatı məşğul olur. Amma təəssüf ki, indiyədək heç bir müsbət nəticəyə nail olmayıbdır. Mən istərdim ki, Avropa Şurasının Parlament Assambleyası öz nüfuzundan istifadə etsin ki, həmin əsgərin ailəsinə qayıtmasına kömək etsin. Çox sağ olun.
X X X