Azərbaycan ozon təbəqəsinin qorunması sahəsində dünyanın aparıcı dövlətləri ilə bir sıradadır
Bakı, 16 sentyabr (AZƏRTAC). 16 sentyabr - Ozon Qatının Mühafizəsi Günüdür.
Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların Yer səthinə çatmasına mane olur. Ozon qatının dağılmasında antropogen faktorun rolu daha çox elmi dairələrdə təhlükə mənbəyi kimi müzakirə olunur. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində atmosferdə ozondağıdıcı maddələrin (ODM) miqdarı daha da artmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası dünyanın aparıcı dövlətləri sırasına qoşularaq ümumbəşəri ekoloji problem olan ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985), Monreal Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərinin ratifikasiya edilməsi haqqında Qanunu, 2012-ci ildə isə Monreal Protokolunun 25 illik yubileyində Pekin düzəlişini qəbul etmişdir.
Azərbaycan Respublikası ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl olaraq yerinə yetirməyə çalışır. Ölkəmiz bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir. 2008-ci ildə ozon qatının davamlı müşahidəsinin aparılması məqsədi ilə BMT-nin Ətraf Mühit Proqramına (UNEP), Qlobal Ətraf Mühit Fonduna (GEF) və Dünya Meteorologiya Təşkilatına ozonometrin alınması üçün layihəyə təklif verilmişdir.
“Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində ozon qatının qorunması sahəsində fəaliyyətlərin gücləndirilməsi” regional texniki layihə çərçivəsində Azərbaycan Ozon Mərkəzində ofis avadanlığı quraşdırılmış və lokal şəbəkə yaradılmışdır.
Layihə çərçivəsində fəaliyyətlər davam etdirilir.