Azərbaycan Premyer Liqasının XIX turunun oyunlarına hakim təyinatları açıqlanıb
Bakı, 11 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun oyunlarına hakim təyinatları açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura martın 12-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Keşlə” oyunu ilə start veriləcək. Rauf Cabbarovun idarə edəcəyi qarşılaşma saat 16:45-də start götürəcək.
Günün saat 19:00-da başlayacaq ikinci görüşünün - “Sabah” - “Qarabağ” matçının baş hakimi Fərid Hacıyev olacaq. Qarşılaşma “Bank Respublika Arena”da oynanılacaq.
Martın 13-də keçiriləcək iki qarşılaşma ilə turun oyunlarına yekun vurulacaq. İlk oyun Qəbələ şəhər stadionunda təşkil olunacaq. “Qəbələ” klubu “Zirə” komandasını qəbul edəcək. Saat 16:00-da start götürəcək görüşdə baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
Tura “Neftçi” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq. “Bakcell Arena”da keçiriləcək oyunu Rəşad Əhmədov idarə edəcək. Qarşılaşma saat 18:15-də start götürəcək.
Turun görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
On səkkiz turdan sonra turnir cədvəlinə 40 xalla “Qarabağ” klubu başçılıq edir. Otuz dörd xal toplayan “Zirə” ikinci, 32 xalı olan “Qəbələ isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Neftçi” (31), “Sabah” (23), “Keşlə” (15), “Sumqayıt” (13) və “Səbail” (11) klubları qərarlaşıblar.