AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
Əziz dostlar!
Mən şərəf hissi keçirirəm ki, Sizin universitetdəyəm və bizim ölkə, regionla bağlı fikirləri sizinlə bölüşəcəyik. Əlbəttə, Birləşmiş Ştatlar və Azərbaycanla ikitərəfli münasibətlərin gələcəyi barədə fikirləri də.
Azərbaycan qədim tarixə malik olan ölkədir. Amma müstəqil ölkə kimi 10 ildən bir qədər artıq vaxtdır ki, beynəlxalq aləmin üzvüdür. SSRİ dağıldıqdan sonra Azərbaycan digər keçmiş sovet ölkələri ilə birlikdə müstəqillik qazandı və əlbəttə ki, xalqımızın həyatında yeni bir dövr başlandı.
Müstəqillik qazandıqdan sonra ölkə ağır bir vəziyyətdə idi. Keçmiş əlaqələr kəsilmişdi, ölkə iqtisadi tənəzzül dövrünü keçirirdi. Bu azmış kimi, daxili çəkişmələr, qarşıdurma ölkəni vətəndaş müharibəsinə sürükləmişdi. Üstəgəl, Ermənistanın ölkəmizə qarşı təcavüzü və ərazilərimizin işğal olunması vəziyyəti daha da pisləşdirdi.
Buna baxmayaraq, ölkə birləşə bildi. 1993-cü ildə, Azərbaycanın bütün gələcəyi sual altında olduğu bir vaxtda milli liderimiz Heydər Əliyev Prezident seçildi və vəziyyət sabitləşməyə başladı. Siyasi, iqtisadi və sosial sahələrdə vəziyyət dəyişməyə başladı. Artıq 1996-cı ildə biz tənəzzül dövrünə üstün gəlməyə başladıq. 1996-cı ildən bu günə qədər iqtisadi artım sürətlə davam edir. Son 8 ildə iqtisadi göstəricilər üzrə ildə 10 faiz artım müşahidə olunur. Ölkə çox gözəl sərmayə mühiti yarada bilmişdir. Bizdə birbaşa xarici sərmayə yatırımının həcmi kifayət qədər böyükdür. Adambaşına düşən xarici sərmayənin həcmi yüksəkdir. Bu göstəriciyə görə ölkəmiz regionda və keçmiş SSRİ-də lider mövqeyindədir. Neft və qaz sənayesinə çoxmilyardlıq sərmayələr, eləcə də qeyri-neft sənayesinə sərmayə qoyulması üçün şərait yaradılması bizim prioritet vəzifəmiz olmuşdur. Nəticədə bütün bunlar çox gözəl biznes mühiti yaratmışdır. Bu sərmayələrin hesabına infrastruktur sahələrini inkişaf etdiririk. İqtisadi artım bizə həm də sosial problemləri aradan qaldırmağa yardım edibdir. Xalqımız üçün daha yaxşı şərait yaratmaq üçün yeni proqramlar həyata keçiririk.
Ölkəmizin yerləşdiyi coğrafi ərazinin özü onun xarici siyasətini müəyyən edir. Biz həm ölkədə, həm də regionda sülh və sabitliyi saxlamağa çalışırıq. Amma region təhlükəsiz deyildir, dünyada təhlükəsiz sayılan region deyildir. Regionumuz əsrlər boyu qarşıdurma, münaqişələr, müharibələr regionu olubdur. Hələ də regionumuzun bəzi hissələrində həmin ağır vəziyyət müşahidə edilir.
Bütün bu məsələlərdə Azərbaycanın siyasi mövqeyi lap əvvəldən müstəqilliyi möhkəmlətməkdən, güclü iqtisadi əsas yaratmaqdan, qonşu ölkələrlə ikitərəfli münasibətləri möhkəmlətməkdən, dostluq əlaqələri yaratmaqdan ibarət olubdur. Əlbəttə ki, həm də Avropaya, dünya birliyinə inteqrasiya etmək olubdur. Bu mənada ölkədə böyük uğurlar əldə edilmişdir. Bu gün Azərbaycan fəal surətdə Avratlantik qurumuna inteqrasiya edir. Bizim ölkəmiz Avropa Birliyinin yeni qonşuluq siyasətinə daxil olunmuşdur. Biz NATO ilə çox fəal əməkdaşlıq edirik və ilk ölkələrdənik ki, “Sülh naminə tərəfdaşlıq” proqramından sonra NATO ilə fərdi tərəfdaşlıq planı əsasında işləyəcəyik. Azərbaycan bütün digər beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası, MDB ilə və digər qurumlarla sıx işləyərək regional təhlükəsizlik, sabitlik və inkişafa daha çox töhfə verməyə çalışır.
Qarşımızda məqsədlər çoxdur. 2003-cü il prezident seçkilərindən sonra çox ciddi inkişaf proqramları qəbul olunubdur. Beynəlxalq maliyyə təsisatları ilə yoxsulluğun azaldılması proqramı üzrə sıx işləyirik. Növbəti 5 il müddətində 600 min iş yeri açmaq siyasətimiz uğurla həyata keçirilir. Son il ərzində 70 mindən çox iş yeri açılmışdır ki, bunların da böyük qismi qeyri-neft sektorunda, əsasən, kənd yerlərindədir. Çünki bu, bizim üçün əhəmiyyət kəsb edən məsələdir. Neft sahəsində biz, həqiqətən, çox böyük uğur əldə etmişik. Hazırda biz neft strategiyasının bir hissəsi kimi karbohidrogen ehtiyatlarının təhlükəsiz, çoxşaxəli nəqlini təmin etmək üzərində işləyirik. Neft və qaz sənayesinə yatırılan sərmayələrin qeyri-neft sahəsi üçün də əhəmiyyəti böyükdür.
Biz bu gün neft strategiyamızın əsas hissəsinin astanasında olarkən regionda təhlükəsizlik böyük əhəmiyyət kəsb edir. Hazırda uğurla inşa olunan neft və qaz kəmərləri təkcə təbii ehtiyatların beynəlxalq ticarət bazarlarına daşınması demək deyildir. Əminəm ki, bu, həm də regional təhlükəsizlik və sabitliyə töhfəsini verəcək, praktiki olaraq, regionun gələcək inkşafını bir növ əvvəlcədən müəyyən edəcəkdir. Regional əməkdaşlıq da bizim siyasətimizin əsas elementlərindən biridir. Biz Azərbaycan olaraq məmnuniyyətlə bir sıra regional layihələrin önündə gedirik. Regiondakı nəqliyyat, kommunikasiya, enerji layihələri bizim fəal iştirakımızla həyata keçirilir.
Ölkəmizin və regionumuzun qarşısında duran ən böyük problemlərdən biri hələ də həll olunmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi, Azərbaycanın tarixi ərazisidir. Bu ərazidə erməni əhalisi 1828-ci ildən sonra məskən salmışdır. Sovet İttifaqı dağıldıqdan sonra və hətta ondan əvvəl də Dağlıq Qarabağda başlanmış separatist hərəkat bu ərazinin və eləcə də, Azərbaycanın digər 7 rayonunun Ermənistan tərəfindən işğalına gətirib çıxartdı. Bu gün bizim 20 faiz ərazimiz Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu işğalın nəticəsi kimi 1 milyon azərbaycanlı öz torpaqlarını və ev-eşiklərini itirərək, qaçqın və köçkünə çevirilmişdir. Bu, böyük humanitar böhran, böyük humanitar faciədir. Nəzərinizə çatdırım ki, Azərbaycan əhalisinin sayı 8 milyondur. Yəqin təsəvvür edirsiniz ki, 8 milyon əhalinin 1 milyonunun qaçqın və köçkün olması böyük problemdir, ölkə üçün ağır yük və humanitar böhrandır. Dünyada mövcud olan digər münaqişələr kimi, bu münaqişənin də həllinin bir yolu vardır: münaqişə beynəlxalq hüquq normalarına riayət olunması əsasında həll edilməlidir. BMT 4 qətnamə çıxarıbdır. Bu qətnanmələr erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz geri çəkilməsini tələb edir.SSRİ dağıldıqdan sonra da BMT Dağlıq Qarabağ ərazisinin Azərbaycanın bir hissisi olduğunu qəbul edibdir. Bu mənada Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Ermənistan işğalçı qüvvələrinin Dağlıq Qarabağdan və onun inzibati hüdudlarından kənardakı 7 digər rayondan çıxarılması, münaqişənin sülh yolu ilə həll edilməsi üçün əsas şərtdir.
Bu münaqişə haqqında təfsilatı ilə danışarkən Ermənistan tərəfi millətlərin öz müqəddəratını təyin etməsi prinsipini əsas gətirir. Bu, əlbəttə ki, vacib prinsipdir. Amma qeyd etmək yerinə düşər ki, erməni xalqı artıq öz müqəddəratını təyin edibdir. Onların öz Ermənistan dövləti var və o dövlət beynəlxalq aləmin üzvüdür. Ermənilərin yaşadığı hər bir yerdə öz müqəddəratlarını təyin etməyə başlayacaqları təqdirdə nəyin baş verə biləcəyini təsəvvür etmək çətindir. Beynəlxalq aləmdə azsaylı milli muxtariyyətlər, birliklər kimi tanınmış təsisatlar vardır. Azərbaycan da daxil olmaqla, hər bir ölkədə azlıqlar vardır. Onlar digər xalqlarla sülh şəraitində yaşayırlar. Bu da xalqlar, millətlər və sivilizasiyalar arasında daha yaxşı münasibətlər yaratmağın ən səmərəli yoludur.
Azərbaycan cəmiyyəti tarixən və indi də etnik və dini tolerantlığı ilə səciyyələnibdir. Dini və etnik dözümlülük müasir Azərbaycanın ən böyük nailiyyətlərindən biridir. Beynəlxalq aləm də bu faktı tanıyır və alqışlayır. Ermənistanla olan münaqişəni həll etmək və ərazilərimizin erməni işğalından azad olunması yalnız beynəlxalq hüquq normaları əsasında baş tuta bilər. Çünki dünyada buna alternativ olan mexanizm yoxdur. Hər bir ölkə beynəlxalq hüquq normalarına, BMT-nin qətnamələrinə tabe olmalıdır. Əks təqdirdə, dünyada qanun-qayda olmaz. Biz ümid edirik ki, münaqişənin həll yolu tapılacaqdır. Bu işdə vasitəçilik mandatına malik olan ATƏT-ə və Birləşmiş Ştatların da həmsədri olduğu ATƏT-in Minsk qrupuna ümidlər bəsləyirik.
Birləşmiş Ştatlarla bizim münasibətlərimiz strateji tərəfdaşlıq münasibətləridir. Biz uzun illərdir ki, tərəfdaşıq. Çətin anlarda Azərbaycan yalnız bəyanatlarla deyil, praktik addımlarla da özünün Birləşmiş Ştatların əsil və etibarlı tərəfdaşı olduğunu sübuta yetiribdir. Bizim çox yaxşı əlaqələrimiz, münasibətlərimiz var, müxtəlif sahələrdə - enerji sahəsində, neft və qazın nəqli sahəsində, təhlükəsizlik məsələlərində əməkdaşlıq edirik. Nyu-Yorkdakı dəhşətli fəlakətdən sonra Azərbaycan terrora qarşı beynəlxalq koalisiyaya qoşulan ilk ölkələrdən oldu. Digər mühüm sahələrdə də biz Birləşmiş Ştatlarla sıx işləyərək, dünyanı daha çox təhlükəsiz etmək işinə töhfəmizi veririk.
Qeyd etdiyim kimi, bizim regionumuz əlavə diqqət tələb edir. Region kövrək ərazidir, çoxdilli coğrafi ərazidir. Balaca Qafqazda müxtəlif mədəniyyətlərin çoxdilli nümayəndələri yaşayır. Bu ərazini özünə məskən seçmiş bütün xalqlar üçün sülh çox vacibdir. Biz Azərbaycanda sülhü qorumaq üçün əlimizdən gələni edirik. Ölkəmzin sabitliyini qoruyuruq. Bu inkişaf edə biləcəyimiz, məqsədimizə çata biləcəyimiz yeganə yoldur.
Bizim məqsədlərimiz çox aydındır və bunları müxtəlif tədbirlədə yüksək kürsülərdən bəyan etmişik. Məqsədimiz dünya aləminə daha çox inteqrasiya etmək, əhalimiz üçün daha yaxşı şərait yaratmaqdır. Milli sərvətlərimizin hər bir vətəndaşımıza xidmət etməsini, bəhrə verməsini təmin etməkdir. Beynəlxalq maliyyə təsisatları ilə çox sıx işləyirik. Neftdən gələn gəlirlərlə bağlı maksimum şəffaflıq yaratmaq məqsədi ilə çalışırıq. Bir neçə il əvvəl Prezident fərmanı ilə bu məqsədlə Neft Fondu yaradılmışdır və həmin Fond adı çəkilən istiqamətdə mühüm rol oynayır. Biz Azərbaycanı müasir, demokratik, regional inkişafa, dünya təhlükəsizliyinə daha çox töhfə verən, təhlükəsizlik və sülh şəraitində yaşayan ölkə kimi görmək istəyirik.
Mənə ayrılmış vaxt azalır. Diqqətinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Suallara cavab verməkdən məmnun olardım. Çox sağ olun.
X X X
CEFFRİ SƏKS: Çox sağ olun. Sual vermək istəyənlər üçün iki mikrofonumuz var. Xahiş edirəm, mikrofonlara yaxınlaşasınız. İki tələb var - özünüzü təqdim edin, suallarınızı qısa və konkret verin. Bəyanat və çıxışlara yol verilməsin. Cənab Prezident, suallardan əvvəl istərdim ki, öz üstünlüyümdən istifadə edim, birinci sualı özüm verim. İraqla bağlı sizin fikirlərinizi öyrənmək maraqlı olardı. Sizin birbaşa qonşuluğunuzda olmasa da, regionda olan ölkədir. Oradakı şərait nəzarətsizdir. Sizcə, vəziyyətdən çıxış yolu hansıdır?
İLHAM ƏLİYEV: Əlbəttə ki, biz istərdik ki, İraqdakı vəziyyət mümkün qədər tez bir zamanda düzəlsin. Azərbaycan İraqın sabitliyi üçün vacib rol oynamağa hazırdır. Bizə elə gəlir ki, İraq xalqının ölkədə həlledici qərar çıxarmaq prosesində daha fəal rol oynaması üçün imkan yaratmaq lazımdır. Hazırkı şərait təhlükəlidir və hadisələrn gələcək inkişafını əvvəlcədən görə bilmək çox çətindir. Beynəlxalq aləm bu məsələ ilə bağlı gərək səylərini cəmləşdirsin. Azərbaycan bu istiqamətdə öz rolunu oynayır. Bizim hərbi kontingent İraqdadır, vəziyyəti nəzarətdə saxlamaq üçün lazımi kömək göstərir. Amma daha çox beynəlxalq diqqət və daha geniş koalisiya lazımdır ki, məsələ mümkün qədər tez həll olunsun. Təəssüf ki, hər hansı bir həllin konturları görünmür və bu da bizi çox narahat edir. Baxmayaraq ki, bizim sərhədlərə çox yaxın ərazi deyil, amma region ölkələri bir-birilə bağlıdır. İraqda vəziyyətin korlanması digər ölkələrə də təsir edə bilər.
CEFFRİ SƏKS: Çox sağ olun. Daha 10 sual da verərdim, amma gözləyənlərə imkan verək.
NİHAD ƏLİYEV: Cənab Prezident, mən Kolumbiya Universitetinin məzunuyam. Çox sağ olun ki, bizə şərəf verib gözəl universitetdə çıxış etdiniz. Cənab Prezident, Sizə sualım BMT-Azərbaycan münasibətləri ilə bağlıdır. Üç gün əvvəl Corc Buş BMT-də çıxış etdi. Dedi ki, o, İraqa ona görə daxil oldu ki, 1990-cı ildən bu tərəfə Səddam Hüseynin BMT qətnamələrini saymamasına son qoysun. Corc Buşun dediyinə görə, bu, İraqa daxil olmağın əsas səbəbi idi. Sizin bir az əvvəl dediyiniz kimi, BMT bir neçə qətnaməsində Ermənistandan Azərbaycan ərazilərini azad etməsini tələb etmişdir, amma Ermənistan da, elə İraq kimi, onlara məhəl qoymayıbdır. Siz Azərbaycan Prezidenti kimi BMT ilə münasibətlərdə və Kofi Annanla söhbətdə gələcəkdə bu sanksiyaları həyata keçirməklə bağlı fikirləri nəzərə çatdırdınızmı?
İLHAM ƏLİYEV: Sağ olun. Bu, çox vacibdir. Təəssüf ki, BMT qətnamələri qətnamə olaraq qalır. Onlar yerinə yetirilmək üçün məcburi deyildir. Bizim Ermənistanla münaqişəmizlə bağlı qətnamələrin çıxarıldığı vaxtdan 11 il keçir. Ermənistan isə onları yerinə yetirmir. Onu qətnamələri yerinə yetirməyə məcbur edən beynəlxalq mexanizm də yoxdur. Beynəlxalq aləm sanki bu mövzuda susmağı üstün tutur. Bu da ki, çox təhlükəli göstəricidir. Çünki dünyadakı problemlər, işğallar bir çox ölkələrin ümumi problemidir. Azərbaycan ölkəmizlə bağlı qətnamələrin yerinə yetirilməsini tələb edirsə, bu, bizim təbii tələbimizdir. Eyni zamanda, ümumiyyətlə, qətnamələrin yerinə yetirilməsi üçün ümumi mexanizm olmalıdır. Əgər bu yöndə bir iş görə bilməsək, onda BMT qərarlarının əlaqədar ölkələr üçün o qədər əhəmiyyəti olmayacaqdır.
CEFFRİ SƏKS: Sağ olun. Buyurun.
TİQRAN MİKAELYAN: Kolumbiya Universiteti ümumi təhsil fakültəsinin tələbəsiyəm. Sabiq Prezident Heydər Əliyev Ermənistan və Azərbaycan arasında münaqişənin həll olunması üçün çox işlər gördü. Bu yaxınlarda isə Siz mətbuatda dediniz ki, Azərbaycan Ermənistanla münaqişəni həll etməkdə tələsmir. Danışıqlarda irəliləyiş olmazsa, Siz tutulmuş əraziləri ermənilərdən istənilən yolla alacaqsınız. Mənim birinci sualım: Sizin Ermənistanla bağlı siyasətiniz əvvəlki Prezidentin siyasətindən fərqlidirmi? İkinci sualım: Əgər Ermənistanla danışıqlar durğun vəziyyət alarsa, Azərbaycan münaqişəni hərbi yolla həll edərmi?
İLHAM ƏLİYEV: Bizim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətimiz dəyişməz qalır. Münaqişənin başlandığı ilk gündən Azərbaycan beynəlxalq hüquq normalarına riayət etməyi tələb edir. Bu da ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edir. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və əlbəttə ki, özünə də eyni münasibət bəsləməyi tələb edir. Ona görə də əvvəllər olan siyasətlə bugünkü siyasət arasında heç bir fərq və ziddiyyət yoxdur. Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına sadiqdir. Bu baxımdan da fərq yoxdur. 10 ildən artıq müddətdə danışıq aparmağımız bizim münaqişəni sülh yolu ilə həll etmək istəyimizi göstərir. Əks təqdirdə, nəzərə alınsa ki, danışıqlar və Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyibdir, bu prosesi çoxdan saxlayardıq. Amma eyni zamanda, bir şeyi də açıqlamaq lazımdır ki, Azərbaycan öz suverenliyinin itirilməsi, özünə məxsus olan ərazilərin itirilməsi ilə heç zaman barışmayacaqdır. Bir şey də aydındır ki, danışıqlar həmişəlik davam edə bilməz. Hər bir səbrin sonu olur, vaxtı olur. İndi isə danışıqların davam etdirilməsi üçün şərait vardır.
Biz indi konkret mövzular ətrafında söhbət edirik. Amma görsək ki, nə vaxtsa danışıqlar artıq həll axtarışına kömək eləmir, yəqin ki, danışıqları kəsməli olacağıq. Çünki biz danışıq aparmaq görüntüsü yaratmaq fikrində deyilik. Sülh həllini tapmaq üçün real imkan varsa, biz sülh yolu ilə həllə sadiq olacağıq. Yoxdursa, dünyadakı hər hansı başqa ölkə kimi, Azərbaycanın da tam haqqı vardır ki, istənilən vasitədən istifadə edib ərazi bütövlüyünü bərpa eləsin.
EYYUB HACIYEV: Kolumbiya Universiteti. Sualım Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bu yaxınlarda Ermənistan heç Dağlıq Qarabağa daxil olmayan ərazilərdə - Laçın, Kəlbəcər kimi rayonlarda ermənilərin yerləşdirilməsi prosesinə başlayıbdır. Azərbaycan hökumətinin cavab tədbirləri necədir? Bu məsələ danışıqlar prosesinə necə təsir edir?
İLHAM ƏLİYEV: Azərbaycan bu mövzunu daim qaldırır və bu gün Baş Məclisdəki çıxışım zamanı mən qeyd etdim ki, bu, beynəlxalq hüquq normalarının və 1949-cu il Cenevrə Konvensiyasının - işğal olunmuş ərazilərdə məskunlaşma haqqında olan Konvensiyanın müddəalarının pozulması deməkdir. Bunun çox təhlükəli sonluğu ola bilər. Bu, bir daha nəyi göstərir? Onu göstərir ki, Ermənistan beynəlxalq hüquq normalarını saya salmır, düşünür ki, istədiyi cür hərəkət edə bilər. Amma ən pis tərəfi odur ki, beynəlxalq aləm buna heç bir reaksiya vermir. Təkcə Azərbaycan özü reaksiya verir, biz beynəlxalq tədbirlərdə narazılığımızı bildirir, mövzunu gündəliyə gətiririk. Amma beynəlxalq ictimaiyyətin, BMT-nin, digər beynəlxalq təşkilatların adekvat reaksiyası olmayanda, bu, münaqişənin sülh yolu ilə həlli məsələsinə kömək etmir. Bu, Azərbaycan cəmiyyətində münaqişənin sülh yolu ilə həll olunması mexanizminə inamsızlıq yaradır. Bu da ki, tamamilə yeni şəraitə gətirə bilər. Elə şəraitə ki, Azərbaycan hökuməti, Azərbaycan xalqı daha münaqişənin sülh yolu həllinə inanmaz. Sonra nə olacaq, bu, hamıya məlumdur: müharibə variantı. Biz müharibə istəmirik, sülh istəyirik. Amma Ermənistanın təcavüzkar siyasəti adekvat cavabını almalı və beynəlxalq ictimaiyyət müvafiq ölçülər götürməlidir.
ERİK YATAYEV: Mən Azərbaycanın Quba rayonunda anadan olmuş və böyümüşəm. Azərbaycan yəhudi icmasının antisemitizmlə rastlaşmadığı nadir ölkələrdən biridir. Zati-aliləri, Azərbaycanda yəhudi icmasına dəstək verdiyinizə görə Sizə minnətdaram. Gələcəkdə Azərbaycanın inkişafında yəhudi icmasının rolunu necə görürsünüz?
İLHAM ƏLİYEV: Çox sağ olun. Mən çıxışımda qeyd etdim ki, dini və etnik tolerantlıq ölkəmizin əldə etdiyi ən böyük uğurlardandır. Bu, heç də təkcə müstəqillik illərinə aid deyildir. Sovetlər Birliyi dövründə də Azərbaycan antisemitizmin olmadığı, milli, dini gərginlik yaşanmayan az ölkələrdən biri olubdur. Ondan da əvvəl, lap qədim dövrlərdə də belə olubdur. Bu yaxınlarda mən Qubaya getmişdim, Qırmızı qəsəbədə oldum. Orada səmimi, gözəl söhbətimiz oldu. Məmnun oldum ki, yəhudilər Azərbaycanda həyatlarından razıdırlar. Digər vətəndaşlar kimi bütün hüquq və haqlardan istifadə edirlər, azad, sərbəst yaşayırlar. Azərbaycanda çətinlik vardısa da, bu, hamıya aiddir. Seçki kampaniyası dövründə də bir neçə dəfə açıq demişəm ki, mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam və mənim üçün Azərbaycanda mövcud olan ənənəni davam etdirmək olduqca vacibdir. Bütün millətlər sülh və əmin-amanlıqda yaşamalıdır. Yəhudi icması ölkəmizin inkişafına çoxlu töhfələr veribdir. Eləcə də müstəqillik uğrundakı mübarizədə iştirak edibdir. Ermənistanla müharibə dövründə yəhudilərdən həlak olanlar var və onların xatirəsi bizim üçün çox əzizdir. Əminəm ki, yəhudi mənşəli Azərbaycan vətəndaşları əvvəllər olduğu kimi, gələcəkdə də götürülmüş ümumi xəttə, möhkəm, daha yaxşı Azərbaycan qurmaq, işinə, hər bir vətəndaşın sülh şəraitində, xoşbəxt yaşaması xəttinə töhfə verəcəklər.
RAMİL MƏHƏRRƏMOV: Mən Azərbaycandanam, Massaçusets Universitetində təhsil alıram. Sualım Azərbaycandakı sosial-iqtisadi islahatlarla bağlıdır. Məlumdur ki, son dövrdə Azərbaycan bu sahədə qətiyyətli addımlar atır. Yoxsulluğun azaldılması ilə bağlı proqram qəbul olunubdur. Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığınız fərman, eləcə də regionların sosial-iqtisadi inkişafı proqramı böyük əhəmiyyəti olan sənədlərdir.
Cənab Prezident, Sizcə bunlar necə həyata keçirilir? Azərbaycanda sosial-iqtisadi islahatların və eləcə də, idarəçilik sahəsində islahatların gələcəkdə nə cür həyata keçiriləcəyini görürsünüz?
İLHAM ƏLİYEV: Sağ olun. Proqramlar uğurla həyata keçirilir. Proqramları qəbul edərkən biz əmin olmaq istəyirdik ki, bunlar kağızda qalmasın. Onların həyata keçirilməsi mexanizmi birgə fəaliyyətin nəticəsi kimi olmalıdır. Dövlətin məqsədi, siyasəti proqramı həyata keçirmək üçün yaxşı şərait yaratmaqdır. Biznesə, özəl fəaliyyətə yaxşı şərait yaratmaq hökumətin işidir. Prezident seçkilərindən sonra mən bir neçə görüşlərdə özəl biznesin nümayəndələri ilə fikir mübadiləsi apardım və onları ruhlandırdım, fəaliyyətlərinə tam dəstəyimi ifadə etdim. Bugünkü Azərbaycanın gələcəyi bu istiqamətdə olacaqdır. Ölkədə güclü orta sinif yaratmalıyıq. Biznesi başlamaq üçün kreditlər ayırmalıyıq. Bütün bu istiqamətlərdə çox yaxşı nəticələr əldə etmişik. Mən qeyd etdim ki, 70 min iş yeri açılıbdır. Müsbət tərəfi odur ki, əksər iş yerləri regionlarda, qeyri-neft sahəsində açılmışdır. Bu da bizim üçün çox vacibdir. Gələn il üçün büdcədən özəl sektoru dəstəkləmək üçün əlavə maliyyə vəsaitləri ayrılacaq, fermerlərə daha yaxşı şərait yaratmaq üçün tədbirlər görüləcəkdir. Lazımi maşınlar alınacaq, avadanlıqla təchiz olunacaqdır. Əminənəm ki, 2005-ci ildə açılan iş yerlərinin sayı daha çox olacaqdır. Ölkənin inkişaf yolları bundan ibarətdir. Bizə çoxşaxəli iqtisadiyyat - yalnız neftdən və neftin qiymətlərindən asılı olmayan iqtisadiyyat lazımdır. Ona görə də son aylar ərzində atdığımız addımlar yalnız bu məqsədi daşıyır. Proqramların həyata keçirilməsindən çox razıyam.
ULAS SOLVAN: Mən beynəlxalq məsələlər və hökumət idarəçiliyi bölməsinin tələbəsiyəm. Mən ümid edirdim ki, Siz başqa bir mövzuya, Azərbaycandakı müxalifətlə bağlı mövzuya da toxunacaqsınız. Sonuncu prezident seçkiləri ilə bağlı qeydə alınmış pozuntular haqqında, eləcə də, müxalifət üzvlərinin həbsə alınması və döyülməsi barədə nə deyə bilərsiniz?
İLHAM ƏLİYEV: Azərbaycanda siyasi həyat çox uğurla inkişaf edir. Ölkədə bütün siyasi azadlıqlar mövcuddur. Bütün siyasi partiyalar üçün şərait yaradılıb, onların eyni hüquqları və öhdəlikləri var. Bununla bağlı heç bir problem yoxdur. Prezident seçkilərindən sonrakı dövr ərzində bütün siyasi spektr öz proqramını həyata keçirmək imkanından çox fəal istifadə edibdir. Mən seçkilərdən əvvəl və sonra Azərbaycandakı bütün siyasi qüvvələrə bir neçə dəfə açıq müraciət etdim ki, qarşıdurma dayansın. Çünki bizə siyasi münasibətləri küçələrdən normal şəraitə gətirmək lazımdır. Bizə polisi daş-qalaq etmək yox, dialoq lazım idi. Bugünkü vəziyyətə gəldikdə, mənim siyasi qüvvələrə olan bütün çağırışlarım, təəssüf ki, cavabsız qaldı. Eyni zamanda, hökumət normal siyasi şərait yaratmaq səylərini və siyasi dialoqu davam etdirməlidir. Amma bunu birtərəfli etmək mümkün deyildir. Hər iki tərəf bunda maraqlı olmalıdır.
Keçən ilin oktyabrındakı seçkilərlə bağlı sualınıza isə cavab verim ki, seçkilərdən əvvəl Azərbaycanda bir neçə dəfə əhali arasında rəy sorğusu aparılmışdı. O cümlədən də ABŞ-da yerləşən təşkilatlar tərəfindən, onların biri də Beynəlxalq Respublikaçılar İnstitutudur. Bu institut Azərbaycanda seçkilər ərəfəsində rəy sorğusu keçirmişdi. Həmin sorğunun nəticələri bütün siyasi qüvvələrə təqdim olunmuş və dərc edilmişdi. Respublikaçılar İnstitutunun sorğusu göstərdi ki, hakim partiyanın nümayəndəsi ən azı 65 faiz səs qazanacaqdır. Mən isə 76 faiz səs qazandım. Amma seçkilər ərəfəsindəki şəraiti nəzərə alın. Müxalifət vahid namizəd seçə bilmədi. Müxalifət namizədləri öz aralarında savaşırdılar və iqtidarı təmsil edən namizədlə düzgün, ağıllı mübarizə apara bilmədilər. Bu da, əlbəttə ki, Respublikaçılar İnstitutunun sorğusunda göstərilən rəqəmdən daha artıq səs toplamaq imkanı yaratdı. Ona görə də nə Azərbaycanda, nə də dünyada seçkilərdə kimin qalib gələcəyi barədə heç kimdə şübhə yoxdur. Bu, aydındır və buna şübhə yoxdur. Məğlub olan tərəf həmişə bəhanə axtarmağa çalışır. Bunun ən asan yolu da hökuməti bəzi manipulyasiyada günahlandırmaqdır. Amma bu seçkilərdə belə bir şey yox idi. Onu da sizə deyim ki, bu gün Azərbaycan hakimiyyətinin apardığı siyasət Azərbaycan xalqı tərəfindən hətta seçkidən qabaqkı dövrdəkindən daha çox dəstəklənir. Bu o deməkdir ki, Azərbaycan xalqı etdiyi seçimə təəssüflənmir. Xalqın öz Prezidentinin təşəbbüslərini dəstəkləməsi Prezidentə də öz təşəbbüslərini, proqramlarını həyata keçirməkdə yeni qüvvə verir. Çox sağ olun.
CEFFRİ SƏKS: Yalnız bir suala vaxt qalır. Sonra isə dekan xanım Liss Andersona söz verəcəyəm.
KRİSTİNA KARŞAKYAR: Mən Corctaun Universitetinin xarici ölkələrdə xidmət fakültəsindənəm. Cənab Prezident, iki məsələyə toxunmaq istəyirəm. Birincisi, öz rejiminizi burada başqa cür qələmə verməyə çalışırsınız. Beynəlxalq təşkilatlar Sizin ölkəni ən rüşvətxor və hüquqların tapdalandığı ölkə kimi səciyyələndirir. Bir ailənin idarə etdiyi təşkilata bənzədir. İkincisi isə, Siz Dağlıq Qarabağ münaqişəsini qəsdən başqa cür qələmə verirsiniz. BMT qətnamələrinin mahiyyətini saxtalaşdırırsınız. 822, nömrəsi yadımdan çıxan digər qətnamələr... Əslində, bu qətnamələrə hər bir adam baxa bilər. Mən özüm İnternet vasitəsilə bu gün səhər onlara baxmışam. Bu qətnamələrdə deyilmir ki, Ermənistan ərazilərdən çıxmalıdır. Çünki Ermənistan münaqişənin bir tərəfi deyil, yəni mövzu ilə bağlı danışarkən buna aydınlıq gətirilməlidir. Sonda isə soruşmaq istəyirəm ki, Sizin rejiminiz nə zaman sovet üslublu təbliğatına son qoyub münaqişəni konstruktiv həll edəcəkdir. Sağ olun.
İLHAM ƏLİYEV: Mənim dediklərimin hamısı faktlara əsaslanır. Bunlar real şəraitdə baş vermiş real faktlardır. Bu faktları yoxlamaq çətin deyildir. Əlbəttə ki, Ermənistan-Azərbaycan münaqişəsinin digər məsələlərə də təsiri olubdur. Biz ermənilərin azərbaycanlılara qarşı hücumlarını bütün dünyada müşahidə edirik. Birləşmiş Ştatlarda, erməni diasporunun uzun tarixi və güclü maddi dayaqları olan digər ölkələrdə də biz bunu fakt kimi qəbul edirik. Biz bu amillə mübarizə aparmalıyıq. Əlbəttə ki, Azərbaycanı nüfuzdan salmaqdan, qara boyalarla göstərməkdən ötrü ermənilərin saxta təbliğatı 1990-cı illərin əvvəllərində mühüm rol oynadı. O zamanlar Azərbaycana çıxış etmək üçün yüksək kürsü verilmirdi. Azərbaycanın bu saxta təbliğata və hücumlara cavab vermək imkanı yox idi. Amma bugünkü şərait fərqlidir. Bu gün Azərbaycanda və Ermənistanda olan vəziyyəti hamı asanlıqla ayıra bilər. Azərbaycanda biz bütün siyasi hüquqlara malikik. Biz normal demokratik cəmiyyət yaradırıq, əhalimizi daha yaxşı yaşayışla təmin etmək istəyirik. Əlbəttə ki, Azərbaycan xalqının iradəsi şəraiti əvvəlcədən müəyyən edir. Ermənistandakı şəraitə baxsaq, yoxsulluq, əhalinin sayının azalması və gələcəyə inamsızlıq görəcəyik. Nədir Ermənistanın regional əməkdaşlıqsız gələcəyi? İşğalın gələcəyi nədir? İşğalın gələcəyi yoxdur. Ona görə də mən düşünürəm ki, erməni xalqının xeyrinədir ki, bu siyasət haqqında bir daha düşünsün və Ermənistana məxsus olmayan əraziləri özündə saxlamağa davam etməsin. Ermənistan bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşı olar.
Qətnamələrə gəldikdə isə, onları yazılı formada götürə bilər və nə yazıldığını görərsiniz. Dağlıq Qarabağ Azəbaycanın bir hissəsidir. Və Birləşmiş Millətlər Təşkilatı bu ərazini Azərbaycanın bir hissəsi kimi tanıyır. Dağlıq Qarabağın ətrafında olan 7 rayon Ermənistan və Dağlıq Qarabağın hərbi rejimi tərəfindən işğal edilmişdir. Dağlıq Qarabağ bu gün qara ləkədir ki, Azərbaycanın və hər hansı bir beynəlxalq monitorinqin nəzarətindən tamamilə kənardadır. O ərazidən narkotik daşınması ilə bağlı bizim yetərli məlumatımız var. Orada terrorçular lövbər salıblar. Terrorçu düşərgələrinə ərazilər ayrılır. Qanunsuz iqtisadi fəaliyyət göstərilir, qaçaqmalçılıq çiçəklənir. Beynəlxalq nəzarət də yoxdur. Bugünkü dünyada hər bir ölkəyə beynəlxalq təşkilatlar tərəfindən və bu və ya digər şəkildə nəzarət edilə bilər. Dağlıq Qarabağ və keçmiş SSRİ-dəki digər separatçı rejimlərin olduğu ərazilər Avropada qara ləkələrdir. Münaqişə nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır. Onu da deyim ki, Azərbaycan tam müstəqil siyasət həyata keçirən ölkədir. Biz heç bir ölkədən asılı deyilik, yalnız Azərbaycan xalqının iradəsindən asılıyıq. Mən əminəm ki, ədalət və beynəlxalq hüquq üstün gələcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və təcavüzkar geriyə, yerinə çəkiləcəkdir.
CEFFRİ SƏKS: Çox sağ olun. Sual vermək istəyənlərin sayı çoxdur, onlardan üzr istəyirəm. Vaxt əvvəlcədən müəyyən olunubdur. Təhlükəsizlik xidməti gərək Prezidenti və nümayəndə heyətini müşayiət etsin. Yerlərinizdə əyləşin. Həmkarım, Liss Andersonu təqdim edirəm. Beynəlxalq və hökumət məsələləri fakültəsinin dekanı bəzi qeydləri ilə bugünkü sessiyamızı bağlayacaqdır.
LİSS ANDERSON: Çox sağ olun. Cənab Prezident, professor Səksə qoşularaq, bugünkü çıxışınıza görə zati-aliləri, minnətdarlığımı bildirmək istəyirəm. Çox fəxr eləyirik ki, bizdə, Kolumbiya Universitetində tələbələrin, müəllimlərin, tədqiqatçıların dünya liderləri ilə görüşməsi, onların fikrini öyrənməsi, cəmiyyəti narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparması ənənə halını almışdır. Dünyanın müxtəlif ölkələri haqqında daha dolğun təsəvvür yaratmaq olur. Sizə minnətdarıq ki, razılığınızı bildirib bizimlə bu söhbətə qatıldınız. Ümid edirəm ki, bu, davamlı söhbətin başlanğıcı olacaqdır. Beynəlxalq və hökumət məsələləri fakültəsinə Azərbaycandan 10 nəfər gəlibdir. Onların arasında Kaspian Trans Companidə, BMT İnkişaf Proqramında, Dünya Bakında, Azərbaycan Milli Bankında çalışanlar var. Bizim ən son məzunumuz Elşad İsgəndərov Azərbaycanın BMT-dəki nümayəndəliyində işləyir. Elə bilirəm ki, bunlar Azərbaycandan Kolumbiya Universitetinə gələn çoxsaylı nümayəndələrin yalnız bir qismidir. Ümid edirəm ki, hərbi sahədə, təhlükəsizlik, münaqişələrin həlli, insan haqları, humanitar məsələlər, enerji siyasəti və digər sahələrdə ekspertlər buraya gələcəklər. Biz də təhsilimiz vasitəsilə Azərbaycanın inkişafına, dünyanın qalan hissəsi ilə münasibətlərinə öz töhfəmizi verə biləcəyik. Bu, yalnız başlanğıc olmalıdır və cənab Prezident, Siz və Sizin həmkarlarınız bizimlə görüşmək üçün gələcəkdə də vaxt tapacaqsınız. Buraya gəldiyinizə görə çox sağ olun.
X X X
Universitetin rəhbərliyi görüşə və olduqca maraqla qarşılanan çıxışına görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha minnətdarlığını bildirdi və dövlətimizin başçısını böyük hörmət və ehtiramla yola saldı.