AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GƏNCƏYƏ SƏFƏRİ
BEYNƏLXALQ HAVA LİMANININ TİKİNTİSİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də səhər Gəncə şəhərinə gəlmişdir. Dövlətimizin başçısını hava limanında səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.
Prezident İlham Əliyev beynəlxalq hava limanında tikinti işlərinin gedişi ilə maraqlandı. “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov məlumat verdi ki, tikinti işlərinin müəyyən hissəsi artıq yerinə yetirilmişdir. Yeni aerovağzal binasının uzunluğu 130 metr, eni 43 metr, ümumi sahəsi 12 min kvadratmetr olacaqdır. Burada VİP salonu da nəzərdə tutulmuşdur.
Müxtəlif çeşidli yüklərin qəbulu və göndərilməsi üçün sahəsi 1000 kvadratmetr olan yük terminalı, hava limanının xüsusi texnikasının və maşın-mexanizmlərinin profilaktikası və təmiri üçün emalatxana, avtobaza, avtomobil qarajı, örtülü dayanacaq tikiləcəkdir.
Aerovağzalın köhnə inzibati binası isə əsaslı təmir edilərək, polis, gömrük və sərhəd xidməti əməkdaşlarının istifadəsinə veriləcəkdir.
Bu tikintiyə yerli işçilər cəlb olunmuşdur. Bütün işlər yüksək səviyyədə aparılır və vaxtında başa çatdırılacaqdır.
Sonra Prezident İlham Əliyev gələcək tikililərin maketləri ilə tanış oldu və tövsiyələrini verdi. Bildirdi ki, aerovağzal binasının milli arxitektura elementləri nəzərə alınmaqla tikilməsinə nail olmaq lazımdır ki, xarici görünüşü də gözəl olsun.
Sonra dövlətimizin başçısı avtobusla hava limanının ərazisini gəzdi, uzunluğu 3000 metr, eni 45 metr, sahəsi 135 min kvadratmetr olacaq uçuş-enmə zolağının tikintisi ilə tanış oldu.