AZƏRBAYCAN OMBUDSMANININ BƏYANATLARI BMT-NİN İNSAN HÜQUQLARI ŞURASININ SESSİYASINDA YAYILMIŞDIR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, BMT-nin İnsan Hüquqları Şurasının VII sessiyası çərçivəsində BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi nümayəndəsi Valter Kalinin Azərbaycana 2007-ci ilin aprel ayında səfəri üzrə hesabatı dinlənilmişdir. Dinləmə zamanı müvəkkilin V.Kalinin hesabatına aid qeydləri və tövsiyələrini əhatə edən bəyanatına xüsusi diqqət yetirilmişdir.
Bundan əlavə, sessiya çərçivəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, inkişaf və sülh məsələləri üzrə yazılı bəyanatları iştirakçılar arasında yayılmışdır.
Qeyd edək ki, müvəkkilin bu bəyanatları artıq BMT-nin rəsmi sənədlər sistemində qeydiyyatdan keçirilmiş və qurumun rəsmi sənədləri kimi qəbul olunmuşdur.