AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NATO PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA ÇIXIŞ ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da NATO Parlament Assambleyasının yaz sessiyasının keçirildiyi Qurultaylar sarayına gəlmişdir.
NATO Parlament Assambleyasının sədri Pyer Leluş və digər rəsmi şəxslər dövlətimizin başçısını hörmət və ehtiramla qarşıladılar.
Cənab Pyer Leluş Prezident İlham Əliyevin tərcümeyi-halı barədə qısa məlumat verərək, 2003-cü ildə dövlət başçısı vəzifəsinə seçildiyini, ondan əvvəl iki ildən artıq bir dövrdə Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik etdiyini, bir neçə dildə sərbəst danışdığını bildirdi, habelə Azərbaycanın Cənubi Qafqaz bölgəsində sülhsevər mövqeyini, ATƏT-in Minsk qrupunun fəaliyyətində irəliləyiş olduğunu xatırlatdı.
Azərbaycan Prezidenti İlham Əliyev sessiyada çıxış etdi. Dövlətimizin başçısı 15 il öncə müstəqillik qazanmış Azərbaycanın region ölkələri ilə münasibətlərdə mehriban qonşuluq prinsiplərinə əsaslanan siyasət yeritdiyini, Xəzər dənizinin karbohidrogen ehtiyatları ilə zəngin olduğunu, ölkəmizdə geniş demokratik islahatlar aparıldığını, iqtisadiyyatın liberallaşdığını, neft sektoru ilə yanaşı, qeyri-neft sahələrinin inkişafına da xüsusi diqqət yetirildiyini vurğuladı.
May ayının 28-də Azərbaycan neftinin Ceyhan terminalına çatdığını xatırladan Prezident İlham Əliyev buradan Xəzər neftinin tezliklə Avropa və dünya bazarlarına göndəriləcəyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycanın NATO-nun tədbirlərində iştirakını, dünyada təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələri xüsusi vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan artıq qaçqın və məcburi köçkünün ölkə üçün ciddi problem yaratdığını, Dağlıq Qarabağın istər tarixi, istərsə də hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, Ermənistandan başqa bütün dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırlatdı, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdıldığını bildirdi. O, işğalçı Ermənistanın Cənubi Qafqaz bölgəsində sülhün təminatı üçün ciddi təhlükə yaratdığını xüsusi vurğuladı.
Dövlətimizin başçısı çıxışının sonunda Azərbaycanda enerji sahəsində çoxlu layihələrin həyata keçirildiyini bildirdi.
Azərbaycan Prezidentinin çıxışı diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
Sonra Prezident İlham Əliyev suallara cavab verdi.