Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GƏNCƏYƏ SƏFƏRİ
GƏNCƏ ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ

Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyi ilə Gəncə Şəhəri İcra Hakimiyyətində geniş müşavirə keçirilmişdir. Dövlətimizin başçısı müşavirəni giriş sözü ilə açdı.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GİRİŞ SÖZÜ

-Hörmətli xanımlar və cənablar!

Mən sizi səmimi qəlbdən salamlayıram və yenidən Gəncə şəhəri ilə, Gəncənin əhalisi, insanları, vətəndaşları ilə - sizinlə bu görüşlərimdən çox məmnun olduğumu bildirmək istəyirəm.

Mən bu gün saat 12-də təyyarə ilə Gəncə torpağına enmişəm, o vaxtdan indiyə qədər görüşlər keçiririk. Olimpiya İdman Kompleksinin açılışında birlikdə iştirak etdik. Sonra isə mən burada yerləşən hərbi hissədə iki saat oldum, hərbçilərlə görüşdüm.

Demək olar ki, bu görüşlər elə yetərli idi. Ancaq mən hesab etdim ki, sizinlə, yəni Gəncənin hakimiyyət orqanlarının başçıları, nümayəndələri, Gəncənin ziyalıları ilə, müxtəlif dövlət işlərində çalışan insanlarla bilavasitə görüşməsəm, bu, yetərli olmayacaqdır. Ona görə də üzr istəyirəm ki, axşam saat doqquzdur, bu vaxt mən sizinlə görüş keçirirəm. Bilirəm, yəqin bugünkü gün siz də yorulmusunuz. Amma mən yorulmamışam, kim yorulubsa, qoy mənimlə ayaqlaşsın.

Mən istəyirəm ki, bizim bu görüşümüz işgüzar şəraitdə keçsin. Biz idman kompleksinin açılışında geniş söhbət etdik, bir sözlə, mən öz fikirlərimi bildirdim. Ancaq indi isə Gəncənin bugünkü həyatının vəziyyəti, görülən işlər, tədbirlər, sizin problemləriniz - bunlar haqqında danışmaq istəyirəm.

Xatirimdədir ki, 2000-ci ildə mən burada, bu salonda sizinlə görüşmüşdüm. O vaxt gəncəlilər mənim qarşımda bir çox məsələlər qoymuşdular. Mən də bir çox göstərişlər vermişdim. Bizim nazirlər məlumat veriblər ki, göstərişlərimin böyük hissəsi yerinə yetirilib və Gəncədə bir çox tədbirlər həyata keçirilibdir. Buna görə də mən istəyirəm ki, birinci növbədə Gəncə şəhəri icra hakimiyyətinin başçısını dinləyim, o, məlumat versin. Ondan sonra iqtisadi inkişaf naziri Fərhad Əliyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Pirverdiyev, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri Məlikov və lazım olsa, başqaları da danışa bilərlər. Ancaq bu sahələr barədə mən bir neçə göstərişlər vermişdim. Düşünürəm ki, onlar həmin göstərişlərin yerinə yetirilməsi haqqında məlumat verməlidirlər. Amma eyni zamanda, indiki vəziyyət, bundan sonra hansı işlər görüləcəkdir - bu barədə məlumat verməlidirlər. Ona görə də mən birinci Gəncə şəhəri icra hakimiyyətinin başçısına söz verirəm.

X X X

GƏNCƏ ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI EYVAZ BABAYEVİN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli qonaqlar,

Xanımlar və cənablar,

Ötən əsrin təcrübəsi göstərdi ki, bütün dünyada sülhü, sabitliyi təmin etməyin, onu qoruyub saxlamağın bircə yolu var: demokratik cəmiyyət quruculuğu və islahatlar yolu. Bu yolun bütün ağırlığı, bir qayda olaraq dahi şəxsiyyətlərin, nəhəng və qüdrətli dövlət adamlarının, siyasi liderlərin çiyninə düşür. Mübaliğəsiz demək olar ki, belə şəxsiyyətlərin əsas missiyası, tarixi rolu məhz taleyüklü addımlar atmaq, xalqının xilaskarı olmaqdır. Hər bir ölkənin belə şəxsiyyətə daim ehtiyacı var. Böyük lideri olmayan xalqlar böyük də çətinliklər yaşamağa məhkum olurlar. Bu, təkcə irəlidə gedən mənasını daşıyan adi liderlik deyil, inamını itirmiş xalqa gözəl sabahı yalnız vətən məfkurəsini hər şeydən üstün tutan lider qaytara bilər. Azərbaycan xalqının tarixinə düşən belə xilaskar lider məhz Prezidentimiz Heydər Əliyevdir.

Möhtərəm cənab Prezident, gəncəlilər yaxşı bilirlər ki, Sizin mənalı həyatınızın böyük bir hissəsi qədim Gəncə torpağı, Nizami yurdu ilə bağlı olmuşdur. Gəncənin 1970-ci illərdən bu vaxta qədər olan inkişaf tarixi Sizin adınızla bağlıdır.

Möhtərəm cənab Prezident, Siz çox yaxşı bilirdiniz ki, müasir şəhərin qüdrəti birinci növbədə onun sənaye potensialından asılıdır. Ona görə də respublikamıza rəhbərlik etdiyiniz illərdə bilavasitə Sizin təşəbbüsünüz və nəzarətiniz altında şəhərdə sənayenin bir çox perspektivli sahələri yaranmışdır. Xalça kombinatının ikinci növbəsi, qənnadı fabriki, çini qablar zavodu, “Büllur” zavodu, taxıl məhsulları kombinatı, ət kombinatı, süd zavodu, əlvan metal emalı zavodu, 2 nömrəli şərab zavodu, çörək zavodu, Gəncə hava limanı, “Kəpəz” mehmanxanası, “Qızıl qaya” su kəməri, 40 min əhalisi olan Yeni Gəncə yaşayış massivi, alüminiumçular, Gülüstan qəsəbələri... Bunları saymaqla qurtaran deyildir. Möhtərəm Prezident, Allah Sizə ömür versin.

Möhtərəm cənab Prezident, Siz hələ o dövrdə şəhərin elminə, təhsilinə də xüsusi diqqət yetirirdiniz. Əvvəlcə filial kimi açılmış indiki Azərbaycan Texnologiya Universiteti Sizin təşəbbüsünüzlə müstəqil institut kimi fəaliyyətə başladı. Gəncədə elm mərkəzinin açılması isə şəhər üçün xüsusi əhəmiyyət kəsb edən bir hadisə idi. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının inkişafına da xüsusi diqqət yetirmisiniz. Sizin göstərişinizlə yeni tədris komplekslərinin yaradılması təmin olunmuşdur.

Möhtərəm cənab Prezident, 1980-ci illərin əvvəllərində Siz milli ruhun saxlanılması naminə, Gəncənin qədimliyini hifz etmək üçün keçmişdən qalmış binaların qorunmasını, abidələrin bərpasını tövsiyə etmişdiniz. Məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində şəhərin qədim küçə və abidələrini bu günə kimi qoruyub saxlamaq mümkün olmuşdur.

Hələ o illərdə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yaradıcılığına da xüsusi qayğı və diqqət yetirirdiniz. Belə ki, 1978-ci ildə Nizami Gəncəvinin yaradıcılıq irsinin daha geniş təbliği ilə bağlı qərar ilk növbədə Sizin şəxsi təşəbbüsünüzlə qəbul edilmişdir. Gəncənin mənəvi yüksəlişində bu qərarın müstəsna əhəmiyyəti olmuşdur. Məhz Sizin tövsiyələrinizə əməl olunaraq, Nizami Gəncəvinin məqbərə kompleksi yenidən qurulmuşdur. Bu il Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin abidəsinin açılışı da Nizami irsinə, Azərbaycana və möhtərəm cənab Prezident, Sizə, əvəzedilməz siyasi liderə olan münasibətin əyani təzahürüdür.

Gəncənin sosial-mənəvi mühitinin daim saf və sağlam olmasına xüsusi diqqət ayırmışdınız. Məhz həmin diqqətin nəticəsidir ki, 70-dən artıq təhsil, səhiyyə, mədəniyyət və idman obyekti meydana gəlmişdir.

Əfsuslar olsun ki, mənəvi tənəzzül və xəyanət mərhələsi kimi səciyyələndirilən 1988-1993-cü illərdə Azərbaycanın 1970-80-ci illərdə qurulmuş iqtisadiyyatı dağılmağa, mənəvi sərvətləri məhv olmağa, torpaqları satılmağa, düşmənə verilməyə başlandı. Azərbaycanın hər guşəsi, hər qarış torpağı Sizin üçün daim əziz və doğma olmuşdur. Vətən Sizin nəzərinizdə bütöv Azərbaycan deməkdir. Məhz bu bütövlüyün qorunması naminə, möhtərəm cənab Prezident, Siz öz həyatınızı odun-alovun içərisinə ataraq, 1993-cü ildə Gəncəyə xilaskar gəlişinizlə vaxtilə qədim şəhərimizin adını özünə qaytardığınız kimi, Gəncənin keçmişini, indisini və gələcəyini də bir daha xilas etdiniz. Gəncənin özünü özünə qaytardınız. Biz gəncəlilər heç vaxt bunu unutmamalıyıq. Yaddaşlarımızda əbədi saxlamalıyıq və gələcək nəsillərə çatdırmalıyıq ki, uzaq keçmiş olmayan 1993-cü ildə AXC-Müsavat cütlüyündən ibarət mənfur niyyət daşıyıcıları Gəncədə qardaş qırğını törədərək, ölkəmizi vətəndaş müharibəsi vəziyyətinə gətirdikləri zaman Gəncənin bütün əhalisi gözünü yalnız Naxçıvana dikdi və haray-həşir qoparan qaraguruhçuların törətdikləri “ölüm, yaxud olum” vəziyyətindən qurtuluş üçün yalnız Heydər Əliyevin ölkəmizə rəhbərlik etməsini tələb etdilər. O zaman yalançı bəylər Gəncənin düşmənə təslim olunmasını da istisna etmirdilər.

Gəncədə və ətraf rayonlarda siyasi şərait daha gərgin idi. İnsanlarda qorxu, inamsızlıq hissləri yaranmışdı. Gəncə təlaş içində idi.

Möhtərəm cənab Prezident, Sizin o zaman vəziyyəti yerində öyrənmək üçün Gəncəyə gəlişiniz gəncəlilər tərəfindən son dərəcə ciddi təhlükənin sovuşması kimi başa düşüldü. Sizin gücünüz və nüfuzunuz, bütün ölkədə olduğu kimi, Gəncədə də hamının inamını bərpa etdi.

Siyasi rəhbərliyə tarixi qayıdışınızdan sonra ölkəmizdə dövlətçilik baxımından mühüm tədbirlərin həyata keçirilməsinə başlanıldı. Bu gün dünyanın ən aparıcı beynəlxalq və regional təşkilatları - BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, EKO və GUÖAM və sair təşkilatların bərabər hüquqlu üzvü kimi Azərbaycanın yeri və rolu daha da güclənməkdə, nüfuzu daha da artmaqdadır.

Möhtərəm cənab Prezident, 2000-ci ilin may ayında Sizin Gəncəyə tarixi səfəriniz çox qısa zamanda şəhərimizin həyatında böyük canlanmaya, dəyişikliyə səbəb oldu. Şəhərin ictimai-siyasi və mədəni həyatında ab-hava dəyişdi. Səfərləriniz zamanı həyatımızın hər sahəsi üzrə özünüzə məxsus müdrikliklə verdiyiniz tövsiyələr və tapşırıqlar öz mənasına görə ardıcıl proqram xarakteri daşıyaraq, sosial-iqtisadi inkişafın optimal yollarının sistemli qaydada müəyyənləşdirilməsinə imkan verdi. Müstəqil respublikamızın Heydər Əliyevli şərəfli yolunun başlıca fundamental yekunu - yeni iqtisadi sistemin qurulması, istehsal-mülkiyyət münasibətlərində problemlərin tənzimlənməsidir. Cəsarətlə demək olar ki, Azərbaycanın inkişaf strategiyasının bir çox əsas problemləri üzrə cəmiyyətdə anlaşma əldə edilmiş, əhalinin bütün təbəqələrində dəqiq ifadə olunan mövqe formalaşmışdır.

Yeni iqtisadi sistem şəratində Sizin müasir bazar iqtisadiyyatı üzrə analitik bilgiləriniz qloballaşan dünya iqtisadiyyatına inteqrasiya etməyə imkan yaratmışdır. Sizin mütərəqqi rəhbər imiciniz, şəxsi nüfuzunuz beynəlxalq aləmdə xüsusi rəğbətə malikdir.

Möhtərəm cənab Prezident, xalqımıza Sizin yeni il təbrikinizdə deyildiyi kimi, uğurla aparılan xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənmişdir. 2002-ci il Azərbaycan üçün daha uğurlu il olacaqdır. Çünki, 2001-ci il ərzində Azərbaycanda bütün sahələrdə dəyərli nailiyyətlər əldə olunmuşdur. Doğrudan da, ölkəmizin iqtisadiyyatında sabitliyə doğru inkişaf meyllərinin artması Gəncənin də iqtisadi və sosial sahələrində özünü göstərmişdir. 2002-ci ilin 8 ayının yekunlarına görə, şəhər üzrə istehsalın artımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 115,9 faiz təşkil etmişdir.

HEYDƏR ƏLİYEV: Neçə faiz?

EYVAZ BABAYEV: 115,9 faiz.

HEYDƏR ƏLİYEV: Sənaye istehsalı?

EYVAZ BABAYEV: Bəli, sənaye istehsalı.

HEYDƏR ƏLİYEV: 8 ayda...

EYVAZ BABAYEV: Bəli, 8 ayda.

2002-ci ilin ötən ayları ərzində sənaye müəssisələri işçilərinin ümumi sayı keçən ilin müvafiq dövrünə nisbətən artmış və orta aylıq əmək haqqı 258 min manat, o cümlədən, iri və orta sənaye müəssisələri üzrə, ümumən, 270 min manat, müştərək müəssisələr üzrə isə 575 min manat olmuşdur. Ən yüksək orta aylıq əmək haqqı Gəncə Gil-torpaq Səhmdar Cəmiyyətində 349 min manat, Elektrik şəbəkəsində 550 min manat, 2 nömrəli şərab zavodunda 370 min manat, “Fatoğlu” birgə müəssisəsində 827 min manat olmuşdur.

Məlumdur ki, kiçik və orta sahibkarlıq sektoru iqtisadi sistemimizin tərkib hissəsidir. Ona görə də özəl mülkiyyət bazasında kiçik və orta sahibkarlığın inkişafı yalnız onun tənzimlənməsi və dəstəklənməsi şəraitində mümkündür. Gəncə şəhəri üzrə sərmayə yardımı almaq üçün 14 sahibkarın layihələri İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı və Dövlət Əmlakının İdarəedilməsi Departamentinə təqdim edilmişdir.

Möhtərəm cənab Prezident, Siz bu il aprelin 25-də və mayın 14-də ölkəmizdə sahibkarlığın inkişafına mane olan amilləri dəqiq müəyyənləşdirmək və tam aradan qaldırmaq məqsədi ilə yerli və xarici iş adamları ilə keçirdiyiniz görüşlərdə elə şərait yaratmışdınız ki, iş adamları ilə birbaşa təmasda olasınız. Ən başlıcası isə həmin görüşlərdə iştirakçıların fəallığı və sərbəstliyi tam təmin olunmuşdu. Bu da bənzəri olmayan idarəçilik üslubunun tətbiqindən xəbər verərək, iqtisadiyyatın inkişafı nəzəriyyəsinə yeni bir səhifənin - Heydər Əliyev səhifəsinin yazılması deməkdir.

Hazırda sahibkarlığın inkişafı ilə əlaqədar bir çox müəssisələr şəhər üzrə yüksək göstəricilər əldə edirlər. Gəncə şəhəri üzrə indiyədək, ümumən, 1002 müəssisə və obyekt özəlləşdirilmiş və səhmdar cəmiyyətlərə çevrilmişdir. Onların 869-u kiçik müəssisə və obyekt kimi əmək kollektivlərinə, 68-i qeyri-yaşayış sahəsi kimi fiziki və hüquqi şəxslərə verilmiş, 65 iri və orta müəssisə isə səhmdar cəmiyyətlərə çevrilmişdir.

Sənaye şəhəri olan Gəncənin yaxın gələcəkdə istehsal sahəsində iqtisadi inkişafı əsaslı şəkildə gerçəkləşəcəkdir. Nəhəng müəssisə olan Gil-torpaq Səhmdar Cəmiyyəti bu ilin iyul ayında istehsalı bərpa etmiş, və yaxın aylarda tam gücü ilə işləməklə, təkcə şəhərin yox, bütövlükdə, ölkəmizin iqtisadi potensialının artmasına imkan yaradacaqdır.

Cənab Prezident, 1970-1983-cü illərdə-Azərbaycanın intibahı dövründə Sizin təşəbbüsünüzlə respublikamızda sənaye sahələrinin inkişafına təkan verə biləcək avtomobil sənayesinin yaradılması zərurəti ilə özülü qoyulmuş Gəncə Avtomobil Zavodunun tikintisi sonrakı dövrdə, məlum səbəblər üzündən başa çatmamışdır. Sizin təşəbbüsünüzlə tikintisinə başlanmış həmin müəssisənin bu gün Sizin qətiyyətiniz sayəsində işinin davam etdirilməsi, bu layihənin həyata keçirilməsini tam reallaşdırmışdır. Bu da avtomobil sənayesinin inkişafına və eləcə də Gəncənin iqtisadi dircəlişinə səbəb olan əsas amillərdən biridir.

Möhtərəm Prezident, bütün sahələrlə bərabər, Gəncə sənayesinin inkişafına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, Gəncənin rabitə sistemində işimiz sahmana salınmışdır. Gəncə rabitəçiləri öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Bu gün Gəncədə telefon çəkilişi problemi, demək olar ki, yoxdur. Növbəlilik ləğv olunmuşdur.

HEYDƏR ƏLİYEV: Nə qədər adamda telefon var?

EYVAZ BABAYEV: Gəncə şəhərində praktik olaraq 300 min əhalinin yaşadığı mənzillərin əksəriyyəti telefonlaşdırılıbdır.

HEYDƏR ƏLİYEV: Yəni, telefona ehtiyac yoxdur...

EYVAZ BABAYEV: Növbə yoxdur.

HEYDƏR ƏLİYEV: Növbə yoxdur, hamının telefonu var. Yəni, kim istəyirsə, onun telefonu var.

EYVAZ BABAYEV: Hamının telefonu var.

Möhtərəm Prezident, ötən ildən də 6 rəqəmli telefon nömrələri tətbiq olunur.

HEYDƏR ƏLİYEV: Nə qədər adamda mobil telefon var?

EYVAZ BABAYEV: Gəncə şəhərində praktik olaraq, demək olar ki, bütün iş adamlarının mobil telefonu var. Elə ailə yoxdur ki, onun mobil telefonu olmasın.

HEYDƏR ƏLİYEV: Əksəriyyəti demirəm, neçə mobil telefon var?

EYVAZ BABAYEV: Möhtərəm Prezident, mən onun dəqiq sayını deyə bilmərəm.

HEYDƏR ƏLİYEV: Fərhad, Azərbaycanda əhalidə nə qədər mobil telefon var?

FƏRHAD ƏLİYEV /İqtisadi inkişaf naziri/: Əhalidə bir milyon mobil telefon var.

HEYDƏR ƏLİYEV: Bunun nə qədəri Gəncədədir?

FƏRHAD ƏLİYEV: Təxminən 90 mini Gəncədədir.

HEYDƏR ƏLİYEV: Sən düz deyirsən, ya belə, “havadan” deyirsən? Əgər sən belə cəsarətlə deyirsənsə, icra başçısı bunu niyə bilmir?

YERDƏN SƏS: Cənab Prezident, Gəncədə 100 minə qədər mobil telefon var.

HEYDƏR ƏLİYEV: Sən kimsən?

YERDƏN SƏS: Mən Gəncə telekommunikasiya idarəsinin rəisiyəm.

HEYDƏR ƏLİYEV: Nə qədər?

NƏRİMAN SALMANOV /Gəncə telekommunikasiya idarəsinin rəisi/: Gəncədə 100 minə qədər mobil telefondan istifadə olunur.

HEYDƏR ƏLİYEV: İstifadə edirlər, yaxşı.

EYVAZ BABAYEV: Hörmətli cənab Prezident, 2000-ci il may ayının 23-24-də Sizin Gəncə şəhərinə etdiyiniz tarixi səfər...

HEYDƏR ƏLİYEV: Bağışlayın, Gəncədə 100 min mobil telefon var. Əhaliniz 300 min nəfərdir. Elədir? Deməli, üç nəfərə bir mobil telefon düşür. Axı, ola bilməz ki, uşaqlarda da o qədər telefon olsun... Mobil telefondan istifadə edən adamlar, yəqin ki, uşaq deyillər, müəyyən yaşa çatan insanlardır. Demək, belə olan halda, bəzi adamlarda iki-üç telefon var. Görünür, belədir. Əgər 100 min mobil telefon varsa, əhaliniz də 300 min nəfərdir, tutaq ki, 310-315 min nəfərdir, - belə deyirlər, - belə olan halda, deməli, hamının mobil telefonu var. Elədirmi?

Hər halda, burada oturanların hamısının mobil telefonu var. Mobil telefonu olmayan, yəqin ki, yoxdur. Mobil telefonun olması əsas deyil, o, başqa şeyin göstəricisidir. Əsas odur ki, - sən dedin ki, telefon şəbəkəsindən istifadə edən 47 min abonent var, - insanlar telefonla təmin olunub, daha ehtiyac yoxdur. Bunlar çox yüksək göstəricidir, çünki bir neçə il bundan öncə telefon çəkdirmək üçün böyük növbələr vardı. Növbədənkənar telefon çəkdirmək üçün gərək bir az “hörmət” də edəydin. Onunsuz olmazdı. Amma indi “hörmət” gözləyən adamlar avara qalıblar. Çünki onlara nə üçün “hörmət” edilməlidir... Bu, çox yaxşı haldır.

EYVAZ BABAYEV: Hörmətli cənab Prezident, 2000-ci il mayın 23-24-də Gəncə şəhərinə etdiyiniz tarixi səfər zamanı müvafiq orqanlar qarşısında tapşırıqlar qoyduqdan sonra şəhərimizdə uzun illərdən bəri yığılıb qalmış ciddi problemlər - elektrik enerjisinə, qaza və suya olan tələbatı təmin etmək üçün əməli tədbirlər görülmüşdür. Əvvəllər Gəncə yarımstansiyası bir xəttdən enerji alırdısa, sizin göstərişinizdən sonra yarımstansiyada yenidənqurma işləri aparılmış, Mingəçevir-Ağdam və Yenikənd hava elektrik xəttləri inşa edilərək sistemə qoşulmuş, Gəncədəki yarımstansiyanın enerji götürmə imkanı artmışdır. Bu gün Gəncə şəhəri, bütün sənaye müəssisələrinin işləməsi nəzərə alınmaqla, üç qat çox enerji qəbul edib, istehalkçılara ötürmək imkanına malikdir.

Möhtərəm çənab Prezident, təkcə Gəncə şəhər sakinlərinin deyil, həm də respublikamızın qərb bölgəsində yaşayan əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına göstərdiyiniz əvəzsiz diqqətə və qayğıya görə gəncəlilər adından Sizə dərin minnətdarlığımı bildirirəm. 2000-ci ildə Gəncədə 57 min əvəzinə 7 min nəfər qazdan istifadə edə bilirdi. Sizin verdiyiniz tapşırıq və tövsiyələr nəticəsində bu gün şəhər əhalisinin 75 faizdən çoxu təbii qazla təmin edilmişdir.

HEYDƏR ƏLİYEV: 75 faizi?

EYVAZ BABAYEV: Bəli. Bu günə kimi 47 min abonent qazdan istifadə edir. Bizim tələbatımız 60 min abonent həcmindədir. Niyə 60 min deyirəm? Çünki...

HEYDƏR ƏLİYEV: 4-5 il bundan əvvəl Gəncəyə qaz gəlmirdi də... Elədirmi?

EYVAZ BABAYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Neçə ildir şəhərə qaz verilməsinə başlanıbdır?

EYVAZ BABAYEV: İki ildir, Sizin Gəncəyə gəlişinizdən sonra qaz verilməyə başlanıbdır.

HEYDƏR ƏLİYEV: 2000-ci ildən sonra.

EYVAZ BABAYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Deməli, iki il müddətində əhalinin 75 faizi qazla təmin olunubdur. Amma bilirsinizmi, aldığınız bu qazın pulunu vermirsiniz, axı. Müftə işlədirsiniz. Məlikov, Gəncədə işlədilən qaza nə qədər pul verirlər.

ƏLİXAN MƏLİKOV /“Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri/: Cənab Prezident, sonuncu iki ayda Gəncədə işlədilən qazın dəyərinin 75 faizi ödənilibdir.

HEYDƏR ƏLİYEV: 75 faiz yığılıbdır? Bu, yaxşıdır ki...

ƏLİXAN MƏLİKOV: Bəli, yaxşı göstəricidir. Belə saxlasalar yaxşı olar.

HEYDƏR ƏLİYEV: Əgər belə saxlasalar, yaxşı olar. Amma qazın qiyməti çox azdır. Elədirmi, yəni ucuzdur.

ƏLİXAN MƏLİKOV: Bəli, ucuzdur.

HEYDƏR ƏLİYEV: Qazı neçəyə satırsınız?

ƏLİXAN MƏLİKOV: Min kubmetrini 8 dollara satırıq.

HEYDƏR ƏLİYEV: Qazın min kubmetrini 52 dollara alırıq, 8 dollara satırıq. İndiyə qədər əhali qazın pulunu vermirdi, indi verməyə başlayıb. Hər min kubmetr qaza 8 dollar ödəyirlər. İndi görün, qalanını Azərbaycan dövləti, hökuməti haradan versin, nə təhər versin. Bunları bilmək lazımdır. Bunları, gərək, hamı bilsin. Eləcə də, elektrik enerjisi sahəsində də vəziyyət belədir.

EYVAZ BABAYEV: Şəhər əhalisinin daha çox istifadə etdiyi kommunal sahələrdən biri də su təchizatıdır. Şəhərin müxtəlif yerlərində inşa edilmiş bulaqlar, fəvvarələr təmir olunaraq, əhalinin istifadəsinə verilmişdir. Gəncə Gil-torpaq Səhmdar Cəmiyyətinin uzunmüddətli idarəçiliyə verilməsi ilə əlaqədar şəhər əhalisinin su təchizatı sahəsində bu müəssisədən asılılığını aradan qaldırmaq məqsədi ilə həmin ərazidə beş ədəd yeni artezian quyusu qazılıb istifadəyə verilibdir.

Möhtərəm Prezident, məlumat üçün bildirmək istəyirəm ki, Azərbaycanla Almaniya arasında maliyyə əməkdaşlığı çərçivəsində kommunal infrastrukturundan istifadə edərək, şəhər əhalisinin və digər istehlakçıların suya olan tələbatını ödəmək üçün su mənbələrinin aşkar edilməsi, su-kanalizasiya sisteminin və qurğularının yenidən qurulması üçün 10 milyon alman markası məbləğində vəsait alınması nəzərdə tutulmuşdur. Bu, su təchizatının və kanalizasiya sisteminin yendən qurulmasını təmin edəcəkdir.

Cənab Prezident, şəhərin təhsil, səhiyyə və mədəniyyət sahələrində də bir sıra məqsədyönlü işlər görülmüşdür. Respublikamızda aparılan təhsil islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsi, təhsil işçilərinin rifah halının yaxşılaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində, Zati-alinizin həyata keçirdiyi məqsədyönlü tədbirləri dərin razılıq hissi ilə qarşılayan Gəncə şəhərinin təhsil işçiləri onlara göstərilən əvəzsiz dövlət qayğısından ruhlanaraq, hər tərəfli biliyə malik, sağlam əqidəli, dövlət müstəqilliyimizin əbədiliyini və dönməzliyini yaşatmağa qadir olan gənclərin yetişdirilməsi uğrunda əzmlə çalışırlar. Gənclərin ideya-siyasi tərbiyəsini yüksəltmək, milli-mənəvi dəyərlərimizi, tariximizi, ana dilimizin saflığını, soykökümüzü, müstəqil respublikamızın dövlət rəmzlərini gənc nəsillərə mənimsətmək məqsədi ilə bütün ümumtəhsil məktəblərində həyat və fəaliyyəti örnək olan Heydər Əliyev muzeyi yaradılmışdır.

Respublika rəhbərliyinin müasir təhsilimizin inkişafına və onun beynəlxalq inteqrasiyasına yaratdığı geniş imkanlardan məqsədyönlü istifadə edərək, şəhər təhsil idarəsi, onun tabeliyində olan təhsil müəssisələri öz əlaqələrini daha da genişləndirməyə çalışırlar. Şəhərimizin 4 nömrəli orta məktəbi 2000-ci ildə YUNESKO-nun Məktəblər Assosiasiyasının üzvü seçilmişdir.

 

2001-2002-ci tədris ilində 600-dən çox bal toplayaraq, respublikamızın ali məktəblərinə qəbul olunanların 15 nəfəri Gəncə şəhəri məktəblərinin məzunlarıdır. Bu il 600-dən çox bal toplayaraq, ali məktəb tələbəsi adına layiq görülmüş 11 nömrəli orta məktəbin məzunu Teyrun Qəhrəmanov Sizinlə keçirilən görüşün iştirakçısı olmuş və yüksək təqaüdünüzə layiq görülmüşdür. Müstəqil Azərbaycan Respublikasının gələcək qurucuları olacaq sağlam əqidəli gənclər yetişdirən Gəncənin çoxminli təhsil işçiləri bu günün, sabahın və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmalarından sonsuz qürur və iftixar hissi keçirir, yubiley tədbirlərində, konfranslarda böyük mütəşəkkillik göstərərək, dövrümüzün avanqard partiyasına sədaqətlərini yekdilliklə nümayiş etdirirlər.

Gəncə üçün böyük el bayramı, arzuları gercəkləşdirən, reallığa çevirən, Sizin xüsusi qayğınız kimi qiymətləndirilən tədbirlərdən biri də, bu gün açılışında Sizin də iştirak etdiyiniz, beynəlxalq standartlara cavab verən Gəncə Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi olmuşdur. Sizə, xalqımızın əvəzsiz ümummilli liderinə, hər bir çağırışınıza hər an müntəzir olan gəncəlilər adından dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, yaxın gələcəkdə şəhərdə sosial sahələr üzrə bir neçə layihə həyata keçiriləcəkdir. Bu isə Sizin Gəncəyə olan diqqətinizin daha bir təzahürüdür. Şəhərin yaraşıqlı yerlərindən birində “Sos-Kinder” uşaq şəhərciyinin təməli qoyulmuşdur. Bu, şəhərcik uşaqların cəmiyyətə etibarlı uyğunlaşmasını təmin edən bir körpü olacaqdır. Ölkəmizin qərb bölgəsi üçün nəzərdə tutulmuş əlillərin reabilitasiyası mərkəzinin də tikintisinə başlanmışdır. Bu da Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində əlil olmuş vətəndaşlarımızın ictimai faydalı fəaliyyətə qaytarılmasına imkan verəcəkdir.

Son illər şəhər əhalisinin asudə vaxtını səmərəli təşkil etmək məqsədi ilə şəhər mədəniyyət idarəsinə, onun tabeçiliyində olan mədəni-maarif müəssisələrinə diqqət və qayğı artmışdır. Gəncəyə tarixi səfərinizdən ötən müddət ərzində 80 illik tarixi olan Gəncə Dövlət Dram Teatrı, Tarix-Diyarşünaslıq Muzeyi, N.Barataşvilinin ev-muzeyi, Uşaq Rəssamlıq Məktəbi təmir olunaraq yenidən istifadəyə verilmişdir. 500 min nüsxədən çox kitab fondu olan mərkəzi kitabxana sistemində kompüter mərkəzi yaradılmışdır.

Milli mədəniyyətimizin inkişafında göstərdikləri xidmətlərə görə Sizin sərəncamınızla Gəncənin mədəniyyət və incəsənət xadimlərindən Şahnaz Haşımovaya, Pərvanə Qurbanovaya respublikanın xalq artisti, Məmmədəli Balayevə, Əlican Əzizova respublikanın əməkdar artisti, Rafiq Atakişiyevə əməkdar mədəniyyət işçisi fəxri adları verilmişdir.

Ədəbiyyat, incəsənət, mədəniyyət sahəsində xidmətlərinə görə yazıçı-dramaturq Altay Məmmədov Prezident təqaüdünə, respublikanın xalq artistləri Ələddin Abbasov və Şahnaz Haşımova Azərbaycan Respublikası Prezidentinin 2002-ci il mükafatına layiq görülmüşlər. İstər fəxri adlara və mükafatlara layiq görülmüş incəsənət xadimləri ilə keçirilən görüşlərdə, istərsə də mədəniyyətimizlə bağlı bütün tədbirlərdə göstərilən bu əvəzsiz qayğı və diqqəti ölkə prezidentinin adı ilə bağladıqlarını ifadə edən tədbir iştirakçıları möhtərəm Prezident, Sizə, mədəniyyətimizin əvəzsiz qayğıkeşinə dərin minnətdarlıqlarını bildirmişlər.

Gəncənin böyük potensiala malik səhiyyə sistemi də Sizin bu sahəyə göstərdiyiniz diqqət və qayğı nəticəsində inkişaf etmiş, maddi-texniki bazası möhkəmlənmişdir. Uzun müddət baxımsızlıq nəticəsində bərbad vəziyyətə düşmüş rayonlararası ağ çiyər xəstəlikləri dispanserində, onkoloji dispanserdə əsaslı təmir işləri aparılmış, onlar müasir tibbi avadanlıq və inventarlarla təmin olunmuş, hər iki səhiyyə müəssisəsi müasir tələblərə cavab verən səviyyəyə çatdırılmışdır.

Yaranmış əlaqələr nəticəsində baza qadın məsləhətxanasına Yaponiya səfirliyi tərəfindən 100 min ABŞ dolları dəyərində tibbi avadanlıq və inventar gətirilmiş və həmin səhiyyə ocağı istifadəyə verilmişdir. Ana və uşaqların vaxtında qeydiyyata alınması, profilaktik tədbirlərin lazımi qaydada aparılması, müalicə-diaqnostik xidmətin keyfiyyətinin yüksəldilməsi nəticəsində ötən il uşaq ölümü xeyli azalmışdır. Əhalinin sağlamlığını qoruyub saxlamaq və möhkəmləndirmək məqsədi ilə 2000-ci ildən başlayaraq, şəhərdə hər il sağlamlıq aylığı, sanitariya-təmizlik və abadlıq aylığı keçirilmişdir.

Cənab Prezident, bu illər ərzində şəhər icra hakimiyyəti, Gəncə sakinləri mənəvi dayağa daha çox ehtiyacı olan məcburi köçkünlərə və qaçqınlara həssaslıqla yanaşmış, doğma yurd-yuva həsrəti ilə öz dədə-baba ocaqlarına qayıtmaq arzusu ilə Sizə arxalanan bu insanlara inam və təsəlli verməyə çalışmışıq. 8 min 114 ailə, yəni 32 min 233 nəfər Gəncəyə pənah gətirmişdi.

Məcburi köçkünlərin, erməni millətçilərinin apardıqları etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış soydaşlarımızın məskunlaşması probleminin həlli haqqında Sizin son Fərmanınıza uyğun olaraq 1997-ci ildən etibarən Gəncə şəhərində məskunlaşmamış 122 qaçqın ailəsindən artıq 27-si Aşağı Ağcakənddə yerləşdirilmişdir. Yeni məskunlaşdırılmış ailələrlə mütəmadi əlaqə saxlanılır. Əkin vaxtı bu ailələrin hər birinə 100 min manat pul ayrılmışdır.

Möhtərəm Prezident, məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılmasına dair 2002-ci il mayın 13-də imzaladığınız Sərəncam Gəncədə məskunlaşmış məcburi köçkünlər tərəfindən böyük minnətdarlıqla qarşılanmışdır. Şəhərdə məskunlaşmış 14 min 791 nəfər üçün həmin Sərəncama əsasən hər ay ayrılan 182 milyon manat məbləğində ərzaq yardımının məcburi köçkünlərə çatdırılması sahəsində təşkilatı işlər görülmüş və yardımın paylanması diqqət mərkəzində saxlanılmışdır.

Möhtərəm cənab Prezident, bütün respublikamızda olduğu kimi, qədim Gəncədə də görülən işlərin zirvəsində Sizin şəxsiyyətiniz qeyrət və hünər şöləsi saçaraq, qədirbilən gəncəlilərin idrak və təfəkkürünə yeni rövnəq verir. Bu rövnəq isə bizi dahi rəhbərimizin, müdrik şəxsiyyət, nüfuzlu və şöhrətli sərkərdəmiz olan cənab Heydər Əliyevin uğurlu siyasətinin həyata keçirilməsində xüsusi fəallığa və əzimkarlığa çağırır.

HEYDƏR ƏLİYEV: Bilirsən, bunları sən deyirsən, çox sağ ol, təşəkkür edirəm. Amma mən buraya bunları dinləmək üçün gəlməmişəm. Mən istəyirəm ki, daha çox problemlərdən danışaq. Yoxsa, bunu etmişik, o birini etmişik, möhtərəm Prezident, təşəkkür edirik, bunu da etmişik, sonra... İndi artıq 20 dəqiqədir ki, danışırsan, amma bilmirəm burada, Gəncədə hansı problemlər var.

EYVAZ BABAYEV: Möhtərəm Prezident, icazə verin deyim.

HEYDƏR ƏLİYEV: Yaxşı, sən buraya çatmaq üçün 20 dəqiqə vaxt itirdin. Axı, mən sizə dedim ki, istəyirəm bizim söhbətimiz işgüzar şəraitdə keçsin. Bunlara burada ehtiyac yoxdur, axı. Əgər sən işdən, işgüzar məsələlərdən başlasaydın, indi çox şey etmişdik. Yaxşı, kömək etmişəm, nə etmişəm, bunları qiymətləndirirsiz, çox sağ olun. Amma hər şeyi, bütün çıxışını bunların üstündə qurmaq düzgün deyil. Gəncədə problemlər var. Mən bunu bilirəm, eşitmişəm. Elə bu gün maşınla gələrkən baxdım məndə müəyyən qədər təəssürat yarandı. Ona görə mən gəlib bu gecə vaxtı , - mən səhər tezdən ayaq üstəyəm, bu işlərlə məşğulam, - sizinlə bu müşavirəni keçirirəm, bu görüşü keçirirəm. Bu müşavirəni ona görə keçirmirəm ki, burada hansısa tərifli sözlər dinləyim. Gəncədə bir çox problemlər var, mən onları həll etmək istəyirəm. Əgər yoxdursa, deyin ki, yoxdur. Onda mən sizə deyərəm ki, problemlər var. Yaxşı, danışmaq istəyirsənsə, danış.

EYVAZ BABAYEV: Bizim ən mühüm problemlərimiz elektrik enerjisi, qaz və su təchizatı məsələləri idi. Bu qlobal problemlər praktik olaraq həllini tapır. Ancaq bu gün ən öncül məsələlərdən biri işsizlik problemidir.

HEYDƏR ƏLİYEV: Nə?

EYVAZ BABAYEV: İşsizlik.

HEYDƏR ƏLİYEV: Elə bu, əsas problemdir. Bunu beşinci dərəcəli məsələ etmək olmaz. Bu, birinci dərəcəli problemdir. Bizim vəzifəmiz bütün vətəndaşlara onların bacarığına uyğun olaraq iş verməkdir. İndi işsizlik var. Bu, Gəncədə çoxdur. Bununla əlaqədar nə etmisiniz ki, bu işsizlik, işsizlərin sayı müəyyən qədər azalsın? Nə edəcəksiniz? Bunun üçün biz nə etməliyik, mən nə etməliyəm? Sən bunlardan danış. Mən sənə söz verəndə bunları eşitməyi gözləyirdim. Amma mən sənin sözünü kəsmək istəmədim. Nə qədər dözdüm ki, axır sən bu mövzuya gəlib çatasan. Mənim istədiyim mövzu budur, amma sən başqa yerdən danışmağa başlamısan. Mənim buna ehtiyacım yoxdur. Mənim istədiyim budur ki, görüm, bəli, Azərbaycanda, o cümlədən Gəncədə işsizlik var, yoxsa yox. Bunu aradan qaldırmaq üçün nə etmək lazımdır? Siz yerlərdə bu işi daha da yaxşı bilməlisiniz. Mən Prezident, dövlətin başında tək bir adamam. Amma hərə öz yerində bu işi, bu problemi yaxşı bilməlidir və həmin məsələləri həll etmək üçün bu barədə əməli tədbirlər təklif etməlidir. Mən sizdən bunu gözləyirəm.

EYVAZ BABAYEV: Möhtərəm Prezident, işsizliklə bağlı son ilyarım ərzində iki dəfə keçirdiyimiz əmək yarmarkasında 1560-a qədər insan işə cəlb olunubdur. Ancaq bu, problemin həlli deyildir. Gil-torpaq Səhmdar Cəmiyyəti uzun müddət işləmədiyi halda, nəhayət, fəaliyyətə başladı. Bu gün orada 3200 nəfərlik iş yeri var. Bu, respublikamızda iri müəssisələrdən biridir.

Bu müəssisənin işə düşməsi ilə bağlı infrastruktur inkişaf edir. Onun Gəncə şəhərindəki bir neçə müəssisə ilə qarşılıqlı əlaqəsi həmin müəssisələrin dirçəlişinə təkan verəcəkdir.

Ən ümdə məsələlərdən biri odur ki, biz İqtisadi İnkişaf Nazirliyi ilə birgə əsasən bütün iri təsərrüfatların hamısının kredit mexanizmini, onların perspektiv inkişaf planlarını, proqramlarını nəzərə almaq şərti ilə, biznes proqramı hazırlamışıq. 3 milyard manat məbləğində kredit mexanizmi praktik olaraq işlənir. Biz hər bir müəssisə haqqında onun bugünkü durumu və prespektiv imkanları barədə texniki tapşırıq hazırlayıb, müvafiq nazirliklərə təqdim etmişik. Xırda sahibkarlıqla bağlı 14 iri müəssisəyə kredit mexanizminin bütün maddələrini təmin edən təqdimatlar vermişik. Düzdür, keçən illə müqayisədə sahibkarlıqla məşğul olanların ümumi gəliri 8 faiz artıbdır. Ancaq iqtisadiyyatımızın əsas aparıcı qüvvəsi istehsalatdır. Möhtərəm Prezident, mən Sizi tam əmin edirəm ki, hər bir müəssisənin problemi barədə çox rasional səviyyədə texniki tapşırıqlar hazırlanıb və onun əsasında müvafiq nazirliklərlə iş aparmışıq. Demək olar ki, müəssislərimizin əksəriyyətinin potensial işləmək imkanı var. Ancaq müəssisələrimiz bazarın tələblərinə uyğun məhsul istehsal edə bilmədiklərinə görə tam gücü ilə işləyə bilmirlər. Bunun da başlıca səbəbi həmin müəssisələrdə texnika və texnologiyanın köhnə olmasıdır. Buna görə biz bazarla ayaqlaşa bilmirik. Ancaq qarşıdakı perspektivlər bizə nikbin olmaq üçün şərait yaradır. Sizin razılığınızla “Reno” firması ilə Gəncə Avtomobil zavodu arasında əlaqələr...

HEYDƏR ƏLİYEV: Onu bilirəm. Gil-torpaq Səhmdar Cəmiyyəti ilə sənin nə qədər məşğul olduğunu bilmirəm, amma mən səndən çox məşğul oluram. Bəli, burada vaxtı ilə Gil-torpaq Səhmdar Cəmiyyəti müxtəlif əllərə keçdi, onu da dağıtdılar və orada möhkəm mənimsəmələr də oldu. Mən iki il bundan qabaq bizim iqtisadi inkişaf nazirinə göstəriş vermişəm ki, həmin müəssisə dövlət müəssisəsi ola bilməz. Özbaşına səhmdar cəmiyyət də ola bilməyəcəkdir. Bir müddət vardı, siz deyirdiniz ki, guya orada adamlar işləyir. Amma işləmək nə idi. Orada ehtiyat boksit vardı, onu götürdülər. Orada alümin oksidi istehsal edirdilər, onu Tacikistana satırdılar, şəxsi mənfəət götürürdülər. Amma müəssisəni inkişaf etdirmirdilər. Ona görə də mən bu barədə dəfələrlə göstərişlər vermişəm. Məruzələr ediblər. Amma MDB-nin ayrı-ayrı bölgələrdən mafioz qruplar gəliblər, bu müəssisəni ələ keçirmək istəyiblər. Bunların qarşısı alınıbdır. İndi iqtisadi inkişaf nazirinin mənə verdiyi məlumata görə, - dünən mən buraya gəlməzdən əvvəl onu çağırmışdım, artıq burada Hollandiya şirkəti işləyir və sən də dedin ki, 30 milyon dollar kredit investisiya qoyublar, yoxsa, qoyacaqlar?

FƏRHAD ƏLİYEV: 30 milyon dollar investisiya qoyulubdur.

HEYDƏR ƏLİYEV: Bunun nəticələri olmalıdır. Yəni, demək istəyirəm ki, indi bu iş gedir. Allah eləsin ki, bu iş dayanmasın, davam etsin. Çünki əvvəllər də burada cürbəcür belə cəhdlər olmuşdur. Bu, mənə məlumdur. Sən indi bunu mənə bir də deyirsən. Mən bunu səndən yaxşı bilirəm. Sənə deyirəm ki, mənə məlum olmayan şeylərdən danış. Amma sən deyirsən ki, müəssisələrin hamısının işləmək potensialı var. Nə cür işləmək potensialı var? Dövlət müəssisəsi kimi bu işləyə bilməz. Müəssisə özəlləşdirilməlidir. Yaxud da, hər hansı investor varsa, ona icarəyyə, idarə etməyə verilməlidir.

Bunlar edilməlidir. Gil-torpaq Səhmdar Cəmiyyəti böyük müəssisədir. O, bizim də nəzarətimiz altındadır. Hamımız bir yerdə bu işləri görürük. Amma başqa müəssisələrlə bağlı siz nə edirsiniz? Bu iş nə qədər uzanacaqdır. Nə üçün sahibkarlıq sizdə az inkişaf edibdir? Yaxşı, bunları bir kənara qoyaq. Sizdə ticarət özəlləşdirilibmi?

EYVAZ BABAYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Mən bu gün şəhərin küçələrindən avtomobillə gedirdim. Bir dənə də olsun yaraşıqlı mağaza görmədim. Niyə?

EYVAZ BABAYEV: Möhtərəm Prezident...

HEYDƏR ƏLİYEV: Yox, sən Bakıda olmusan?

EYVAZ BABAYEV: Oluram.

HEYDƏR ƏLİYEV: Bakının küçələri ilə gedirsən, o mağazaları görürsən? Onların hamısı özəl mağazalardır, özü də hamısı böyük deyildir. Özəl kiçik mağazalar da var. Ancaq onlar nə səviyyədədir...Birincisi, onları gözəl təmir ediblər, müasir səviyyəyə gətirib çıxarıblar. Haradansa mal alırlar, satırlar, camaatın təlabatını ödəyirlər, şəhəri də gözəlləşdiriblər. Bütün bu cəhətlər məni sevindirir. Amma mən burada avtomobillə gedəndə o tərəfə-bu tərəfə baxıram, dediyim kimi, müasir tipli, vitrini, reklamı olan bir mağaza görmədim. Sizdə belə küçələr varsa, məni oraya aparın, o mağazaları göstərin.

Amma belə mağazalar mərkəzi küçələrdə olur. Çünki oralara alıcı çox gəlir. Bir şey görmədim. Niyə?

EYVAZ  BABAYEV: Başqa küçələrdə var.

HEYDƏR  ƏLİYEV: Yaxşı, onda onu mənə göstər. Dəmir yolu vağzalına gedən küçə, keçmiş Lenin prospekti - indi onun adı nədir?

EYVAZ  BABAYEV: Şah İsmayıl Xətai prospektidir.

HEYDƏR  ƏLİYEV: Bu Xətai prospekti ilə bir dəfə o tərəfə getmişəm, bir dəfə də bu tərəfə gəlmişəm. Bu günün səviyyəsində olan bir dənə mağaza görməmişəm. Düzdür, bir çox yerlərdə yazılıb “kürə çörəyi”. Mən belə başa düşdüm ki, Gəncədə kürə çörəyindən başqa bir şey yemirlər. Bir dənə mağaza görmədim. Niyə, nəyə görə? Sahibkarlar bunu bacarmır, göndərin Bakıda təcrübə keçsinlər. Ya da onlara imkan verilmir. Bəlkə onların qarşısı alınır, onlara imkan verilmir? Bilmirəm. Danış. Düzdür, mən sənə suallar verdim, vaxt da çox keçdi.

EYVAZ  BABAYEV: Möhtərəm Prezident, problemlərimizdən ən ümdəsini dedim. Mən bunlarla bağlı istəmədim Sizi narahat edəm, ancaq deməliyəm. Bildiyiniz kimi, şəhərimizdə çox gözəl təşəbbüs oldu və şəhər qazlaşdı. Ancaq vəziyyətimiz bir az çətin olduğuna, sifariş olmadığına görə bir il ərzində bu boyda şəhərdə asfalt zavodu işləmir.

HEYDƏR  ƏLİYEV: Niyə işləmir?

EYVAZ BABAYEV: Sifariş yoxdur.

HEYDƏR ƏLİYEV: Niyə yoxdur?

EYVAZ  BABAYEV: Büdcədən pul ayırmaları yoxdur.

HEYDƏR  ƏLİYEV: Niyə yoxdur?

EYVAZ  BABAYEV: Biz dotasiya ilə dolanan şəhər olduğumuza görə.

HEYDƏR  ƏLİYEV: Yaxşı, başqaları da dotasiya ilə işləyir. Bakıdan savayı, hamı dotasiyada işləyir. Dotasiyada işləyirsən, asfalt zavodun var, amma sənin şəhərinin küçələri nə vəziyyətdədir? Onları asfaltlamaq lazımdır, yoxsa yox?! Get, o qapını döy, bu qapını döy, bir cavab olmasa, Prezidentin yanına gəl. Çalış vəsait al, asfalt zavodunu işlət. Onda orada da adamlar işləyəcək, qazanc əldə edəcəklər. Asfaltı gətirib yolları düzəldəndə burada da adamlar işləyəcəklər və yollarınızı normal vəziyyətə salacaqsınız. Amma oturub gözləyirsən ki, dotasiyadayam, mənim vəsaitim yoxdur, nə olsun?

EYVAZ  BABAYEV: Möhtərəm Prezident, əsaslandırmışıq, müraciət etmişik.

HEYDƏR  ƏLİYEV: Azərbaycanda belə bir xalq sözü var: ağlamayana süd yoxdur. Danış. İndi qorxur ki, yenə bir söz desin, mən buna sual verim. Ona görə fikirləşir. Buyur, buyur.

EYVAZ  BABAYEV: Möhtərəm Prezident, mən problemlərlə Sizi yormaq istəmirəm.

HEYDƏR  ƏLİYEV: Yormaq istəmirsən, bəs, mən yorulmuram, buraya nədən ötrü gəlmişəm?! Mən bəyəm buraya istirahət etməyə gəlmişəm?! Mən bu sözləri qəbul etmirəm, bu, mənə aid deyildir. Sən Azərbaycanda, Gəncədə uzun illərdir yaşayırsan və o vaxtlar da yəqin məni tanıyırdın, indi də tanıyırsan. Bu, mənə aid deyildir.   

Məni yormaq istəmirsən, elə mənim peşəm yorulmaqdır. Əgər mən yorulmasam, bu işləri görə bilmərəm axı. Ona görə bu sözlərlə sən mənim bu suallarımın altından çıxa bilməyəcəksən. Əgər başqa sözün yoxdursa, gəl qurtaraq. Qurtaraq?

EYVAZ BABAYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Yaxşı, əyləş.

X X X

İQTİSADİ İNKİŞAF NAZİRİ FƏRHAD ƏLİYEVİN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Möhtərəm Prezidentimizin Gəncəyə bu növbəti səfəri ölkə rəhbərliyinin şəhərin sosial-iqtisadi inkişafına, şəhər əhalisinin maddi rifah halının yaxşılaşmasına yönəlmiş diqqət və qayğının əyani təzahürüdür. 2000-ci ilin may ayında Azərbaycan Prezidenti cənab Heydər Əliyev Gəncəyə səfəri zamanı şəhərin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi, mövcud problemlərin həlli ilə bağlı tapşırıqlar vermişdir.

Möhtərəm cənab Prezident, həmin tapşırıqların icrası ilə bağlı aşağıdakıları məruzə edirəm:

Gəncənin sosial-iqtisadi inkişafını təmin etmək məqsədi ilə elektrik təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Azərbaycan Prezidentinin 2001-ci il 31 mart tarixli Fərmanı ilə yaradılmış 25 rayon elektrik şəbəkəsindən ibarət “Gəncəelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti burada yerləşdirilmişdir və hazırda onun mərkəzi aparatında 106 işçi çalışır. Əgər 2000-ci ildə şəbəkənin işçiləri 12-14 aylıq əmək haqqını ala bilmirdilərsə, hazırda bu problem həll olunub və orta aylıq əmək haqqı 500 min manat təşkil edir. “Gəncəelektrikşəbəkə”nin əlverişli şərtlərlə idarəetməyə verilməsi məqsədi ilə müsabiqəyə yekun vurulmuş və onun qalibi ilə müqavilə imzalanmışdır. “Gəncəelektrikşəbəkə”ni idarəetməyə götürən şirkət həmin onun işinin yenidən qurulmasını təşkil etmək üçün 5 il ərzində 34 milyon ABŞ dolları həcmində sərmayə qoyacaqdır.

Bununla yanaşı, Gəncəyə verilən elektrik enerjisinin artırılması, eləcə də qaz təchizatının yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli işlər görülür və bu, bir çox problemlərin tamamilə həll olunmasına gətirib çıxaracaqdır.

Azərbaycan hökuməti ilə Almaniya hökuməti arasında maliyyə əməkdaşlığı haqqında imzalanmış sazişə əsasən, Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulması, veriləcək suyun həcminin artırılması və keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulur. Hazırda texniki-iqtisadi əsaslandırma işləri gedir və oktyabr ayında başa çatacaqdır. Layihəyə təxminən 8 milyon avro məbləğində vəsait qoyulması nəzərdə tutulur.

HEYDƏR ƏLİYEV: Dayan, bu Avropa Birliyinin hesabına olacaqdır, yoxsa?

FƏRHAD ƏLİYEV: Cənab Prezident, Almaniya bankının hesabına olacaqdır.

HEYDƏR ƏLİYEV: Yəni kredit kimi?

FƏRHAD ƏLİYEV: Bəli, kredit kimi 8 milyon avro həcmində.

HEYDƏR ƏLİYEV: Gəncədə su təchizatı necədir?

EYVAZ BABAYEV: Cənab Prezident, su təchizatı çətindir. İçməli suya ehtiyac var.

HEYDƏR ƏLİYEV: İçməli su çatır, ya çatmır?

EYVAZ BABAYEV: Çatmır.

HEYDƏR ƏLİYEV: Çatmır. Mən bu məsələni bilirəm. Amma səndən də soruşmaq istəyirdim. Ancaq sən bu məsələni heç qoymadın.

FƏRHAD ƏLİYEV: Hesablamalara görə, 2005-ci ildə şəhərə verilən içməli suyun miqdarı təxminən üç dəfə artırılacaqdır. Bununla yanaşı, Gəncənin su və kanalizasiya sistemlərinin yenidən qurulmasının güzəştli şərtlərlə maliyyələşdirilməsi sahəsində də işlər davam etməkdədir. Biz bununla əlaqədar Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edirik.

Özəlləşdirmənin sürətləndirlməsi, müəssisələrin fəaliyyətinin bərpa edilməsi, yeni iş yerlərinin açılması ilə bağlı verilmiş tapşırığın icrası məqsədi ilə şəhərin iqtisadiyyatı üçün əhəmiyyətli müəssisələrin inkişaf proqramı işlənilmiş və bir sıra müəssisələrə kreditlər ayrılmışdır. Cənab Prezident, Sizin verdiyiniz qərara əsasən, onların maliyyə durumunu sağlamlaşdırmaq məqsədi ilə dövlətə və dövlət müəssisələrinə olan borcları, vergi və məcburi ödəmələr üzrə yaranmış borclar silinmişdir. 2000-ci ilin may ayından indiyədək Gəncədə 199 müəssisə və obyekt özəlləşdirilmişdir. Bunlardan 174 müəssisə əmək kollektivi tərəfindən özəlləşdirilmiş, 21 orta və iri müəssisə səhmdar cəmiyyətinə çevrilmişdir.

Cənab Prezident, Siz tamamilə haqlı iraq tutdunuz, ki, Gəncədə böyük mağazalar yoxdur və bugünkü tələblərə cavab vermirlər. Bu, doğrudan da belədir. Düzdür, bəlkə yerli adamlar hesab edir ki, olan səviyyə qənaətedicidir. Mən də şəhəri gəzdim. Bir neçə mağaza var, ancaq deyərdim ki, bu, yetərli deyildir. Ümumiyyətlə, Gəncədə sovet vaxtından ticarətlə məşğul olan adamlar çox olubdur. Indi də bunun üçün imkan var, buna ehtiyac var. İmkanı isə yerli icra hakimiyyəti orqanı yaratmalıdır. Sizin verdiyiniz Fərmanlar bunlar üçün əlverişli şərait yaradır. Məncə, biz əl-ələ verib bu işi Gəncədə daha keyfiyyətli görə bilərik.

Azərbaycan Prezidentinin müvafiq qərarı ilə, Gəncə Gil-Torpaq İstehsalat Birliyi də daxil olmaqla, yaradılmış Azərbaycan Alüminium Səhmdar Cəmiyyətinin əlverişli şərtlərlə strateji investora idarəetməyə verilməsi üzrə işlər başa çatdırılmışdır. Müsabiqənin nəticəsinə əsasən, müəssisəyə böyük miqdarda, 30 milyon dollar həcmində sərmayə qoyulmuşdur. Bu iş yenə davam edəcəkdir. Növbəti üç il ərzində Gəncədə istehsal gücü 50 min ton olan yeni alüminium zavodunun inşası nəzərdə tutulur. Həmin şirkət bunu Gil-Torpaq İstehsalat Birliyinin yaxınlığında tikəcəkdir. Eyni zamanda, Sumqayıtda 30 min ton alüminium istehsalını bərpa edəcəkdir.

 

HEYDƏR ƏLİYEV: Sən dünən mənə məruzə edirdin ki, 50 min ton alüminium istehsalı zavodu Gəncədə tikiləcəkdir. Belədir?

FƏRHAD ƏLİYEV: Tamamilə doğru deyirsiniz.

HEYDƏR ƏLİYEV: Nə vaxt?

FƏRHAD ƏLİYEV: Həmin işə gələn il başlanacaq və 2005-ci ildə tam istifadəyə veriləcəkdir.

HEYDƏR ƏLİYEV: Bu, Gəncə üçün çox böyük hadisədir. Çünki bilirsiniz ki, biz gil-torpağın, təəssüf olsun, hamısını istifadə edə bilmirik. Keçmişdə, sovet hakimiyyəti dövründə biz Sumqayıtda nə qədər alüminium istehsal edirdik?

FƏRHAD ƏLİYEV: Cənab Prezident, ildə 30 min ton.

HEYDƏR ƏLİYEV: 30 min, ondan artıq olmayıb? Yox, artıq olubdur.

FƏRHAD ƏLİYEV: Lahiyənin gücü 55 min ton idi. Mənim məlumatıma görə, orada ən çox 33 min ton istehsal olubdur.

HEYDƏR ƏLİYEV: Ondan artıq olmayıbdır?

FƏRHAD ƏLİYEV: Xeyr, layihə gücü 55 min ton olubdur.

HEYDƏR ƏLİYEV: Amma indi Sumqayıtdakı zavod 30 min ton səviyyəsinə qaldırılır. Sən dünən mənə dedin, bu, nə vaxt olacaqdır?

FƏRHAD ƏLİYEV: Yanvar ayının sonuna qədər.

HEYDƏR ƏLİYEV: Demək, yanvar ayının sonuna qədər bu, təmin olunacaq, gil-torpaq oraya gedəcək və 30 min ton alüminium istehsal ediləcəkdir. Amma bu gil-torpaq zavodu çox geniş inkişaf etdiyinə görə, alınan gil-torpaqdan Azərbaycanın özündə alüminium istehsalı üçün biz yeni müəssisə yaratmaq fikrinə gəlmişik. Bunu Sumqayıtda da yaratmaq olardı. Nəzərə alsaq ki, orada alüminium zavodu çoxdan var. Amma mənə məruzə etdilər, biz qərar qəbul etdik ki, bunu Gəncədə yaradaq. Demək, Gəncədə yeni alüminium zavodu, özü də 50 min ton alüminium istehsal edə biləcək zavod tikiləcək. Bu, Gəncənin iqtisadiyyatı üçün böyük xeyir gətirəcəkdir. Bu da yalnız və yalnız Gəncədə istehsalın artmasına, iş yerlərinin açılmasına, işsizliyin azalmasına və eyni zamanda, bizim ümumi proqramımız var, yoxsulluğun ləğv olunmasına gətirib çıxaracaqdır. Ona görə bu barədə dünən səninlə danışırdım və sənin məruzəni dinlədim. İndi də sən Gəncənin rəhbər vəzifəli şəxsləri qarşısında çıxış edirsən və dediyin bu sözlərin hamısı həyata keçirilməlidir.

FƏRHAD ƏLİYEV:Cənab Prezident, aydındır. Bütövlükdə səhmdar cəmiyyətində 5 min nəfər işlə təmin olunacaqdır. Bununla yanaşı, həyata keçirilən tədbirlər nəticəsində Gəncə Şərab-2, Gəncə Əlvan Metal Emalı, Gəncə Qənnadı, Gəncə Pambıq-Əyirici səhmdar səmiyyətlərinin fəaliyyəti bərpa edilmişdir. İndi həmin müəssisələrdə 500 nəfərə yaxın işçi çalışır. Orta aylıq əmək haqqı 300-350 min manat təşkil edir. Bu göstəricilərin yaxın gələcəkdə xeyli artırılması üçün real imkan yaranmışdır. Eyni zamanda yaxın müddətdə müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə 18 milyard manat kredit ayrılması və bunun nəticəsində ilin sonuna qədər 1500-dək əlavə iş yerinin açılması planlaşdırılmışdır.

2003-2005-ci illər üçün dövlət investisiya proqramında tikintisi yarımçıq qalmış iki məktəbin, şəhid ailələri üçün yaşayış binasının, yeni otel binasının inşası nəzərdə tutulur.

HEYDƏR ƏLİYEV: Yeni otel.

FƏRHAD ƏLİYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Sən neçə ildir icra hakimiyyətinin başçısı işləyirsən?

EYVAZ BABAYEV: İki ildir.

HEYDƏR ƏLİYEV: Gəncədə rəhbər işdə neçə il işləmisən. Çini qablar zavodunun birinci direktoru sən idin, yoxsa, sonra idin?

EYVAZ BABAYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Mən 1970-ci ildə çini qablar zavodunun açılışını etmişəm.

EYVAZ BABAYEV: Mən onda gənc mütəxəssis kimi təzə gəlmişdim.

HEYDƏR ƏLİYEV: Gənc mütəxəssis idin?

EYVAZ BABAYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Demək, biz indi gənc mütəxəssislə görüşürük. Siz onda gənc mütəxəssis idinizsə, biz nə idik?! Yaxşı, əyləş. Bəlkə bu təkcə sənə aid deyil, amma gəncəlilərə aiddir. Vaxtilə Gəncədə mehmanxana yox idi. “Kəpəz” mehmanxanasını 1970-ci illərdə biz tikdik. Gözəl bir mehmanxana idi. O vaxt mən bir dəfə gəlmişdim, gedib onun içinə də baxdım, hamısını gördüm. Amma mənə deyirlər, indi o mehmanxana normal vəziyyətdə deyildir. Hər halda, gələn qonaqların çoxu oraya getmirlər. Hətta mənə deyirlər ki, Bakıdan buraya işə gələn adamlar çalışırlar ki, səhər tezdən çıxsınlar, gəlsinlər burda işlərini görsünlər, axşam qayıtsınlar. Çünki burada gecələməyə yer yoxdur. Bu yekəlikdə şəhərdə gecələməyə yer yoxdur. Mənə məlumat verirlər ki, mehmanxana da normal vəziyyətdə deyil. İndi dövlət yenidən mehmanxana tikə bilməz. Çünki dövlət artıq bununla məşğul olmur. Ancaq Gəncədə iş adamları, sahibkarlar, pullu adamlar öz şəhərinin şərəfini qoruyub saxlamaq üçün bir mehmanxana tikə bilmirlər?!

Məni bağışlayın, çox üzr istəyirəm, bu sözü deməliyəm, deyəcəm, ancaq bunu düzgün başa düşün. Vaxtilə “Kəpəz” mehmanxanasını burada tikdirəndə Naxçıvanda da elə bu boyda mehmanxana tikdirdik, ona “Təbriz” adı qoydum. 1990-cı ildə mən Naxçıvana gələndə ora çox pis vəziyyətdə idi. O vaxt biz ağır vəziyyətdə idik, müharibə vəziyyəti, filan, orada mehmanxananı düzəltmək mümkün deyildi. Bir balaca təmir etdik ki, gəlib gedənlər qalsınlar. Amma bu dəfə, avqust ayında getmişdim. Demək olar ki, o mehmanxana istifadə olunmur və indi onun bərpası üçün bəlkə də çox böyük vəsait lazımdır. Ancaq orada yerli iş adamları iki-üç ədəd kiçik, çox müasir tələblər səviyyəsində olan mehmanxanalar tikiblər. Mənimlə oraya gedən mətbuat nümayəndələrinin hamısı orada qalırdı. Hətta mənim köməkçim Dilarə xanım Seyidzadə də orada qalırdı. Elədirmi?

DİLARƏ SEYİDZADƏ \Prezidentin Katibliyinin rəisi\: Bəli.

HEYDƏR ƏLİYEV: Yaxşı idimi?

DİLARƏ SEYİDZADƏ: Çox gözəl idi.

HEYDƏR ƏLİYEV: Çox gözəl idi. Kiçikdir, böyük deyil.

DİLARƏ SEYİDZADƏ: Kiçikdir, ancaq çox gözəldir, müasirdir.

HEYDƏR ƏLİYEV: Çox müasir, yaxşı şəraitli.

 

Mən onu görmədim, avtomobil ilə keçəndə göstərdilər. Ancaq gedib içini görə bilmədim. Ancaq görmüşdülər, mənə dedilər. Bir deyil, üç dənə belə mehmanxana tikilibdir. Hamısı da özəldir. Naxçıvan blokadadadır, tikinti materialları yoxdur. Oraya bir şey aparmaq üçün - Şərifov bilir - ancaq İranın ərazisindən getməlisən, bəzən bizim avtomobilləri buraxırlar, bəzən də buraxmırlar. Elədirmi, başqa yerdən bir şey gəlmir.

ABİD ŞƏRİFOV \baş nazirin müavini\: Bəli, elədir.

HEYDƏR ƏLİYEV: Amma onlar bunu ediblər. Yaxşı, indi sizdə bir-iki nəfər iş adamı tapılmadımı ki, Gəncədə kiçik mehmanxana tiksin?

Mənə Fərhad Əliyev dünən deyir ki, iş adamlarının vasitəsilə burada 50 adamlıq kiçik mehmanxana tikdirməyə çalışacaqdır. Yəni hansısa iş adamlarını buna cəlb edəcək ki, onlar bunu tiksinlər. Amma siz bunu indiyə qədər edə bilərdiniz. Bunu niyə etməmisiniz, nə üçün belə passivlik göstərirsiniz? Axı niyə?

Bilirsiniz, Gəncədə vaxtilə zəngin adamlar da çox idi, başqa-başqa şeylər də var idi. İndi özəlləşdirmə getdi, sərbəstlik verilibdir, ticarət, nəqliyyat, hər bir şey sərbəstdir. Yəqin ki, iş adamlarına lazımi şərait yaratmaq lazımdır və bir az da kömək etmək lazımdır. İndi siz bunu etmədiniz, bizim iqtisadi inkişaf naziri gərək hansısa iş adamını tapsın, onu cəlb eləsin. İndi görək gələcəklər, yoxsa yox.

FƏRHAD ƏLİYEV: Bəli, gələcəklər. Sizin verdiyiniz bu fürsətdən istifadə edib Gəncənin buradakı fəallarına üzümü tutaraq, onların da imkanlarından istifadə etməyi xahiş edirəm. Biz xarici şirkət axtaracağıq və inanıram, tapacağıq.

HEYDƏR ƏLİYEV: Yaxşı, burada mehmanxana nə vaxt hazır olacaq?

FƏRHAD ƏLİYEV: Cənab Prezident, 2003-cü ilin sonuna qədər hazır olacaqdır.

HEYDƏR ƏLİYEV: Yaxşı. Bəlkə sizin iş adamları həvəsə gəlsin, birini də sizinkilər tiksinlər. Buyur.

FƏRHAD ƏLİYEV: Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən Böyük İpək yolunun bərpası layihəsi üzrə regionun, o cümlədən Gəncənin ətrafında yeni yolların çəkilməsi, habelə beynəlxalq neft və qaz kəmərlərinin inşası şəhərin işsizlik probleminin həllinə, inşaat materiallarının istehsalının genişlənməsinə müsbət təsir edəcəkdir.

Gəncədə sahibkarlığın inkişaf etdirilməsi, onlara informasiya və metodiki köməyin göstərilməsi üçün BMT-nin İnkişaf Proqramının yardımı ilə bu ilin iyun ayında qadın və ailə sahibkarlığına kömək mərkəzi yaradılmışdır. Bu mərkəzdə sahibkarlara məsləhət xidməti göstərilir. İnternet şəbəkəsindən pulsuz istifadə üçün şərait yaradılmışdır. Texniki əməkdaşlıq çərçivəsində Almaniyanın ÇTZ təşkilatının ekspertləri Gəncə Şüşə, Gəncə Asfalt, Gəncə Toxuculuq, Gəncə Çini Qablar səhmdar cəmiyyətlərində və Gəncə xalça kombinatında təhlil işləri apararaq, onların fəaliyyətinin bərpası ilə bağlı tövsiyələrini hazırlamış, habelə müvafiq məlumatları potensial sərmayədarlara göndərmişlər.

Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının, Fransanın, İsrailin Azərbaycandakı səfirləri müxtəlif vaxtlarda Gəncəyə səfər etmiş, bir sıra müəssisələrdə olmuş, şəhərin sosial-iqtisadi problemlərinin həllinə yardım imkanlarının araşdırılması məqsədi ilə öz ölkələrinin müvafiq qurumlarına məlumat göndərmişlər. Yoxsulluğun azaldılması və iqtisadi inkişafın təmin edilməsi proqramı çərçivəsində Gəncə şəhərində həyata keçiriləcək tədbirlər müəyyən edilmiş və həmin proqramda öz əksini tapmışdır.

Hörmətli müşavirə iştirakçıları!

Qeyd olunan nailiyyətlərlə yanaşı, Gəncənin sosial-iqtisadi inkişafı, müəssisələrin fəaliyyətinin bərpası, yeni iş yerlərinin açılması sahəsində hələ çox iş görməliyik. Bundan ötrü Gəncənin iş adamları bizimlə, İqtisadi İnkişaf Nazirliyi və dövlətin digər qurumları ilə daha yaxından, sıx əməkdaşlıq etməlidirlər. Biz o zaman Gəncənin real iqtisadi inkişafına və işsizlik probleminin həllinə nail ola bilərik.

Azərbaycan Prezidentinin sahibkarlarla keçirdiyi görüşlərin nəticəsi olaraq, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət proqramı, Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi və onun vəsaitlərinin istifadə qaydalarının təsdiq edilməsi, Sahibkarlar Şurasının yaradılması, lisenziya sisteminin təkmilləşdirilməsi, sahibkarlığa göstərilən dövlət himayəsinin artırılması, o cümlədən 250 milyard manat vəsaitin ayrılması, vergi növləri üzrə regionlar üçün xüsusi güzəştlərin nəzərdə tutulması ilə əlaqədar imzalanmış Fərmanlar ölkəmizin, həmçinin Gəncənin inkişafının sürətlənməsi üçün böyük imkanlar açmışdır. İş adamları bu imkanlardan daha geniş istifadə etməlidir ki, yaradılmış şəraitdən yararlana bilək. Bunun üçün çox əlverişli şərait yaranmışdır.

Möhtərəm cənab Prezident, görülən işlər, əldə olunan nailiyyətlər məhz Sizin Gəncə şəhərinin inkişafına göstərdiyiniz gündəlik qayğınızın nəticəsidir. Sizi əmin etmək istərdim ki, Gəncənin inkişafı ilə bağlı bundan sonra da əlimizdən gələni edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

“AZƏRENERJİ” SƏHMDAR CƏMİYYƏTİNİN PREZİDENTİ ETİBAR PİRVERDİYEVİN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Cənab Prezident, hazırda ölkə iqtisadiyyatının bütün sahələri kimi, energetika sahəsi də Sizin diqqət və qayğınız mərkəzindədir. Hələ sovetlər dövründə Mingəçevir şəhərində hər birinin gücü 300 MVt olan 8 ədəd enerji blokunun tikilib istifadəyə verilməsi məhz Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Bunun sayəsində indi Azərbaycan DRES-i ölkədə elektrik enerjisinin 60 faizini istehsal edir.

Cənab Prezident, Sizin gösərdiyiniz qayğı nəticəsində son illər gücü 112,5 MVt olan Yenikənd SES-in tikintisi başa çatdırılmışdır. Bir nömrəli Bakı İstilik-Elektrik Mərkəzinin tikintisi başa çatdırılmışdır, onun gücü 106 MVt-dir. Qaz-turubin qurğusu inşa edilərək istifadəyə verilmişdir. Yenikənd SES-də 37,5 MVt gücündə olan 4-cü aqreqat bu ilin sonuna qədər işə düşəcək, stansiyanın gücü 150 MVt-a çatacaqdır.

 

HEYDƏR ƏLİYEV: 4-cü aqreqat da Yenikənd Su Elektrik Stansiyasında işə düşəcək? Onun gücü nə qədər olacaq?

ETİBAR PİRVERDİYEV: Bəli, gücü 37,5 MVt olacaqdır.

HEYDƏR ƏLİYEV: İndiki 3 aqreqat normal işləyir?

ETİBAR PİRVERDİYEV: Cənab Prezident, bəli, normal, tam gücü ilə işləyir.

HEYDƏR ƏLİYEV: Demək, tam gücü ilə işləyir, enerji verir.

ETİBAR PİRVERDİYEV: 100 MVt-dan çox enerji alırıq.

HEYDƏR ƏLİYEV: Kürdə su var?

ETİBAR PİRVERDİYEV: Çox şükür ki, bu il yaxşıdır.

HEYDƏR ƏLİYEV: Demək, yaxşıdır. 4-cü aqreqat nə vaxt istismara veriləcək?

ETİBAR PİRVERDİYEV: İlin sonunadək verilməlidir.

HEYDƏR ƏLİYEV: Yaxşi, davam et.

ETİBAR PİRVERDİYEV: Hazırda Abşeron bölgəsini etibarlı təmin etmək məqsədi ilə Şimal DRES-də gücü 400 MVt olan buxar-qaz qurğusu istifadəyə verilmək ərəfəsindədir, orada son sınaq-quraşdırma işləri aparılır.

Möhtərəm Prezident, fürsətdən istifadə edərək, 2000-ci ildə Siz Gəncədə olan zaman, bu bölgənin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması ilə əlaqədar energetiklər qarşısında qoyduğunuz bir sıra vacib problemlərin həlli ilə bağlı aşağıdakıları məruzə etmək istəyirəm.

2000-ci ildə Gəncədə elektrik enerjisi təchizatında problemlər mövcud idi. Belə ki, bölgənin tələbatı 600 MVt-dan artıq olduğu halda, yalnız 400 MVt alırdı. Bunun səbəbi onda idi ki, bölgəyə elekrtik enerjisi 330 kilovoltluq 4-cü Mingəçevir xətti ilə verilirdi.

Cənab Prezident, Sizin proqram xarakterli tapşırıqlarınıza uyğun olaraq, 330 kilovoltluq Gəncə yardımçı stansiyasına 330 kilovoltluq 5-ci Mingəçevir hava xəttinin qoşulması ilə və görülən digər tədbirlər nəticəsində hazırda Gəncə bölgəsinə 800 MVt elektrik enerjisi verilməsinə nail olmuşuq. Qış aylarında Gəncə bölgəsinin tələbatı maksimum 600 MVt olduğu halda, biz 800 MVt-a çatdırmışıq.

HEYDƏR ƏLİYEV: Bölgə deyəndə sən nəyi nəzərdə tutursan?

ETİBAR PİRVERDİYEV: Mən Gəncə elektrik qovşağını nəzərdə tuturam. Bu qovşağa 10 rayon aiddir.

HEYDƏR ƏLİYEV: Bunlara 800 MVt lazımdır?

ETİBAR PİRVERDİYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Gəncə nə qədər alır?

ETİBAR PİRVERDİYEV: Gəncə özü 400 MVt-a qədər alır.

HEYDƏR ƏLİYEV: Görün nə qədər elektrik enerjisi istifadə edirsiniz. Hələ sənaye müəssələrinin bir hissəsi işləmir. Sizin üçün 400 MVt-ın nə olduğunu aydınlaşdırmaq istəyirəm.

Mən Yaponiyaya rəsmi səfərə gedəndən sonra biz Yaponiyadan çox müstəsna, güzəştli şərtlə kreditlər almışıq və o kreditlərlə Bakıda “Şimal” elektrik stansiyasını yenidən tikirik. Abid, kredit neçə milyon dollardır?

ABİD ŞƏRİFOV: Cənab Prezident, 210 milyon dollardır.

HEYDƏR ƏLİYEV: Demək, hamısına?

ABİD ŞƏRİFOV: Yox, qazsız 210 milyon dollardır.

HEYDƏR ƏLİYEV: Bəs qaz gələndə?

ABİD ŞƏRİFOV: Qaz gələndə isə 350-360 milyon dollar.

HEYDƏR ƏLİYEV: Başa düşün, biz 210 milyon dollar kredit almışıq. Bu, böyük hadisədir ki, Yaponiyadan krediti güzəştli şərtlərlə almışıq. Yəni 10 il heç bir şey vermirik.

ABİD ŞƏRİFOV: Cənab Prezident, Yaponiya hökuməti indiyədək heç bir ölkəyə bu cür şərtlərlə kredit verməyibdir. Siz Yaponiyaya getdiyiniz zaman aldığınız qədər kredit keçmiş sovet ölkələrinə indiyədək verilməyibdir.

HEYDƏR ƏLİYEV: Elədir.

Ümumi müddəti 40 ildir. On il heç bir qaytarma yoxdur. Ondan sonra 30 il hansı faizlə veriləcək?

ABİD ŞƏRİFOV: 0,75 faizlə.

HEYDƏR ƏLİYEV: İstəyirəm, sən biləsən, bütün gəncəlilər bilsinlər. Abid Şərifov dedi, biz bunu nə təhər aldıq və Yaponiya hökumətinin Azərbaycan dövlətinə xüsusi münasibətinin nəticəsidir. Bunu 1998-ci ildə mən oraya rəsmi səfərə gedən vaxt həll etdik. Bunun nəticəsində biz 400 MVt elektrik enerjisi alacağıq. Amma 400 MVt elektrik enerjisi təkcə Gəncəyə lazımdır. Başa düşürsünüz, 400 MVt nə deməkdir? Demək, 400 MVt elektrik enerjisi almaq üçün və Yaponiyanın texnologiyasından istifadə edərək, - çünki Mingəçevirdə olan bloklar, əlbəttə, o qədər elektrik enerjisi vermir. Onların hər biri 100 MVt gücündədir. Ancaq Yaponiya texnologiyasının yüksək keyfiyyəti ilə qurulan “Şimal” elektrik stansiyasından 400 MVt elektrik enerjisini daha da ucuz alacağıq. Başa düşürsünüz?

ETİBAR PİRVERDİYEV: Elədir, iki dəfə ucuz.

HEYDƏR ƏLİYEV: İki dəfə ucuz. Mən demək istədiyimi anladınmı?

ETİBAR PİRVERDİYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Demək, bunu bir Gəncə götürür. İndi görün, Gəncə sənaye müəssisələri tam işləmədən 400 MVt elektrik enerjisi alır. Sizə müqayisə üçün deyə bilərəm. Naxçıvan Muxtar Respublikasının əhalisi təxminən 400 minə yaxındır. Cəmi 100 MVt elektrik enerjisi ilə yaşayır. Onun bir hissəsi Türkiyədən gəlir, İranla Azərbaycan arasında vaxtilə Araz çayının üstündə elektrik stansiyası tikilibdir, 20 MVt da götürülür. Biz bir hissəsini də İrandan alırıq, amma onun əvəzinə biz İrana bu tərəfdən elektrik enerjisi veririk.

Beləliklə, biz üç mənbədən Naxçıvan üçün cəmi 100 MVt elektrik enerjisi toplaya bilirik. Onlar bu 100 MVt ilə yaşayırlar, anlayın. Elektrik enerjisini fasilə ilə, növbə ilə alırlar, blokada şəraitində yaşayırlar. Amma biz Gəncəyə 400 MVt, ondan 4 dəfə çox veririk. Əhalisi nəinki bərabərdir, Naxçıvan Muxtar Respublikasının əhalisi Gəncənin əhalisindən çoxdur. İndi görün, elektrik enerjisini istehsal etmək və bunu təmin etmək üçün dövlət nə qədər xərc çəkir. Əgər biz “Şimal” elektrik stansiyasını tikə bilməsəydik, təbiidir ki, biz 400 MVt elektrik enerjisini əldə edə bilməyəcəydik.

FƏRHAD ƏLİYEV: Cənab Prezident, üzr istəyirəm, Etibar Pirverdiyev dedi ki, Gəncənin tələbatı 400 MVt-dır. Amma Gəncənin tələbatı 200 MVt-dır.

HEYDƏR ƏLİYEV: Ay kişi, bəs sən 400 MVt deyirsən, məni bayaqdan bu məsələlərə cəlb etmisən. Niyə belə dedin?

ETİBAR PİRVERDİYEV: Cənab Prezident, yay vaxtında Gəncə şəhərinə 150-170 MVt enerji lazım olur. Qış mövsümündə tələbat axşam saat 18.00-dan 23.00-dək 400 MVt qədər qalxır.

HEYDƏR ƏLİYEV: Yay vaxtı belə olur, qış vaxtı belə olur. Sən gərək bizə bunun orta hesabını verəsən. Gəncə orta hesabla ayda nə qədər elektrik enerjisi istifadə edir?

FƏRHAD ƏLİYEV: Cənab Prezident, orta hesabla 220-250 MVt.

EYVAZ BABAYEV: Cənab Prezident, axşam saatlarında 400 MVT-a çatır.

HEYDƏR ƏLİYEV: Yaxşı, sən əyləş. Pirverdiyev yalan deyir. Burada vəziyyət yaratdı ki, biz məsələni düzgün təhlil etmədik. Ancaq 220 MVt olsun, bu, az deyildir. 220 MVt əldə etmək üçün biz nə qədər vəsait verdiyimizi sizə dedim. Sən bunun satışından nə qədər pul alırsan? Əgər düz bilirsənsə, de. Yox, bilmirsənsə, səhv buraxma.

ETİBAR PİRVERDİYEV: Gəncə şəhəri üzrə bu rəqəm 15 faizdən yuxarı deyildir.

HEYDƏR ƏLİYEV: 15 faiz?

ETİBAR PİRVERDİYEV: Bəli, keçən illə müqayisədə iki dəfə çoxalıbdır. İndi 15 faizdən yuxarıya qalxır.

HEYDƏR ƏLİYEV: Demək, qalanını dövlət verir. Amma bu, belə olmayacaq. Onu da bilməlisiniz. İndi elektrik şəbəkəsi yaradılıbdır. Yəqin ki, onlar burada elektrik enerjisinin haqqının yığımını artıracaqlar. Elədirmi?

ETİBAR PİRVERDİYEV: Elədir.

HEYDƏR ƏLİYEV: Daha nə demək istəyirsən?

ETİBAR PİRVERDİYEV: 2002-2003-cü ilərin payız-qış mövsümlərinə hazırlıq məqsədi ilə Gəncə yüksək gərginlikli elektrik şəbəkəsi tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Belə ki, 340 kilovoltluq hava xətlərində zədəli naqillər bərpa edilir, avadanlıqlarda əsaslı təmir işləri aparılır. Bu baxımdan 340 kilovoltluq Gəncə yardımçı stansiyasında 340 kilovoltluq 5-ci Mingəçevir hava xətti quraşdırılmış, 200 meqavolt amperlik transformatorun açarları və ayırıcları yeni tipliləri ilə əvəz edilmişdir. 340 kilovoltluq yardımçı stansiyada yeni kompressor stansiyası quraşdırılaraq işə salınmışdır. 110 kilovoltluq yardımçı stansiyalarda da açarlar təmir olunmuş, sınaqdan keçirilərək normal vəziyyətə gətirilmişdir.

Dəmiryolçuların yaşayış massivinin enerji təchizatının etibarlılığını artırmaq üçün 110 kilovoltluq yardımçı stansiyada 20 meqavolt amperlik transformator təmir edilib istismara verilmişdir. Şəhərin ayrı-ayrı hissələrində artıq yüklənmə nəticəsində keçən illərdə sıradan çıxmış 109 ədəd müxtəlif güclü transformator təmir olunmuşdur. Şəhərin müxtəlif ərazilərində 14 yeni transformator quraşdırılmışdır. 16 kilometr uzunluğunda 6-12 kilovoltluq hava xətləri çəkilmiş, 5,6 meqavolt amperlik transformator quraşdırılmışdır. İlin sonuna kimi Gəncədə 35 kilovoltluq yardımçı stansiyanın inşası nəzərdə tutulmuşdur.

Cənab Prezident, Sizin sərəncamınızla ayrilmiş vəsait hesabına elektrik stansiyalarında, elektrik verilişi xətlərində və yardımçı stansiyalarda görülməsi nəzərdə tutulan işlər içərisində 330 kilovoltluq Gəncə yardımçı stansiyasındakı mövcud 125 meqavolt amperlik transformatorun 200 meqavolt amperlik transformatorla əvəz olunması planlaşdırılır. Bu iş həllini tapandan sonra Gəncənin enerji təchizatı daha da yaxşılaşacaqdır.

Möhtərəm cənab Prezident, Azərbaycanın şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin səmərəsini artırmaq, onların inkişafı üçün sərmayələrin və yeni texnlolgiyaların cəlb edilməsinə şərait yaratmaq məqsədi ilə “Gəncəelektrikşəbəkə”, “Əli Bayramlıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətlərinin idarəetməyə verilməsi barədə imzaladığınız sərəncamdan irəli gələn bütün məsələlər vaxtında icra olunacaqdır.

Hörmətli Prezident, Sizin qarşımıza qoyduğunuz tapşırıqlar əsasında bundan sonra da görüləcək işlərimiz çoxdur. Bu işlərin görülməsində bizə göstərdiyiniz etimada görə Sizi əmin etmək istəyirəm ki, həmin vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bundan sonra da bütün imkanlarımızı səfərbər edəciyik. Diqqətinizə görə təşəkkür edirəm.

HEYDƏR ƏLİYEV: Mən sənə bir də sual verirəm, Gəncədə elektrik enerjisi problemi həll olunub?

ETİBAR PİRVERDİYEV: Cənab Prezident, yüksək gərginlikli elektrik verilişi xətləri vasitəsilə Gəncəyə və bu bölgəyə enerjinin ötürülməsi problemi həll olunmuşdur. Ancaq yerlərdə paylayıcı şəbəkələrdə, kiçik transformatorlarda müəyyən qüsurlar vardır, bu da payız-qış mövsümünə kimi öz həllini tapacaqdır.

HEYDƏR ƏLİYEV: Nə vaxt həllini tapacaq?

ETİBAR PİRVERDİYEV: Biz qış mövsümünə tam hazır olacağıq.

HEYDƏR ƏLİYEV: Onları qurtarın və gərək qış mövsümündə Gəncədə heç bir elektrik enerjisi problemi olmasın. Anladınmı?

ETİBAR PİRVERDİYEV: Bəli, Cənab Prezident.

X X X

“AZƏRİQAZ” SƏHMDAR CƏMİYYƏTİNİN SƏDRİ ƏLİXAN MƏLİKOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Gəncə şəhərində qaz təchizatının bərpasına 2000-ci ilin may ayından sonra, yəni cənab Prezident, Siz Gəncə şəhərində olduğunuz zaman keçirdiyiniz müşavirədən sonra başlanmışdır. 2000-ci ilin may ayına qədər Gəncə şəhərində qazla təmin edilən abonentlərin sayı 7 min təşkil edirdi.

Cənab Prezident, şəxsən Sizin tapşırığınızla 2000-ci ilin sonuna qədər “Azəriqaz” 10 min abonentə qazın verilməsi tapşırığını almışdı. Əlavə olaraq, “Azəriqaz” Səhmdar Cəmiyyəti 5 min abonentə 2000-ci ilin sonuna qədər qaz verilməsini öz öhdəsinə götürmüşdü və yekununa görə 17 min abonentə qazın verilməsi təmin olunmuşdur.

2001-ci ildə 17 min 200 abonentə, 2002-ci ilin 8 ayı ərzində 7 min 200 abonentə qaz verildi və beləliklə, Gəncə şəhərində bu gün 47 min 200 abonent qaz alır.

Bir məsələni də deyim ki, əgər 2000-ci ilin may ayında Gəncə şəhərinin qaz təsərrüfatı işçiləri 60 nəfər idisə, bu gün burada 210 nəfər çalışır.

Möhtərəm cənab Prezident, son illər əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təmin edilməsində çox böyük işlər görülmüşdür. Belə ki, Sizin göstərişinizlə və Milli Məclisin deputatı cənab İlham Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayından başlayaraq, “Azəriqaz” SC-yə qaz təminatı dayandırılmış bir çox rayonlara qaz verilməsi tapşırılmış və bu iş bugünkü günə kimi davam etdirilir. Bu müddətdə 30 rayon mərkəzinə qazın verilməsi təmin edilmişdir. Rayonlara qaz verilməsinin bərpası ilə əlaqədar, öz hesablarına məzuniyyətə buraxılmış 2 min işçimiz yenidən iş yerlərinə dəvət olunmuşdur.

Əgər biz 2000-ci ilin may ayına qədər Bakı və Sumqayıtdan əlavə, 17 rayona qaz verirdiksə, bu gün 47 rayona qaz verilir. Nəticədə, qaz təchizatının bərpası elektrik enerjisinə qənaətlə yanaşı, ekoloji cəhətdən də müsbət təsir göstərmiş, meşələrin qırılmasının qarşısı alınmışdır.

Möhtərəm cənab Prezident, respublikamızda ilk dəfə olaraq, qaz kəmərlərinin təmirində məhz Gəncə şəhərində polietilen borulardan istifadə olunmuşdur. Belə ki, Türkiyədə istehsal edilmiş və dünya təcrübəsində özünə geniş yer tutmuş polietilen borular Gəncə şəhərinin aliminiumçular qəsəbəsində tətbiq olunmuş, iki min abonentin qaz təçhizatı bərpa edilmişdir.

Polietilen boruların polad borulardan texnoloji baxımdan bir sıra üstünlükləri var. Bu boruların istismar müddəti polad borulardan iki dəfə çoxdur. Polietilen katod mühafizəsi tələb etmir və bu baxımdan əlavə xidmətə ehtiyac yoxdur. Polad borulardan fərqli olaraq, bu boruların izolyasiyası tələb olunmur, quraşdırılması çox sadədir. Ən əsası isə, polietilen borular zəlzələyə daha dözümlüdür. Respublikada ilk dəfə bu texnologiyanı Gəncə şəhərində tətbiq etmişik.

HEYDƏR ƏLİYEV: Bir az da genişləndirin.

ƏLİXAN MƏLİKOV: Cənab Prezident, Sizin xeyir-duanız olarsa, biz bunu gələcəkdə də genişləndirərik. Məqsədəuyğun olarsa, bu boruların respublikamızda da istehsalına başlaya bilərik.

HEYDƏR ƏLİYEV: Azərbaycanda polietilen var?

ƏLİXAN MƏLİKOV: Bəli, cənab Prezident.

HEYDƏR ƏLİYEV: İstehsal etmək olar, ona görə də bu barədə düşünün. İqtisadi inkişaf naziri düşünsün.

ƏLİXAN MƏLİKOV: Möhtərəm cənab Prezident, Gəncə şəhərində təmir işləri hələ davam etdirilir və qaz verilməyən təxminən 12 min abonent qalır. Dekabr ayınadək 60 minə qədər abonentin qazla təmin edilməsi “Azəriqaz” SC tərəfindən tam yerinə yetiriləcəkdir.

X X X

Dövlətimizin başçısı müşavirədə yekun nitqi söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YEKUN NİTQİ

-Mən bu gün görüşümüzün əvvəlində sizə bildirdim ki, bunu nə məqsədlə keçirirəm. Bir daha qeyd etmək istəyirəm ki, məqsədim Gəncənin problemləri ilə yaxından tanış olmaq və Gəncənin sosial-iqtisadi həyatında lazım olan əlavə tədbirlərin görülməsi üçün məlumat almaqdır. Mən hesab edirəm ki, burada biz çox geniş söhbət apardıq. Sizə də artıq məlum oldu ki, 2002-ci ildən sonra, yəni mən o vaxt Gəncədə olub konkret göstərişlər verdiyim vaxtdan sonra nə işlər görülüb və nə nəticələr əldə olunubdur. Hesab edirəm ki, çox iş görülübdür. Düzü, bu qədər təsəvvür etmirdim. Məndə fikir var idi ki, o qədər də çox iş görülməyəcəkdir. Etiraf etmək lazımdır ki, həm elektrik, qaz təchizatı ilə əlaqədar, həm də ki, Gəncədə müəssisələrin canlandırılması, işə salınması, əlavə iş yerlərinin açılması ilə əlaqədar çox iş görülübdür. Bu haqda geniş məlumatlar verildi və mən təkrar etmək istəmirəm. Hər halda, görülən işləri mən müsbət qiymətləndirirəm, ancaq eyni zamanda, hesab edirəm ki, daha da çox iş görmək mümkün olardı. Əgər birinci növbədə Gəncənin icra hakimiyyəti və onun başçısı daha da təşəbbüskar olsaydı, müvafiq respublika təşkilatları qarşısında məsələləri ciddi qoysaydı daha çox nailiyyətlər əldə etmək olardı. Təəssüf ki, bu olmayıbdır.

Ancaq bugünkü məlumatlar mənə əsas verir deyim ki, yaxın vaxtlarda Gəncənin həyatında xeyli dəyişikliklər olacaqdır. İqtisadi inkişaf naziri Fərhad Əliyev burada bugünkü proqram haqqında məlumat verdi. Mən dünən onu bu məsələ ilə bağlı xüsusi dəvət etmişdim, dinlədim və bu məlumatlar mənə verildi.

Mən onu burada sizin yanınızda da dinlədim ki, siz də biləsiniz. Ancaq hələ bunlar niyyətlərdir, təkliflərdir, bəzi hazırlıqlardır. Bunları həyata keçirmək lazımdır. Bunların həyata keçirilməsinin də bir yolu var. Özəlləşdirməni ardıcıl surətdə aparmaq, özəl sektorun inkişafına yardım etmək, iş adamlarına kömək etmək və özəl sektorun iş adamlarını sahibkarların vasitəsi ilə bu məsələlərin əksəriyyətini həll etmək lazımdır. Düşünürəm ki, deməyə əlavə söz yoxdur.

Elektrik enerjisi barəsində Pirverdiyevin məlumatını mən nəzərə alıram. Gördüyünüz kimi o da bəyan etdi ki, bütün məsələlər həll olunacaqdır. Qaz da 60 min abonentə çatdırılacaqdır. Bunun özü çox böyük bir hadisədir. 60 min abonent, 60 min ailə, - bilmirəm icra hakimiyyətində məlumat varmı, Gəncədə nə qədər ailə var?

EYVAZ BABAYEV: 60-62 min ailə var.

HEYDƏR ƏLİYEV: Cəmisi?

EYVAZ BABAYEV: Bəli.

HEYDƏR ƏLİYEV: İndi hamısı qaz alacaqdır?

EYVAZ BABAYEV: Bəli.

HEYDƏR ƏLİYEV: Çox gözəl. Qazı biz Rusiyadan alırıq. Bizim öz qazımız çatmır. Qazın alınması üçün biz nə qədər pullar xərcləyirik. 52 dollara alırıq, 8 dollara satırıq. Deməli, qalanını dövlət ödəməlidir. Elektrik enerjisinin haqqının cəmi 15 faizi ödənilir. Amma bunu elektrik enerjisinin istehsalına çəkilən məsrəflərlə müqayisə etsən, heç müqayisəyə gələn bir şey deyildir. Demək, belə çixir ki , biz Azərbaycanın əhalisinə elektrik enerjisini müftə veririk.

Ancaq bu da belə davam edə bilməz. Bakının elektrik şəbəkəsi Türkiyənin “ Barmek” şirkətinə idarəetməyə verilibdir. Onlar artıq ciddi addımlar atıblar və get-gedə əhalidən elektrik enerjisinin haqqını yığmağa nail olublar. Gəncədə də belə şəbəkə yaranıbdır. Güman edirəm ki, o da bu yolla gedəcəkdir. Bilirsiniz, biz hələ ki, bunlara dözürük. Ancaq təsəvvür edin, heç bir dövlət buna dözməz. Heç bir Avropa dövlətində, - o yerlərdə ki, əhali çox yaxşı yaşayır, yaxşı gəlirləri var, - bir ailəyə pulsuz nə elektrik enerjisi, nə də qaz verərlər. Bizim qonşu Türkiyəni götürün, orada əgər bir nəfər, bir ailə elektrik enerjisinin haqqını verməyibsə, kəsirlər, qurtardı getdi. Nə edirsən et, öz işindir. Elektrik enerjisi almaq istəyirsənsə, haqqını ver. Vermirsən sənə elektrik enerjisi verilmir. Çünki bazar iqtisadiyyatıdır, hamısı özəl sektordadır. Amma biz hələ ki, bütün bunların hamısını təkcə Gəncə üçün deyil, bütün Azərbaycan üçün dövlətin üzərinə götürmüşük. Bir yerdə də elektrik enerjisi çatışmayanda, oradan-buradan səs-küy qaldırırlar.

Sosial problemlər həll olunmalıdır. İndi təsəvvür edin, 5-6 il əvvəl vəziyyət necə idi, indi vəziyyət necədir?

Bunlar bir gündə, bir ildə həll olunmur. Amma biz bunu ardıcıl surətdə həll edirik və nəticələrini də siz görürsünüz. Ancaq bir halda ki, biz bazar iqtisadiyyatına gedirik, deməli, bazar iqtisadiyyatının bütün tələblərini yerinə yetirməliyik. Ona görə, sizə müraciət edirəm: elektrik enerjisinə qənaət edin!

Azərbaycanda, ümumiyyətlə, keçmiş Sovetlər Birliyində elektrik enerjisinə qənaət yox idi. Mən Moskvada işləyəndə, Kremldə biz bu məsələləri SSRİ üzrə müzakirə edirdik. O vaxt da bu problemlər var idi. Lakin bu dərəcədə deyildi. Müqayisə edirdik Avropa ölkələri ilə. Məsələn, birinin 5 otağı var. Amma o hansı otaqda oturursa, həmin otağın işığını yandırır. 5 otaqdan 3-də onun televizoru var idi. Hansında televizora baxırsa, onu işlədirdi, qalanları işlətmirdi. Amma bizdə necədir? Bizdə bütün otaqlarda elektrik enerjisi işlənir və kimin 2-3 televizoru varsa, hamısı işləyir. Buna əlavə et soyuducuları, paltaryuyan maşınları, tozsoranları və qış vaxtı üçün istifadə olunan elektrik pilətələri. Axı, buna hansı elektrik xətti dözə bilər? Başa düşün, dözə bilməz!

Ona görə mən sizinlə açıq danışıram. Bu sözləri təkcə sizə yox, bütün Azərbaycan vətəndaşlarına deyirəm. Biz elektrik enerjisi istehsalını artırırıq və artıracağıq. Onların əhaliyə çatması üçün bütün şəbəkələri işə salırıq və salacağıq. Ancaq siz isə, vətəndaşlar, elektrik enerjisinə qənaət edin. Bilin ki, bunların hamısı dövlətin xəzinəsindən gedir və bizim dövlətimiz hələ o qədər də zəngin deyildir. Bizim hələ çox problemlərimiz var ki, vəsait ayıra bilmirik.

Məsələn, icra hakimiyyəti başçısı deyir ki, asfalt zavodu işləmir. Niyə? Vəsait yoxdur. Başa düşürəm, vəsait yoxdur. Amma əgər elektrik enerjisindən gözlənilən gəliri götürsək, qazın istifadəsindən gözlənilən gəliri götürsək, Azərbaycanın nə qədər çox vəsaiti olar! Onda asfalt zavodu da işləyər, başqa tələbatlar da ödənilər.

Bu məsələləri həll etdik və Fərhad Əliyevin məruzəsini də nəzərə alıram. Ancaq bir şeyi düşünürəm ki, təkcə bunlarla gərək iş tamamlanmasın, görünür, Gəncəyə əlavə yardımlar da edilməlidir.

Bu gün mən avtomobildə şəhərin küçələri ilə gedərkən, diqqət yetirdim. İnciməyin, mən hər şeyi açıq deyəcəyəm. İki il öncə şəhər bundan yaxşı vəziyyətdə idi. Küçələr bundan yaxşı vəziyətdə idi. Mən gördüyümü deyirəm. Bəlkə başqa yerlər var ki, mən görməmişəm, bundan yaxşı vəziyyətdədir. Niyə belədir? Nə üçün? Mən Xətai prospekti ilə gedirdim. Bu prospektin səkiləri dağılıb, bəzi yerlərdə səkilərin kənarında ot əkilib, amma quruyub-saralıb, baxan yoxdur. Küçələrdə abadlıq yoxdur. Bunun üçün vəsait lazım deyil ki? Bizdə iməcilik məsələsi var, sizdə varmı? Hər adam öz evinin qarşısında təmizlik yaratsın. Həmin o Xətai prospektində müəssisələr var, onlar öz binalarının qarşısını abadlaşdırsınlar. Amma abadlıqdan əlamət yoxdur. Hər şey dağılıbdır.

Gəlin Bakıya baxın. Biz ona o qədər əlavə pul vermirik. Təkcə Bakı deyil, Azərbaycanda bir neçə belə şəhər var.

Əlavə pul verilmir. Amma müəssisələrin imkanlarından istifadə edərək, əhalinin imkanlarından istifadə edərək, başqa vasitələrdən istifadə edərək küçələri qaydaya salırlar. Yaxşı, asfalt yoxdur, sizdə heç olmasa otu biçən alət də yoxdurmu ki, onu biçəsiniz, böyüyüb qurumasın? Ağacları suvarmaq da mümkün deyil? Mən dəhşətə gəldim. Demək, belə çıxır ki, siz şəhəri görmürsünüz? İcra hakimiyyətinin başçısı, sən bütün şəhərin əhalisini küçəyə çıxara bilərdin. Bir gün, iki gün, gəlin hamısını təmizləyək, belləyək, gül əkək. Mən Xətai prospektində bir dənə də çiçək görmədim. Belə şey olmaz axı! Bir o deyil, hərbi hissəyə gedəndə də mən bu işə fikir verdim. Hava limanından gələndə də küçələrə baxırdım. Bu, sadəcə, sizin şəhərə çox anlaşılmaz münasibətinizdir.

Vaxtilə Gəncənin çinarları adamı heyran edirdi. O çinarların yanından mən keçməmişəm. Yəqin onlar hələ durur. Yaxşı ki, onları qurutmamısınız. Amma belə getsə, onları da qurudacaqsınız. Belə şey olarmı? Mən çox narazı qaldım. Ürəyim ağrıyır. Gəncəni mən belə görmək istəmirəm. Deyirsən vəsait yoxdur. Nə vaxt gəldin dedin ki, əlavə vəsait lazımdır, biz sənə vermədik? Bizdə də vəsait yoxdur. Amma mən indi bunları görəndən sonra gedib vəsait tapacağam. Şəhərin abadlaşdırılması üçün mən xüsusi vəsait ayıracağam. Ancaq mən etibar edə bilmirəm ki, siz ondan necə istifadə edəcəksiniz. Çünki vəsaitsiz də onları düzəltmək olardı. Yenə də deyirəm, küçəni bölüşdür sektorlara. Hər sektoru ver bir müəssisəyə. Göstəriş ver ki, buranı təmir et, ot ək, haradan su gətirirsənsə, gətir, buranı suvar, nə edirsən et.

Bu, şəhərin əhalisi üçün lazımdır. Mən bilmirəm, cənab icra hakimiyyətinin başçısı, sən buna necə dözürsən? Bəlkə elə sizin aləminizdə yaşayış elə bundan ibarətdir? Amma mən bunu yaşayış hesab etmirəm. Binaların bəziləri köhnədən rənglənib, bəzilərinin rəngi yoxdur. Həmin bu küçədə mən nə qədər ucuq şeylər gördüm. Heç olmasa, uçmuş daşları oradan götürəydiniz. Heç olmasa, Prezident gəlir bura, küçədə bir təmizlik işi aparaydınız. İndi görün siz bu işlərə nə qədər biganəsiniz ki, bu gün də şəhəri bu vəziyyətdə təqdim etdiniz. Mən bundan çox narazıyam, həddindən artıq narazıyam. Birinci növbədə səndən- icra hakimiyyətinin başçısından narazıyam. Sən bu şəhərdə doğulmusan, ya da bu şəhərdə ömür boyu yaşayırsan, müəssisə rəhbəri olmusan. Sənə indi böyük etimad göstərilibdir. Yaxşı, başqa şeyləri edə bilmirsən, şəhəri abadlaşdırmaq da mümkün deyilmi?

Bəli, Xətai prospektinin bəzi yerlərinə asfalt salıblar. Gördüm qap-qara qaralıbdır. Yəqin orada çalalar idi. İndi o çalaları örtüblər. Bəlkə də asfaltlamaq çətindir. Amma səkiləri qaydaya salmaq, onları yaraşıqlı etmək, həmin o qurumuş otları biçmək, oradakı zibilləri təmizləmək mümkündür. Belə şey olmaz ki? Bilmirəm, bəlkə siz öz evinizdə də belə şəraitdə yaşayırsınız?

Ancaq mən inanmıram.

Amma Gəncə hər birimizin evidir, sizin evinizdir, mənim evimdir. Mən bu evə belə baxa bilmərəm. Bu, məni çox narahat etdi və mən açıq deyim ki, icra hakimiyyəti başçısının bu sahədə fəaliyyətindən çox narazıyam. İstəyirsiniz, mən Abutalıbovu göndərim, on günə bu şəhərin küçələrini düzəltsin. Çünki mən görürəm ki, Bakıda nə işlər görübdür. Heç kim də ona kömək etmir. Özü hər şeyi edir. Bunu da edə bilərəm, mən zarafat etmirəm, doğru sözümdür. On-on beş günlük göndərim onu buraya, gəlsin, heç olmasa, bu əsas küçələri düzəltsin, sizi də öyrətsin ki, bunu necə edirlər.

Amma mən sizin özünüzü bu işlə məşğul olmağa məcbur edəcəyəm. Mən sizə tapşırıram və sizinlə bərabər şəhər təsərrüfatına, şəhər əhalisinin hamısına müraciət edirəm: şəhəri belə vəziyyətdə saxlamaq olmaz! Mən sizin yerinizə utanıram. Tezliklə şəhəri abadlaşdırmaq lazımdır. Mən də buna kömək edəcəyəm. Amma sizin özünüz bu işlə ciddi məşğul olmasanız, mənim köməyim hədər gedəcəkdir. Mən belə düşünürəm.

Mən tapşırıram Fərhad Əliyevə. Bizim buradakı müzakirələrimizin nəticəsində verdiyim tapşırıqlara əsasən, nəzərdə tutulan planlar və görəcəyimiz işlərlə əlaqədar ümumi sənəd hazırlamaq lazımdır. Ola bilsin, bu sənəd mənim Sərəncamım olsun və mənim Sərəncamımda Gəncənin bəzi sosial-iqtisadi məsələlərinə aid tapşırıqlar verilməlidir ki, harada nə iş görülməlidir. Çox şeylər danışıldı. Elektrik enerjisi üzrə, qaz üzrə onların məlumatları nəzərə alınacaqdır və tapşırıqlar veriləcəkdir. Bir də ki, Gəncəyə, şəhərin kommunal təsərrüfat işlərinin daha da yaxşılaşdırılması üçün əlavə vəsait ayrılması məsələsi. Fərhad Əliyev, mən sənə tapşırıram, Maliyyə Nazirliyinə, Nazirlər Kabinetinə tapşırıram. Qısa bir müddətdə belə bir Sərəncam hazırlayasınız. Amma o Sərəncamda həm tapşırıqlar, həm perspektiv məsələlər, həm də şəhərin abadlaşdırılması üçün nə edə biləcəyimiz əksini tapmalıdır. Məsələn, asfalt zavodunun işləməsi. Bu haqda sən düşün, bu, sənin vəzifəndir. Bu barədə tezliklə məlumat ver ki, görək, burada nə edə bilərik. Şəhərin küçələrini bu vəziyyətdə qoymaq olmaz. Asfaltlamaq, düzəltmək lazımdır. Amma birinci növbədə səkiləri düzəltmək lazımdır. Gələndə Rasizadəyə də mənim göstərişlərimi deyin və oturun, maliyyə naziri, daha kim lazımdırsa bu işə cəlb edin, Gəncənin inkişafı ilə əlaqədar ümumi bir sənəd hazırlayın. Hansı yardım mümkündür, bu ilin və gələn ilin büdcəsində şəhər təsərrüfatına vəsaitin artırılması ilə əlaqədar məsələləri nəzərə alın.

Bugünkü görüşümüzü sona çatdıraraq demək istəyirəm ki, mən Gəncə şəhərinə həmişə böyük diqqət yetirmişəm, bu gün də diqqət yetirirəm. Mənim bu həyəcanlı çıxışım da məhz Gəncə şəhərinin indiki xoşagəlməz mənzərələrini görəndən sonra belə narahat olmuşam. Gəncə həmişə gözəl şəhər olubdur. Onu daha da gözəlləşdirmək lazımdır. Çünki onun əsası gözəldir. Amma insanın özü nə qədər gözəl, sağlam olsa da, onun paltarından da çox şey asılıdır. İndi siz də şəhərin “paltarını” düzəltməlisiniz ki, küçələri abad olsun, mağazaları gözəlləşsin, binaları rənglənsin. Yoxsa nədir bu, mən gördüyüm binalarda 20-30 il bundan əvvəl qalmış rənglərdir.

Mən güman edirəm ki, bundan nəticə çıxaracaqsınız. Təkcə icra hakimiyyəti deyil, burada müəssisə rəhbərləri, başqa vəzifəli şəxslər var, onlar da.

 

Mən bu gün müşahidə etdiyim bir məsələyə də toxunmaq istəyirəm. Bu təkcə sizə aid deyil, təəssüflər olsun ki, ümumiyyətlə, Azərbaycanda, müəyyən qədər ənənə yaranıbdır. Mən bu gün saat on ikidə planlaşdırmışdım ki, Gəncə hava limanına düşəcəyəm. Düz saat on ikidə mən Gəncə hava limanına düşdüm. Mənə dedilər şəhərə gəlmək iyirmi dəqiqə çəkəcək və gəlib kompleksin qarşısında açılış edəcəyik. Təbii ki, açılışda şəhər içtimaiyyəti də iştirak etməlidir. Mən də vaxtında gəldim. Açılış keçirildi. Şəhərin vətəndaşları çox böyük həvəslə meydana toplaşmışdılar. Bu kompleksin açılışı böyük hadisə kimi qəbul olundu, yüksək qiymətləndirildi və mən hesab edirəm ki, gələcəkdə görəcəksiniz Gəncə şəhəri üçün nə qədər əhəmiyyətlidir. Xüsusən gənclərin sağlamlığı üçün, onların idmanla, bədən tərbiyəsi ilə məşğul olması üçün nə qədər əhəmiyyətlidir.

Biz bü gün orada içəridə gənclərin çixişlarına baxırdıq. Mən gördüm, o uşaqlar, gənclər nə qədər böyük həvəslə çətin idman hərəkətlərini yerinə yetirirdilər. Nə qədər güc var onlarda, nə qədər ehtiyac var ki, onlar öz güclərini istifadə etsinlər. Bu təmin olunacaqdır, arxayın ola bilərsiniz və İlham Əliyev artıq oranın direktorunu təyin edibdir. O da idmançilardan biridir. Hər halda, nəzarət edəcəkdir ki, gələcəkdə orada işlər yaxşi getsin.

Bu, çox böyük bir hadisə idi və insanlar da toplaşmışdı. Ancaq məni narahat edən nədir? Axşamtərəfi mənə belə bir məlumat gəldi ki, insanları, - bunu şəhər icra hakimiyyəti təşkil edir, - saat ondan, onun yarısından oraya toplamağa başlayıblar. İnsanlar gəliblər və iki saat, üç saat bu mərasimin açılışını gözləyiblər. Bunu mən biləndə çox narahat oldum. Amma mənim narahatçılığım, təkcə bu hadisə ilə bağlı deyildir. Başqa yerlərdə də mən belə hallarla rastlaşmışam. Hətta Bakıda da. Yaxud Azərbaycanın başqa bölgələrində də. Mən bir neçə dəfə demişəm və bu gün bir daha deyirəm. Bu, şəhər icra hakimiyyətinin yaxşı işini nümayiş etdirmir. Nə üçün ? Saat birdə olan mərasimə, insanlar saat onda, onun yarısında - üç saat, üç saat yarım qabaq gəlməlidirlər? Nə üçün ? Mərasimin özü cəmi saat yarım çəkdi. Amma insanların çoxu orada üç saat gözləyiblər. Niyə insanlara belə əziyyət verirsiniz ? Nə üçün ? Kimin üçün ?

Eyni zamanda, bu, mənim gəlişimlə bağlı olduğu üçün, bunu özümə qarşı bir mənfi hal kimi qiymətləndirirəm. Guya siz mənə hörmət etmisiniz, amma, əksinə, mən bunu hörmətsizlik nümunəsi kimi qiymətləndirirəm. Çünki istəmirəm ki, heç kim mənim hansısa bir toplantıya gələcəyimə görə, bir saat əvvəl gözləsin. İstəmirəm! Amma burada üç saat əvvəl gəlib yığışıblar. Günün altında. Bu, məni çox narahat edir, çox narahat edir. Əgər bacarmırsınızsa, deyin ki, bacarmırıq. Əgər saat birdə tədbir başlayacaqsa, siz deyin ki, saat on ikidə gəlin. On ikidə kim gələr gələr, kim yetirə bilməz, birin yarısında gələr, kim yetirə bilməz, saat birdə gələr. Birdə tədbir başlayar, yetirə bilməyən, tədbir başlayandan sonra da gələr. Bu azad, sərbəst bir görüşdür. Burada heç bir ciddi reqlament yoxdur.

Bu daha da yaxşı olar, nəinki üç saat əvvəl insanları meydana toplayıb, günün altında saxlayasan. Mən bundan çox incimişəm, başa düşürsünüz, çox incimişəm. Çünki, birinci növbədə, mən bunu özümə qarşı mənfi münasibət kimi qiymətləndirirəm. Təbiidir ki, heç kim istəmir ki, mənə mənfi münasibət göstərsin, məni incitsin. Amma bu cür ənənə yeni bir şey deyil, bununla vidalaşmaq lazımdır.

Əziz dostlar, mən bunu təkcə sizə demirəm, bütün Azərbaycanın bölgələrində, o cümlədən Bakıda belə kütləvi tədbirləri keçirənlərin hamısına deyirəm. İnsanları heç bir tədbirə vaxtından əvvəl dəvət etmək olmaz. Xüsusən də Prezidentin iştirak edəcəyi tədbirə dəvət etmək olmaz. Çünki Prezident öz təbiətinə görə heç vaxt insanları gözləmək vəziyyətində saxlamaq istəmir.

Mən düşünürdüm, bunu deyim, deməyim. Kiminsə ürəyinə dəyəcək, kimsə, əlbəttə ki, narahatçılıq keçirəcəkdir. Bəs mən narahatçılıq keçirəndə yaxşıdırmı? Kim günahkardır, o da narahatçılıq keçirsin. Mən onsuz da narahatam. Narahatam ki, mənim iştirak etdiyim tədbirə insanları üç saat əvvəl dəvət ediblər. Bu, çox pis haldır. Mən bütün hakimiyyət orqanlarından tələb edirəm ki, bu ənənədən əl çəkin. İnsanlara daha da hörmətlə yanaşın, insanları hansısa bir tədbirə dəvət edirsinizsə, elə edin ki, onlar əziyyət çəkməsinlər. Mən bunu sizdən xahiş edirəm.

Görüşümüzün sonunda mən sizə bir az acı sözlər dedim. Ancaq bunsuz olmur. Bu acı sözlərin hamısı hər bir Azərbaycan vətəndaşını yaxşı etmək məqsədi daşıyır. Mən ancaq buna görə özümə belə əziyyət verir, bu acı sözləri deyirəm. Mən bütün günü Gəncədəyəm, indi artıq gecə saat 11-dir. Sabah səhər mən Göranboya gedəcəyəm. Bu gün mənim üçün çox xoş, çox əziz gündür. Mən çox şey gördüm, çox şey öyrəndim və xüsusən, Gəncəyə yardım etmək, Gəncənin inkişafını təmin etmək üçün yeni tədbirlərin görülməsinin əsasını qoyduq. Sağ olun, sizə təşəkkür edirəm.

X X X

Müşavirədə Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Yusif Hümbətov, nazirlər, parlamentin deputatları və digər rəsmi şəxslər iştirak edirdilər.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev müşavirədən sonra jurnalistlərin suallarına cavab verdi.

SUAL : Cənab Prezident, Sizin indiki çıxışınız bizdə o qədər gözəl təəssürat yaratdı ki, hər şey ürəyimizcə oldu. Konkret olaraq, hansı addımlar atıla bilər?

CAVAB: Burada hamısını dedim. Fərhad Əliyevə göstəriş verdim, onlar xüsusi bir sənəd hazırlayacaqlar.

JURNALİST: Çox acınacaqlı haldır.

HEYDƏR ƏLİYEV: Siz qulaq asdınız. Mən düz deyirdim, yoxsa yox?

JURNALİST: Tamamilə düz deyirdiniz. Ürəyimizdən tikan çıxardınız.

HEYDƏR ƏLİYEV: Demək, mən səhv etməmişəm.

JURNALİST: Xeyr, xeyr, əksinə, hər şeyi açıq dediniz. Biz hər şeyi hava limanına düşərkən gördük. Camaatı danışdıranda dəhşətə gəlirsən.

HEYDƏR ƏLİYEV: Camaatı danışdırmısınız? Mən bilirəm, necə danışdırmısınız, bəzən onlar demək istəmədiyi şeyləri də siz danışdırmısınız.

JURNALIST: Siz elə camaatın dediklərini çıxışınızda bildirdiniz. Ümumiyyətlə, icra hakimiyyəti başçısının taleyi necə olacaq?

HEYDƏR ƏLİYEV: Belə şeylərlə tale həll olunmur. Sadəcə, tənqid etmişəm ki, düzəltsin. İndi gərək düzəltsin.

JURNALİST: Mən bir həftə əvvəl Naxçıvanda olmuşam. Sizin Naxçıvana səfərinizdən sonra. Moskvadan gələn qonaqları aparmışdım. Vəzifəli şəxslər deyildilər, adi qonaqlar idilər. Gördülər ki, necə gözəl təmizlik, abadlıq var. Adətən, belə olanda deyirlər ki, Prezidentin gəlişinə görə ediblər. Amma belə deyil, doğrudan da Naxçıvan çox təmizdir, abaddır. Mən iki ildən bir Naxçıvana gedirəm, indi oranı tanımadım. Batabata qədər yeni yol çəkilibdir. Moskvalı qonaqlar Yerevanda da olmuşdular. Biri məşhur jurnalist və yazıçıdır, Lyudmila Lavrova idi. O, dörd-beş gün Naxçıvanı gəzdikdən sonra mənə dedi ki, Naxçıvan blokadadadır? Dedim, bəli, blokadadadır. Dedi ki, siz deyirsiniz, uduzmusunuz. Yox, siz uduzmamısınız, uduzan ermənilərdir. Mən bir neçə gün əvvəl Yerevanda oldum. Yerevan ölü şəhərə çevrilibdir. Amma Bakı gələcəyin şəhəridir. Naxçıvan da inkişafda olan şəhərdir.

Cənab Prezident, mən onu Naxçıvanda müayinə üçün tibbi mərkəzə apardım. O, Moskvada iki il idi ki, müayinə oluna bilmirdi. Amma Naxçıvanda bunu etdi.

HEYDƏR ƏLİYEV: Bilirsiniz, mən Naxçıvanı nümunə gətirmək istəmirəm. Çünki deyəcəklər ki, Heydər Əliyevin vətənidir. Ancaq elektrik enerjisi ilə bağlı dedim. İş bundadır ki, Naxçıvana yol bağlıdır. Dəmir yolu yoxdur, avtomobil yolu yoxdur. İrandan bəzən buraxırlar, bəzən buraxmırlar. Tikinti materialları, başqa şeylər yoxdur. Mən Naxçıvanda yaşamışam, bilirəm.

JURNALİST: Muxtar Respublikanın ucqar kəndlərində neçə təzə məktəb tikiblər. Mən özüm görmüşəm.

HEYDƏR ƏLİYEV: Artur Rasizadə idi, Fatma Abdullazadə, Misir Mərdanov idi - dərslərin başlanması ilə əlaqədar onlara dedim ki, görün nə qədər məktəb tikilibdir. Deyirlər ki, Naxçıvanda əlli məktəb, qalan yerlərdə isə cəmi üç məktəb tikilibdir. Belə şey olmaz. Sonra gətiriblər, deyiblər, bax, budur, budur, budur. İndi belədir, kim işləyir, düzəldə bilir. Gəncənin bu küçələrini, hesab edirəm, on günə tamam qaydaya salmaq olar.

SUAL: Elə bil ümidsizlik var. Özü də Siz çox düz dediniz, Gəncə qədim vaxtlardan məşhur ticarət şəhəri olubdur. Cənab Prezident, Gəncə avtomobil zavodunun taleyi necə olacaq?

CAVAB: Biz “Reno” şirkətini cəlb etmişik. Onlar işə başlayacaqlar. Bilirsiniz, o vaxt bu avtomobil zavodunu çətinliklə Moskvada Siyasi Büronun iclasından keçirdik. Ancaq indi müasir dövrdə bu cür avtomobil zavodunu işlədə bilmirik. “Reno” şirkəti ilə danışıq aparmışıq, onlar gəliblər. Onlar orada müəyyən sex yaradacaqlar, görək nə çıxır.

SUAL: Cənab Prezident, sahibkarlığın inkişafına yardımla bağlı regional güzəştlər olacaqmı?

CAVAB: Bilirsiniz, mən indi bu gecə vaxtı detallara varmaq istəmirəm. Hər halda tədbirlər görüləcəkdir.

AZƏRTAC

Foto Yaşar Xəlilovun və

Rafiq Bağırovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək

Xidmət rəisi: İnsanlar qızmar yay günlərində diqqətli olmalı, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidirlər

BMU ilə Koreyanın INHA Universiteti arasında Niyyət məktubu imzalanıb

Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib YENİLƏNİB

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

Sahibkarlarla görüşdə “DOST Müfəttiş” layihəsi təqdim olunub

Prezident İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edib YENİLƏNİB

ŞƏT çərçivəsində əməkdaşlığın Türk inteqrasiya proseslərinə töhfəsi  ŞƏRH

MGİMO və Azərbaycan İdman Akademiyasının “İdman menecmenti” üzrə birgə proqramının ilk məzunları diplom aldılar

“Qalatasaray”ın futbolçusu İtaliya klubuna keçib

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinlənilib

Sahibkarlığın İnkişafı Fondu: Altı ayda 102,7 milyon manat güzəştli kredit verilib

Fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb, sığortalanmış əkinlər 364 min hektara çatıb

Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə standartlaşdırma sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Göygöldə Üçüncü Milli Yaylaq Festivalının açılış mərasimi olub

Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib   YENİLƏNİB

“Azərişıq” ASC-nin sədri Oğuzda vətəndaşlarla görüşüb

Naxçıvanda “Yaşıl dünya könüllüləri” mükafatlandırılıb

“People's Daily online”: Çin turistləri Azərbaycanı seçirlər

DİM rəhbəri: Süni intellektlə bağlı hadisələrin sonrakı inkişafı bizim özümüzdən asılıdır

Böyük və Kiçik Qafqazın bəzi çaylarında qısamüddətli daşqın və sel keçəcək

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Məleykə Abbaszadə: Ənənə və innovasiya vəhdət təşkil etməlidir

Naxçıvan Dövlət Universitetində “Gələcəyə inam” layihəsi icra olunub

“Euronews”: Azərbaycan ənənəvi enerji sektorunu şaxələndirmək niyyətindədir

Səhiyyə Nazirliyi ölkə ərazisində müşahidə olunan isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar”ın heç bir elmi əsası yoxdur - AÇIQLAMA

“Neftçi”nin futbolçusu: Çempionlar Liqasında heç bir komandaya təslim olmaq istəmirik

Mikayıl Müşfiq küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq məhdudiyyət qoyulacaq

Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığı haqqında elmi seminar keçirilib

Çinli diplomat: Azərbaycanın İKT sektoruna investisiya qoyacaq Çin şirkətlərinin sayı artacaq

Keir Starmer: İşimiz təcilidir və biz elə bu gün işə başlayırıq

Çin XİN: Strateji tərəfdaşlıq Çin-Azərbaycan münasibətlərinin inkişaf tarixində mühüm mərhələdir

“Sabah” serbiyalı futbolçu ilə güclənib

Dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlanıb

Fərid Qayıbov: Yaylaq festivalı türkdilli dövlətlərin birgə fəaliyyəti baxımından əhəmiyyətlidir

Prezident İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib  YENİLƏNİB

Böyük Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başlayıb

Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub   YENİLƏNİB

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib YENİLƏNİB

Proqram sistemlərinin layihələndirilməsi problemləri araşdırılır

Astaranın Liəzi kəndində selin apardığı körpünün yerində yenisi inşa olunacaq

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib  YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib  YENİLƏNİB

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb VİDEO

Xankəndi Konqres Mərkəzinin təməli qoyulub YENİLƏNİB

AMEA-nın Humanitar Elmlər Bölməsi bu ilin birinci yarısı üzrə hesabat verib

Naxçıvanın Ali Məclisində aparılmış auditin nəticələri açıqlanıb

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub YENİLƏNİB

Yay planlarınızı “Unibank”la reallaşdırın!

Xarici ölkələrin aparıcı mütəxəssisləri Milli Onkologiya Mərkəzi ilə tanış olublar VİDEO

Türkiyə mediası: Şuşa Zirvə görüşü Türk dünyasının birliyinin qətiyyətli nümayişidir

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub  YENİLƏNİB

Prezident İlham Əliyev Xocalı Hava Limanında olub YENİLƏNİB

Məleykə Abbaszadə: “Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafına töhfə verən yarışdır

Nazir: Növbəti mərhələlərdə “Yüksəliş” müsabiqəsinin daha aşağı yaş qruplarını əhatə etməsi nəzərdə tutulur

Paytaxtın Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

® Həkim-pediatr: Uşaqları çimərliyə aparanda müəyyən qaydalara ciddi riayət edilməlidir

Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun formalaşmasında fəal iştirak edir

Bakı Musiqi Akademiyasında iki yaradıcı xanımın müəllif konserti olub

Çempionlar Liqası: “Neftçi”nin rəqibi müəyyənləşib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib VİDEO

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində üç nəfər ölüb, səkkiz nəfər yaralanıb

Lənkəranda baş verən qəzada 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Çinin əyalətləri Azərbaycanın regionları ilə fəal əməkdaşlıq edir

Luvsannamsrain Oyun-Erdene yenidən Monqolustanın Baş naziri seçilib

Azərbaycanın milli standartları Belarusda tətbiq olunacaq

Din Tao: Çinin rəqəmsal təhsil sahəsində bütün təşəbbüsləri və ölkədə təcrübə keçmək Azərbaycan üçün açıq olacaq

İsti hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

UEFA Türkiyə millisinin futbolçusunu diskvalifikasiya edib

Tovuz Aqroparkında ilk dəfə şəkər çuğundurunun yetişdirilməsinə başlanılıb

Çin diplomatı: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının mühüm dialoq tərəfdaşdır

Yerli kapital bazarında səhmlərin ilk dəfə kütləvi satışının həyata keçirilməsi müzakirə edilib

İspaniya klubu Seneqal millisinin üzvünü transfer edib

Qazaxıstan və Pakistan sülhməramlı qüvvələrini birləşdirəcək

Şimali Qafqaz Federal Universitetinin rektoru ATMU-nun qonağı olub

Akademik Milli Dram Teatrı mövsüm ərzində yeni nailiyyətlərə imza atıb

İsrail mətbuatında Ermənistandakı antisemitizmi ifşa edən məqalə yayımlanıb

Azərbaycan klubu iki əcnəbi oyunçu ilə yollarını ayırıb

BANM tələbəsinin layihəsi İsveçrədə qrant qazandı

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Səadət Fərzəliyeva: Həmişə arzulamışam ki, nənəmin sənətini davam etdirim və xalça toxuyum

Azərbaycan idmançıları Yakutskda xapsaqay güləşi üzrə yarışda iki medal qazanıblar

Şərqşünaslıq İnstitutunun şöbə müdiri Barselonada beynəlxalq konfransda çıxış edib

Dünya Kuboku: Azərbaycan karateçisi üçüncü olub

Paytaxtın müxtəlif məkanlarında DOST TV ilə bağlı posterlər nümayiş olunur

Rişi Sunak “10 Downing Street” qarşısında sonuncu dəfə çıxış edib VİDEO

Sumqayıtda türk diplomatının 44 günlük müharibəyə həsr edilən kitabı təqdim olunub

Gürcüstanın dəmir yolları ilə daşınan yüklərin 26 faizini Azərbaycandan gələn tranzit yükləri təşkil edib

Türkiyə aeroportlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir

DİM: Dövlət orqanlarında 9 vəzifə müsahibəyə çıxarılıb

Qazaxıstanda ŞƏT Sammitindən sonra “sarı” təhlükə səviyyəsi ləğv edilib

Agentlik: 5 məktəbdənkənar təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb

Hesablama Palatası Milli Məclisin İşlər İdarəsində audit aparıb

“AzerGold” QSC hasilatın pay bölgüsü haqqında Saziş üzrə səlahiyyətlərinin icrasına başlayıb

Xaçmazda keçirilən kompleks mülki müdafiə təliminə 300 nəfərə yaxın şəxsi heyət cəlb olunub VİDEO

Fransa klubu Olimpiya Oyunlarının qalibi ilə müqavilə bağlayıb

Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlib VİDEO

NATO-nun yeni Baş katibinə Qarabağın minalanmış əraziləri barədə məlumat verilib

Sabah Bakıda və Abşeron yarımadasında 39 dərəcə isti olacağı gözlənilir

İranda prezident seçkilərinin ikinci turunda hər iki namizəd səs verib