AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QİƏT-İN BAŞ KATİBİ LEONİDAS XRİZANTOPULOSU QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Prezident sarayında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) baş katibi Leonidas Xrizantopulosu qəbul etmişdir.
QİƏT-in baş katibi Azərbaycanda bir neçə səmərəli görüşlər keçirdiyini, Heydər Əliyev Fondunda olduğunu, onun ölkənin sosial həyatında böyük işlər gördüyünün şahidi olduğunu söylədi. Qonaq dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın yüksək sürətlə inkişaf etdiyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın müxtəlif beynəlxalq və regional təşkilatlarla, o cümlədən QİƏT-lə əməkdaşlığının daim genişləndiyini bildirdi, iqtisadiyyatın sürətli inkişafı istiqamətində görülən işlərdən danışdı.
Görüşdə Azərbaycanla QİƏT arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.