RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FRANSANIN İŞ ADAMLARI İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Parisdə Fransa Müəssisələri Hərəkatının (MEDEF) üzvü olan nüfuzlu şirkətləri təmsil edən iş adamları ilə görüşmüşdür.
Görüşü açan “Panhart jeneral defans” şirkətinin baş direktoru Kristian Mons Azərbaycan haqqında ümumi məlumat verdi, ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini xüsusi vurğuladı. O bildirdi ki, Fransa şirkətləri Azərbaycanda geniş fəaliyyət göstərir, ölkədə biznes mühiti getdikcə daha da yaxşılaşır.
Prezident İlham Əliyev görüşdə çıxış edərək, iki il öncə Fransaya rəsmi səfəri çərçivəsində MEDEF-də keçirdiyi görüşü xatırlatdı, Fransaya bir neçə dəfə səfər etməsinin ölkələrimiz arasında əlaqələrin inkişafının göstəricisi olduğunu bildirdi. Dövlətimizin başçısı görüş iştirakçılarına Azərbaycanın müasir iqtisadi vəziyyəti, qeyri-neft sektorunun inkişafı, həyata keçirilən iqtisadi islahatlar, beynəlxalq və regional layihələrdə ölkəmizin iştirakı, respublikamızdakı əlverişli sərmayə mühiti barədə ətraflı məlumat verdi.
Daha sonra Fransanın iş adamlarını maraqlandıran suallara cavab verən Prezident İlham Əliyev onları Azərbaycanla fəal iqtisadi əməkdaşlığa çağırdı.
Dövlətimizin başçısı görüşdən sonra Frans Press agentliyinin müxbirinə müsahibə verdi.