Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
I HİSSƏ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ I HİSSƏ

-Nazirlər Kabinetinin bugünkü iclası 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmişdir. 2009-cu il dünyada maliyyə böhranı ili kimi tarixdə qalacaq və demək olar ki, bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət çəkmişlər. Baxmayaraq ki, Azərbaycan dünya iqtisadiyyatına çox uğurla inteqrasiya edir və bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirirlər, yenə də demək istəyirəm ki, buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir.

Qeyd etdiyim kimi, biz dünya iqtisadi proseslərinə getdikcə daha da sürətlə qoşuluruq. Azərbaycanda aparılan ciddi sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi. Ölkəmiz 2009-cu ildə də sürətlə inkişaf etməyə davam edirdi, bu dinamika saxlanılırdı.

2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bunu əyani şəkildə göstərmək üçün, sadəcə iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır.

Demək olar ki, bizim bölgədə və postsovet məkanında və geniş mənada qitədə ölkələrin tam əksəriyyəti böyük çətinliklərlə üzləşmişlər. O ölkələrdə iqtisadi inkişaf böyük dərəcədə aşağı düşmüşdür. Bəzi ölkələr demək olar ki, faciə astanasındadırlar. Ancaq bizdə vəziyyət tam başqadır və 9,3 faiz artan iqtisadiyyatımız, bir daha demək istəyirəm ki, 2009-cu ildə və ondan əvvəlki illərdə görülən işlərin nəticəsidir.

Sənaye istehsalı 2009-cu ildə 8,6 faiz artmışdır. Bu onu göstərir ki, sənayemiz də artıb. Azərbaycanda son illər ərzində sürətlə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatı 3,5 faiz artmışdır. Bu da çox önəmli göstəricidir. Çünki əgər sənayenin inkişafında, artırılmasında müəyyən dərəcədə neft amili də vardır. Kənd təsərrüfatının inkişafı sırf onu göstərir ki, Azərbaycanın qeyri-neft sektoru, o cümlədən ölkəmizdə həm iqtisadi və eyni zamanda, sosial məsələlərin həlli üçün vacib olan aqrar sahənin sürətlə artması görülən işlərimizin nəticəsidir.

2008-ci ilin də Azərbaycan üçün çox uğurlu olmasına baxmayaraq, 2008-ci ildə bizi narahat edən əsas məsələ inflyasiyanın yüksək həddə çatması idi. Yaxşı xatırlayırıq ki, 2008-ci ildə inflyasiya təxminən 21 faiz təşkil etmişdi. Onun da əlbəttə ki, obyektiv səbəbləri var idi. Çünki beş il ərzində sürətli artım istər-istəməz istehlak qiymətlərinin artmasına təsir göstərmişdi. Eyni zamanda, dünyada neftin qiyməti kəskin şəkildə artmışdı. Bu da birbaşa inflyasiyanın artımına xidmət göstərirdi.

Bu il isə inflyasiyanın səviyyəsi 1,5 faizdir. Bu onu göstərir ki, 2009-cu ildə biz makroiqtisadi sabitliyi saxlaya bildik. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret addımlar atdıq. İstehlak qiymətlərinə nəzarət böyük dərəcədə gücləndirilmişdir. Bütün bu amillər bugünkü vəziyyəti şərtləndirir. Beləliklə, hər bir ölkənin iqtisadi və sosial inkişafını müəyyən edən göstəricilər bu gün Azərbaycanda çox gözəldir, ürəkaçandır.

2009-cu ildə Azərbaycana investisiya qoyuluşu davam etmişdir. İl ərzində 9,2 milyard dollar investisiya qoyulmuşdur ki, bunların da 7,3 milyardı daxili sərmayələrdir. Bu da çox gözəl göstəricidir. Çünki bilirik ki, dünyada həm banklarda yaranmış ciddi vəziyyət, eyni zamanda, maliyyə resurslarının azaldılması istər-istəməz investisiya qoyuluşunun davamına müsbət təsir göstərə bilməzdi. Ancaq biz bütün imkanları səfərbər edib, həm dövlət, həm yerli şirkətlər, özəl sektorun xətti ilə, eyni zamanda, xarici şirkətlərin Azərbaycana marağını nəzərə alaraq, biz Azərbaycanda böyük həcmdə investisiya qoyuluşunu təşkil edə bildik. Burada da ölkəmizdə aparılan ümumi siyasət öz xüsusiyyətlərini göstərir.

Həm dövlət tərəfindən qoyulan əsaslı investisiyalar, eyni zamanda, yerli şirkətlərin böyüməsi və onların imkanlarının artırılması, onlar üçün gözəl şəraitin yaradılması, dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsait, kreditlər, subsidiyalar, başqa güzəştlər, ölkəmizdə güclü infrastruktur layihələrinin icrası, hər yerdə yollar, elektrik stansiyaları, sosial obyektlərin yaradılması, digər tərəfdən xarici investorlar üçün də yaxşı şəraitin yaradılması amilləri bax bu vəziyyətə gətirib çıxarıbdır. Mən əminəm ki, Azərbaycan gələcək illərdə də həm daxili, həm xarici investorlar üçün cəlbedici ölkə kimi öz marağını saxlayacaq və biz növbəti illərdə, keçən il - 2009-cu ildə başlanmış layihələrin və yeni layihələrin icrası nəticəsində daha da böyük dərəcədə investisiya qoyuluşunu görəcəyik.

2009-cu ildə Azərbaycanda bir neçə nəhəng layihənin təməli qoyuldu, yaxud da ki, o layihələrin müəyyən hissəsi icra edildi. Xarici investorlar tərəfindən maliyyələşdirilən yeni böyük sement zavodunun təməl daşı qoyuldu. Ora qoyulacaq investisiyaların məbləği təxminən 400 milyon dollar səviyyəsindədir. Azərbaycan dövləti tərəfindən ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük dərəcədə xidmət edəcək yeni məişət tullantıları emalı zavodunun təməli qoyuldu. Ora qoyulacaq investisiyalar təxminən 400 milyon dollar səviyyəsindədir. “Sumqayıt texnopark”ın müəyyən hissəsi artıq istifadəyə verildi və orada nəhəng tikinti-quraşdırma işləri aparılır. Sumqayıtın həqiqətən müasir sənaye şəhərinə çevrilməsi üçün bu texnoparkın çox böyük əhəmiyyəti vardır. Oraya, ümumiyyətlə, qoyulacaq investisiyaların həcmini indi hesablamaq çətindir. Amma nəzərə alsaq ki, orada ən azı 10 nəhəng zavod qurulacaq, yəqin investisiyaların həcmi 100 milyon dollarla ölçüləcəkdir. Mən təkcə 3 layihəni qeyd etdim. Bu layihələrin hər biri ölkə üçün çox böyük əhəmiyyətə malikdir. Bu onu göstərir ki, həm dövlət, həm xarici, həm yerli sahibkarların xətti ilə Azərbaycana qoyulan sərmayələrin həcmi artır. Biz gələcəkdə də bu siyasəti davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün bunun çox böyük və əhəmiyyətli nəticələri olacaqdır.

2009-cu ildə valyuta ehtiyatlarımız artdı. Deyə bilərəm ki, bu da çox gözəl göstəricidir. Çünki ağır maliyyə böhranı ilində valyuta ehtiyatlarının artırılması hər bir yerdə müşahidə olunmur. Bizim indi valyuta ehtiyatlarımız 20,4 milyard dollar təşkil edir. Bu, böyük məbləğdir. Bu bizə imkan verir ki, gələcəkdə də özümüzü çox rahat hiss edək. Bizim heç kimin yardımına ehtiyacımız yoxdur, öz hesabımıza yaşayırıq. Nəzərə alsaq ki, görülən tədbirlər nəticəsində 2010-cu ildə daha da böyük işlər aparılacaq, əminəm, 2010-cu ilin yekunlarına görə valyuta ehtiyatlarımız daha da artacaqdır.

Bu, bizə imkan verir ki, makroiqtisadi sabitliyi qoruyaq, ölkədə gedən bütün sosial proqramları, bütün infrastruktur layihələrini vaxtında icra edək. 2010-cu ildə həyata keçiriləcək investisiya layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət göstərməlidir. Biz tezliklə investisiya proqramını təsdiq etməliyik. Vaxt itirmədən maliyyə vəsaiti ayrılmalıdır ki, 2010-cu ildə də sürətli inkişafımızı davam etdirək.

Keçən il regionların sosial-iqtisadi inkişafı prosesi uğurla davam etmişdir. Ümumiyyətlə, keçən il 74 min yeni iş yeri açılmışdır. Bu da onu göstərir ki, bu proses davam edir. Baxmayaraq ki, biz işsizliklə bağlı əsas məsələləri demək olar həll etmişik. Bu gün xarici vətəndaşlar var ki, Azərbaycana işləməyə gəlmək üçün müraciət edirlər. Azərbaycana xaricdən gələn miqrantların sayı artır və bu məsələyə də biz ciddi nəzarət etməliyik. Elə etməliyik ki, xaricdən Azərbaycana işləməyə gələn vətəndaşlar qanunlarımıza hörmətlə yanaşsınlar. Əminəm ki, Azərbaycana xoş niyyətlə gələn insanların, turistlərin yəqin ki, işçi qüvvəsinin sayı artacaqdır. Çünki Azərbaycanda indi böyük tikinti-quraşdırma işləri nəzərdə tutulur. Ancaq bütün bu işlər, yenə deyirəm ki, Azərbaycan qanunlarına hörmət əsasında görülməlidir.

İş yerləri ilə bağlı, qeyd etdiyim kimi, demək olar ki, əsas məsələlər öz həllini tapdı. Halbuki hələ ki, işsizlik vardır və biz işsizliklə bundan sonra da mübarizə aparacağıq. Amma bu böyük sosial bəlanın əsas hissəsi həll olundu. Bunu göstərən həm son 6 il ərzində yaradılmış 840 min iş yeri, eyni zamanda, Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayının azaldılmasıdır. Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu gün bu göstərici 11 faizdir. Əgər 2008-ci ilin yekunları ilə müqayisə etsək, görərik ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə düşmüşdür. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, hətta böhranlı ildə Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb. Bu mübarizənin praktik nəticələri vardır və Azərbaycan vətəndaşları gündən-günə daha da yaxşı yaşamağa başlayırlar.

Demək olar ki, Azərbaycanın iqtisadi göstəriciləri bundan ibarətdir. Sosial proqramların həlli həmişə olduğu kimi, böyük əhəmiyyət kəsb edir. Mən qeyd edə bilərəm ki, burada da bütün sosial proqramlar vaxtında icra edildi, ünvanlı sosial yardım proqramı davam etdi. 2009-cu ildə Azərbaycanda 64 məktəb tikilmişdir. 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük olimpiya kompleksi istifadəyə verilmişdir. Bu onu göstərir ki, hətta maliyyə imkanlarımız bir az azalanda da biz sosial infrastrukturun inkişafı üçün lazımi tədbirləri görürük, maliyyə vəsaiti ayırırıq və beləliklə, Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır. Böyük infrastruktur layihələrinin icrası davam edir. Bütün istiqamətlərdə həm magistral, həm də şəhərlərarası yollar çəkilir.

2009-cu ildə Azərbaycanda 840 meqavatlıq yeni enerji gücləri yaradılmışdır. “Sumqayıt”, “Şahdağ” böyük elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. Biz əvvəlki illərdə tikilmiş stansiyalarda yenidənqurma işləri nəticəsində əlavə güclərin yaradılmasına nail ola bildik. Beləliklə, biz özümüzün enerji tələbatını tam şəkildə təmin edirik. Bu, artıq uzun müddətdir ki, belədir və ixrac üçün də gözəl imkanlar vardır. Biz bu imkanlardan istifadə edirik. Xarici ölkələrə Azərbaycanın elektrik enerjisinin ixracı artır. Gələcək illərdə görüləcək tədbirlər nəticəsində biz bu işləri daha da böyük həcmdə görəcəyik. Biz 2010-cu ildə isə görülən işlər nəticəsində ən azı əlavə 400 meqavat elektrik enerjisinin istifadəyə verilməsini gözləyirik. Beləliklə, Azərbaycan nəinki neft-qaz ixracı ilə öz imkanlarını genişləndirəcək, eyni zamanda, elektrik enerjisini xaricə böyük həcmdə satmaqla məşğul olacaqdır. İndi bütün infrastruktur yaradılır.

Qazlaşdırma prosesi uğurla davam etdi. Biz bu sahədə daha da böyük işlər görə bilərik və görürük. Bilirsiniz ki, bu yaxınlarda əhalinin qazdan istifadəyə görə yaranan bütün borcları silindi, bağışlandı və beləliklə, biz insanları böyük əziyyətdən xilas etdik. Çünki o borcların yığılması prosesi artıq uzun illər idi ki, davam edirdi. Bəzi hallarda bu, təbii narazılığa səbəb olurdu. Bəzi hallarda insanların maliyyə imkanları o borcu ödəməyə imkan vermirdi. Biz bütün bunları başa düşməliyik. Azərbaycan xalqı ildən-ilə yaxşı yaşayır. Ancaq hələ ki, çətin vəziyyətdə yaşayanlar da vardır. Biz onlara daim qayğı göstərməliyik, onların problemlərini həll etməliyik. Bu məqsədlə ünvanlı sosial yardım proqramı icra edilir. Bu məqsədlə digər başqa yardımlar edilir. Qazdan istifadəyə görə olan borclar silindi. Halbuki bu, Azərbaycan büdcəsi üçün o qədər də asan məsələ deyildi. Təxminən 400 milyon dollar həcmində - 330 milyon manat məbləğində vəsait silindi. Ümid edirəm və əminliyimi bildirmək istəyirəm ki, bundan sonra əhali qaz pulunu və ümumiyyətlə, bütün kommunal xərcləri vaxtında ödəyəcəkdir. Borclar yaranmamalıdır. Çünki yığılan vəsait büdcənin təmininə yönəldilir. Nə qədər çox vəsait yığılsa, bizim imkanlarımız o qədər də çox artacaq, pensiyalar, maaşlar o qədər də çox artırılacaq və bütün başqa işlər də görüləcəkdir.

Yəni, demək istəyirəm ki, sosial məsələlərin həlli həmişə olduğu kimi, bizim üçün prioritet məsələlər olmuşdur. Baxmayaraq ki, böhranlı ildir, yaxud da ki, neftin qiyməti aşağı düşüb, yuxarı qalxıb. Bütün bunlar əlbəttə ki, Azərbaycanın iqtisadiyyatına təsirsiz ötüşmür. Ancaq sosial məsələlər həmişə prioritet olaraq qalır və qalacaqdır. Gələcək illərdə də bu sahədə bir dənə də yubanma, yaxud da ki, geriləmə olmamalıdır və olmayacaqdır.

2009-cu ildə xarici siyasət sahəsində çox vacib addımlar atılmışdır. Azərbaycanın xarici əlaqələri daha da gücləndirilmişdir. Mənim çoxsaylı xarici səfərlərim, xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri Azərbaycanın dünya miqyasında tanınmasında və mövqeyimizin güclənməsində böyük rol oynamışdır. Dostlarımızın, strateji tərəfdaşlarımızın, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz də bundan çox razıyıq və həmişə olduğu kimi, bütün ölkələrlə əlaqələrimizi qarşılıqlı hörmət, bir-birimizin işlərinə qarışmamaq, qarşılıqlı etimad və qarşılıqlı maraqlar əsasında qururuq. Əminəm ki, gələcəkdə bu meyillər daha da gücləndiriləcək, xarici əlaqələrimiz daha da çoxşaxəli və möhkəm olacaqdır.

Xarici siyasətimizin əsas məsələsi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində 2009-cu ildə praktiki nəticələr əldə edilməsə də, hesab edirəm ki, müəyyən irəliləyiş olmuşdur. Artıq məsələnin hansı yolla həll olunması daha da dəqiqləşdi. Keçən ilin sonunda Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən iclasda məsələ ilə bağlı qəbul edilmiş sənəd münaqişənin hansı yollarla həll olunmasını açıq-aydın göstərir. Orada göstərilir ki, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, önəmli məqam ondan ibarətdir ki, ilk dəfə olaraq Ermənistan bu sənədə qoşuldu, buna qol çəkdi və beləliklə, məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını etiraf etdi. O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə məsələlərinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bütün beynəlxalq sənədlər məhz bu yanaşmanı müdafiə edir, o cümlədən 1975-ci ildə Helsinkidə qəbul edilmiş, bu gün üçün də əsas olan sənəd məsələnin məhz bu yolla həll olunmasını göstərir.

Xalqların öz müqəddəratını təyinetmə məsələləri ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və bu məsələ yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu düstur Dağlıq Qarabağ məsələsinin həlli üçün hesab edirəm ki, həlledici ola bilər. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. Bütün işğal edilmiş torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Bizim soydaşlarımız - məcburi köçkünlər ora qayıtmalıdırlar. Təhlükəsizlik tədbirləri görülməlidir. Gələcəkdə Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövləti tərkibində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir. Qeyd etdiyim kimi, Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən görüşdə qəbul edilmiş sənəd məhz bu yanaşmanı təsdiq edir. Ondan əvvəl - 2008-ci ildə Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə imzaladıqları bəyanatda da məhz bu yanaşma göstərilir. Məsələ beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qətnamələr və qərarlar əsasında həll olunmalıdır. Bu hansı qərarlar və qətnamələrdir - bunu siyasətdən bir az başı çıxan adam dərhal deyə bilər. İlk növbədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi - hansılar ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT-in sənədləri, digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər ki, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və heç vaxt müzakirə mövzusu olmayıbdır. Ərazi bütövlüyü bu məsələ ilə məşğul olan Minsk qrupunun bütün üzvləri tərəfindən tanınıb, bu barədə dəfələrlə bəyanatlar verilmişdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunmalıdır.

Bizim məsələ ilə bağlı prinsipial mövqeyimiz bundan ibarətdir. Biz çalışacağıq ki, bundan sonra da bu mövqeyimizi möhkəmləndirək, gücləndirək. Siyasi və hüquqi cəhətdən əlbəttə ki, bu məsələ açıq-aydındır. Yəni heç kimdə şübhə doğurmur. Biz öz mövqeyimizi, eyni zamanda, iqtisadiyyatımızın, ordu potensialımızın möhkəmlənməsi ilə daha da gücləndirməliyik.

Bu sahədə də çox vacib işlər görülüb. 2009-cu ildə Müdafiə Sənayesi Nazirliyinin xətti ilə çox böyük işlər görülübdür və biz özümüzü daha da böyük həcmdə hərbi texnika, silah-sursatla təmin edirik. Bununla bərabər, xaricdən 2009-cu ildə çoxsaylı hərbi yönümlü texnika, silah-sursat alınmışdır. Bizim ümumi hərbi xərclərimiz 2 milyard dollara bərabərdir. Biz bu məsələ ilə bağlı səylərimizi daha da gücləndirməliyik. Bu məsələlərlə gündəlik məşğul olmalıyıq.

Azərbaycanın hərbi və ordu potensialının gücləndirilməsi, hesab edirəm ki, danışıqlar prosesində ən vacib rollardan birini oynayır. Mən hesab edirəm ki, son müddət ərzində danışıqlarda müşahidə olunan dinamika, yəni müsbətə doğru dinamika, o cümlədən Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının gücləndirilməsinin nəticəsidir.

Beləliklə, hesab edirəm ki, 2009-cu ilin yekunları çox uğurlu olmuşdur. 2009-cu ildə biz qarşıya qoyduğumuz bütün məsələlərə nail olduq. İndi 2010-cu il başlayır. Biz 2010-cu ili də uğurla başa vurmalıyıq. Bu il də çox önəmli il olacaqdır. Bütün proqramlar, layihələr, nəzərdə tutulmuş bütün məsələlər öz həlini tapmalıdır və əminəm ki, tapacaqdır. Beləliklə, ölkəmiz bundan sonra da uğurla inkişaf etməyə davam edəcəkdir.

İndi isə keçək müzakirələrə və söz verilir maliyyə naziri Samir Şərifova.

 

X X X

Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Yola saldığımız 2009-cu il dövlətimizin iqtisadi qüdrətinin, idarəetmə qabiliyyətinin səviyyəsinin qiymətləndirilməsi baxımından əlamətdar bir il kimi çağdaş tariximizə daxil olmuşdur.

2008-ci ildə dünyanın əsas maliyyə mərkəzlərində başlayan maliyyə-iqtisadi böhran 2009-cu ildə dünya iqtisadiyyatını bürüyərək istisna olmadan bütün ölkələrə öz mənfi təsirini göstərmişdir.

Böhran qlobal ticarətə, sərnişin və yük daşımalarına, maliyyə və investisiya axınlarına ciddi zərbə vurmuş, kreditləşmə imkanlarını daraltmış və bir çox ölkələrdə, o cümlədən əksər inkişaf etmiş ölkələrdə kəskin iqtisadi tənəzzül yaratmışdır. Beynəlxalq Valyuta Fondu 2009-cu ildə dünya iqtisadiyyatının 1,1 faiz səviyyəsində enməsi fonunda dünya üzrə ticarət dövriyyəsinin 11 faizdən artıq azalmasını bildirir. Böhranın dalğası Azərbaycanın yerləşdiyi bölgədəki ölkələri də sarsıdaraq həmin dövlətlərdə iqtisadi vəziyyətin pisləşməsinə, ümumi daxili məhsulun həcminin azalmasına gətirib çıxarmışdır. MDB-nin üzvü olan bir çox dövlətlərdə bu azalma 6 faizdən yüksək olmuşdur.

Böhran investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarını məhdudlaşdırmış, milli valyutaların məzənnələrini kəskin aşağı salmış, yüksək inflyasiya törətmişdir. Bu ölkələr öz iqtisadi vəziyyətini tənzimləmək və böhranın nəticələrini aradan qaldırmaq üçün təcili maliyyə dəstəyinin göstərilməsi ilə bağlı beynəlxalq maliyyə-kredit təşkilatlarına və bəzi ölkələrə üz tutmuşlar.

Samir Şərifov dünyada baş verən maliyyə-iqtisadi böhranının məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatına minimum təsir göstərdiyini və nəzərdə tutulan sosial proqramların həyata keçirildiyini bildirərək dedi:

- Möhtərəm Prezident!

Yuxarıda qeyd etdiyim amillər 2009-cu ilin maliyyə-iqtisadi mənzərəsinin tərkibi olmaqla, ötən il Azərbaycan hökumətinin qarşılaşdığı çətinlikləri özündə əks etdirir. Bütün bu çətinliklərə, əlverişsiz xarici mühit amillərinə baxmayaraq, dövlətimizin başçısının göstərişləri əsasında həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca qətiyyətli və çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz böhranın fəsadlarını uğurla dəf etməyə nail olmuşdur. Ötən il qlobal böhranın fəsadları ölkə iqtisadiyyatına sirayət etsə də, onun gündəlik həyatında praktiki olaraq hiss edilməmişdir. Bütün sosial proqramlar və tədbirlər fasiləsiz icra olunmuş, qarşıya qoyulmuş vəzifələr öz həllini tapmışdır.

Ölkə iqtisadiyyatının artmasının 2009-cu ildə davam etməsi, ümumi daxili məhsulun real artımının böhran ili üçün çox yüksək - 9,3 faiz səviyyəsində əldə edilməsi Azərbaycan dövlətinin tarixin bu sınağından da uğurla çıxmasının əyani sübutudur, siyasi və iqtisadi idarəetmənin kamilliyinin göstəricisidir. Bu mühüm nailiyyətin əldə edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə yaradılan maliyyə-iqtisadi potensial, aparılan iqtisadi islahatlar, enerji, nəqliyyat, ərzaq və iqtisadi təhlükəsizliyi özündə birləşdirən müasir təhlükəsizlik şəbəkəsinin ardıcıl sürətdə qurulması hesabına mümkün olmuşdur.

Böhrana baxmayaraq, 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına, ölkədə orta aylıq əmək haqqı 6,8 faiz artaraq 298 manata çatmışdır. Onu da qeyd etmək yerinə düşər ki, ötən müddət ərzində manatın dəyəri də sabit qalmış, inflyasiya 1,5 faiz təşkil etmişdir. Ötən ilin dekabr ayında “Standard & Poors” dünyanın aparıcı beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli “BB+” kredit reytinqi təsdiq edilmiş və yaxın gələcəkdə yeni investisiya reytinqi almaq imkanının göstəricisi olan reytinq üzrə proqnoz sabit səviyyədən müsbət səviyyəsinə yüksəldilmişdir. Reytinq proqnozunun artırılması Azərbaycanın qısa müddət ərzində investisiya reytinqi (“BBB-”) səviyyəsinə yüksəlməsinə nəhəng dəstək ola bilər. Onu da qeyd etmək istərdim ki, 2008-ci ilin ikinci yarısından etibarən dünyanı bürüyən maliyyə-iqtisadi böhran şəraitində “Standard & Poors” şirkətinin reytinqini yenidən qiymətləndirdiyi ölkələr sırasından reytinqin müsbət istiqamətdə dəyişməsi ilk dəfə olaraq məhz Azərbaycan Respublikası üçün qeydə alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu münasibətlə qeyd etdiyi kimi, böhran hər bir ölkənin iqtisadi və siyasi potensialını ortaya qoydu. Böhran ili kimin nəyə qadir olduğunu çox açıq və aydın şəkildə göstərdi.

Möhtərəm Prezident!

Tapşırığınıza uyğun olaraq 2009-cu ildə sosialyönümlü tədbirlərin və xərclərin büdcə icrasına üstünlük verilmiş, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi tam təmin edilmişdir.

Bu məqsədlər üçün dövlət büdcəsindən 2 milyard 903 milyon manat, o cümlədən onun cari xərclərindən 2 milyard 763 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur.

2009-cu ildə 2008-ci illə müqayisədə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat xərcləri 24,6 faiz, təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 12,9 faiz artmışdır.

Böhran ilinə baxmayaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə əhalinin 1 oktyabr 2009-cu il tarixə təbii qazdan istifadə üzrə yaranmış 330 milyon manat məbləğində borcları dövlət büdcəsinin vəsaiti hesabına silinmişdir. Aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 60 manata çatdırılmış, ünvanlı sosial yardımların göstərilməsi məqsədi ilə dövlət büdcəsindən 180 milyon manat vəsait istifadə olunmuşdur ki, bu da 700 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir.

Əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən respublikanın 22 rayonunda və Bakı şəhərinin Qaradağ, Suraxanı, Yasamal, Əzizbəyov və Sabunçu rayonlarında əlillər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisinə 46,2 milyon manat vəsait yönəldilmişdir.

2009-cu il də məcburi köçkünlərin sosial-məişət və məskunlaşma şəraitinin yaxşılaşdırılması və yaşayış qəsəbələrinin tikintisi istiqamətində də vacib mərhələ olmuşdur. İl ərzində Dövlət Neft Fondundan həmin məqsədlərə 90 milyon manat vəsait sərf olunmuşdur.

Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən təhsil və səhiyyə obyektlərinin tikintisi və yenidən qurulmasına 140 milyon manat vəsait yönəldilmişdir. Yeni məktəblərin tikintisi, məktəblərin əsaslı təmiri və yenidənqurulması, uşaq bağçalarının əsaslı təmiri, dövlət ali təhsil müəssisələrinin əsaslı təmiri və yenədənqurulması məhz bu vəsait hesabına həyata keçirilmişdir.

2009-cu ildə dövlət büdcəsi xərclərində aqrar və ətraf mühitin mühafizəsi xərcləri 2008-ci ilə nisbətən 38,5 faiz, mənzil və kommunal təsərrüfat xərcləri 24,9 faiz, ümumi dövlət xidmətləri xərcləri 14,7 faiz, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri 21,5 faiz çox olmuşdur.

Möhtərəm cənab Prezident!

Regionların iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının 2009-cu ildə icrasına başlanılması, qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına güclü təkan vermişdir.

2009-cu il xüsusilə sahibkarlığın inkişafı, o cümlədən müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi ilə səciyyəvi olmuşdur.

Qlobal maliyyə böhranı şəraitində belə ölkə Prezidentinin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair ötən ildə qanunvericiliyə dəyişikliklər edilmişdir.

“Xüsusi iqtisadi zonalar haqqında” qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu ölkədə yeni rəqabət qabiliyyətli istehsal sahələrinin yaranmasına, qeyri-neft məhsullarının ixracının artmasına, ümumən sahibkarlığın inkişafına öz töhfəsini verəcəkdir.

Yuxarıda qeyd olunanlarla yanaşı, ötən ildə dövlət büdcəsindən Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılmasına 70 milyon manat vəsait yönəldilmişdir. Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kreditlər verilmişdir ki, bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Kreditlərin 70 milyon manatı dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına təmin edilmişdir. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilmişdir ki, bunun da 99,2 faizi regionların payına düşür.

Samir Şərifov ölkə iqtiasadiyyatının daha da inkişafı üçün makroiqtisadi sabitliyin qorunması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və digər istiqamətlərdə tədbirlərin davam etdiriləcəyini vurğuladı:

-Möhtərəm Prezident!

Ötən il ölkəmizin bazar iqtisadiyyatına keçidinin başa çatması ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirir. Bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas qüvvəyə çevrilməsidir.

Cənab Prezident, qeyd etdiyiniz kimi, gələcəkdə Azərbaycan iqtisadiyyatı daha çox sahibkarlıq fəaliyyətindən asılı olacaqdır. Sahibkarlığa hərtərəfli dəstəyin göstərilməsi 2010-cu ildə də hökumətin qarşısında qoyduğunuz əsas vəzifələrdən biridir.

Hesab edirəm ki, cari ildə və ortamüddətli perspektivdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, nəqliyyat, kommunal, enerji, rabitə infrastrukturunun dövlət tərəfindən yaradılması və yenidən qurulmasının davam etdirilməsi, uzunmüddətli və ucuz kreditlərin alınmasına sahibkarların çıxış imkanlarının artırılması, qeyri-strateji dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi sahibkarlığın inkişafına əlavə güclü impuls verməklə, qoyduğunuz vəzifənin icrasına sanballı təkan olacaqdır.

2009-cu ilin nəticələri cari il üçün müəyyən olunmuş büdcə-vergi və makroiqtisadi siyasətində nəzərə alınır. Qlobal maliyyə-iqtisadi böhranın sönmə fazasına keçməsi, bir çox ölkələrdə iqtisadi artımın bərpa edilməsi, maliyyə-kredit bazarlarında baş verən canlanma, ölkəmizin ixrac yönümlü mallar üzrə dünya bazarlarında ədalətli qiymətlərin bərqərar olunması 2010-cu ildə Azərbaycan iqtisadiyyatının inkişafı, xalqın rifah halının müəyyən etdiyiniz strateji xəttə uyğun olaraq, ardıcıl şəkildə yaxşılaşdırılması, ölkəmizin maliyyə mövqeyinin daha da möhkəmləndirilməsi üçün münbit zəmin yaradır.

Cənab Prezident, icazə verin, Sizi əmin edim ki, bu zəmində ölkə iqtisadiyyatının dayanıqlı və stabil inkişafı, qarşıya qoyduğunuz vəzifələrin icrası üçün ölkəmizin maliyyə orqanları öz səylərini əsirgəməyəcəklər.

X X X

Qlobal maliyyə və iqtisadi böhranla bağlı beynəlxalq səviyyədə həyata keçirilən kompleks tədbirləri xarakterizə edən Mərkəzi Bankın idarə heyətinin sədri Elman RÜSTƏMOV bu baxımdan Azərbaycanda da əsaslı tədbirlərin reallaşdırıldığını diqqətə çatdıraraq dedi:

-Milli iqtisadiyyatımız qlobal iqtisadiyyata kifayət qədər inteqrasiya olunmuşdur. Ölkənin ümumi daxili məhsulunun üçdəiki hissəsi ixrac edilir və ölkədə iqtisadi artımın yarıdan çoxu xarici tələb amilləri hesabına formalaşıb.

-Ölkənin maliyyə və iqtisadiyyat strukturları, son dövrlərdə, xüsusilə də iqtisadi bum dövründə beynəlxalq maliyyə bazarlarından əhəmiyyətli dərəcədə vəsaitlər cəlb etmişdilər və bu, bazarın çox fəal iştirakçılarından idi. Belə bir şəraitdə böhranın başlanması ölkə iqtisadiyyatına xarici mühitdən bir sıra mənfi təsirlər gətirmiş oldu. İlk növbədə, ölkənin əsas ixrac xammalı - neftin qiyməti, təbii ki, qlobal tələbin azalması və qeyri-sabitlik şəraitində neftin orta qiyməti 2008-ci ilə nisbətən 2009-cu ildə təxminən 1,5 dəfə azaldı, bizim hesablarımıza görə 90 ABŞ dollarından 62 dollara düşübdür. Qeyd etmək lazımdır ki, neftin hər barrelinin qiymətinin 10 dollar düşməsi Azərbaycanın tədiyyə balansı üçün 2 milyard ABŞ dolları deməkdir. Baxmayaraq ki, biz tədiyyə balansımızın profisitini il ərzində 11 milyard ABŞ dolları səviyyəsində gözləyirdik. Amma ilkin gözləntimiz təxminən 16 milyard dollar idi.

Qlobal maliyyə-pul bazarlarının sıxıntısı şəraitində bankların, milli şirkətlərin xaricdən borc almaları, onların yenidən maliyyələşməsi imkanları nəinki məhdudlaşdı, hətta bir sıra borcların vaxtından əvvəl qaytarılması tələb olundu. Belə şəraitdə təkcə Azərbaycan bankları il ərzində 1,2 milyard dollar borcu qaytardılar.

İqtisadi artımın digər maliyyə mənbələri də sıxıntı keçirdi. Məsələn, xaricdə yaşayan soydaşlarımızın pul baratları 2008-ci ildə təxminən 1 milyard dollar olmuşdur. Baxmayaraq bu, Azərbaycan iqtisadiyyatının miqyası üçün bəlkə də bir o qədər böyük rəqəm deyildir, amma bunun sosial baxımdan, xüsusilə də regional baxımdan əhalinin sosial vəziyyətinin təmin olunmasında çox böyük əhəmiyyəti vardır. İl ərzində bu baratların da həcmi həmin ölkələrdə olan problemlərlə əlaqədar 20 faizə qədər azalmışdır.

Belə bir şəraitdə milli iqtisadiyyatımız bir sıra mühüm risklərlə qarşılaşdı. Bu risklərdən danışarkən ilk növbədə makroiqtisadi sabitliyin pozulması, yəni başqa ölkələrdə olduğu kimi, milli valyutanın devalvasiyası, Sizin qeyd etdiyiniz kimi, artıq yüksək olan inflyasiyanın daha da sürətlənməsi və nəticədə əhalinin sosial vəziyyətinin pisləşməsi riskini qeyd etmək lazımdır.

İkincisi maliyyə-bank sistemində sabitliyin pozulması riskidir. Bütün dünyada baş vermiş bu proseslərin nəticəsi olaraq, biz bilirik ki, maliyyə sistemimiz əhəmiyyətli psixoloji və iqtisadi təsirlərə məruz qalmışdır. Bum dövründə bu banklar və bir sıra şirkətlər, o cümlədən dövlət şirkətləri çox böyük investisiya və inkişaf proqramları reallaşdırırdılar və deyildiyi kimi, bu, əhəmiyyətli dərəcədə beynəlxalq bazarlara arxalanırdı. Belə bir şəraitdə həmin şirkətlər və banklar çox ciddi risklərə məruz qaldılar. Nəticədə yüksək iqtisadi artım tempinin itirilməsi, yaradılmış işlərin əhəmiyyətinin azalması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində son illər əldə olunmuş mühüm nəticələrdən geri çəkilmək kimi risk yarandı. Lakin bu gün artıq tam əminliklə demək olar ki, bütün bunlar arxada qalmışdır. Bu mənfi təsirlərə, risklərə baxmayaraq, ölkə iqtisadiyyatı qlobal böhrana kifayət qədər dayanıqlılıq və dözümlülük nümayiş etdirdi.

Möhtərəm cənab Prezident!

Bunun əsas səbəbi son illər həyata keçirdiyiniz uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası, nəticədə toplanmış maliyyə-valyuta ehtiyatları hesabına iqtisadiyyatda yüksək dayanıqlıq potensialının yaradılması, Sizin tərəfinizdən vaxtında irəli sürülmüş səmərəli antiböhran strategiyasının reallaşdırılması olmuşdur.

Mərkəzi Bank da antiböhran siyasətinin həyata keçirilməsində öz mandatı çərçivəsində iştirak etmişdir. Bu zaman bizim əsas diqqətimiz üç əsas məqsədin reallaşmasına istiqamətlənmişdir: birincisi, makroiqtisadi sabitliyin qorunması; ikincisi, bankların və sistem əhəmiyyətli müəssisələrin maliyyə sabitliyinin təmin olunması; üçüncüsü, iqtisadi artımın və yüksək məşğulluğun dəstəklənməsi.

Milli valyutanın sabitliyinin təmin olunması Mərkəzi Bankın antiböhran siyasətinin aparıcı elementi idi. Qlobal böhranın təsirləri və qonşu ölkələrdə məzənnə “çökmələri” ilə bağlı devalvasiya psixozu şəraitində soyuqqanlılıq nümayiş etdirmək və manatın sabitliyini qorumaq lazımdır. Sizdən aldığımız siyasi dəstək əsasında manatın sabitliyinin təmin edilməsi üçün zəruri tədbirlər görüldü. Xüsusilə də ötən ilin birinci rübündə bu təzyiq olduqca əhəmiyyətli idi. Baxmayaraq, müəyyən resurslar buna sərf olundu, bütövlükdə artıq Siz də qeyd etdiyiniz kimi, 2009-cu ildə ölkənin strateji valyuta ehtiyatları başqa ölkələrdə olduğu kimi, nəinki azaldı, təxminən 3 milyard dollara qədər artaraq 20 milyard dolları ötüb keçdi. Mən hesab edirəm ki, bu, böhran ilində çox yüksək nəticədir və qeyri-adi bir nəticədir ki, həm milli valyutanın sabitliyi, bütövlükdə ölkədə makroiqtisadi sabitliyin qorunması, strateji valyuta ehtiyatlarının artımı ilə müşayiət olunur.

Sabit manat həm istehlak, həm də istehsal təyinatlı idxalın kəskin bahalaşmasının qarşısını aldı. Bu, həmçinin əhalinin əmanətlərinin kəskin şəkildə dəyərdən düşməsi, valyutada olan xarici borc yükünün artması, manata ictimai inamın aşağı düşməsi kimi təhlükələri neytrallaşdırdı.

Möhtərəm cənab Prezident!

İlin yekunları yürüdülən siyasətin düzgünlüyünü təsdiq etdi. Devalvasiya yolunu seçmiş ölkələrin başlıca tədbiri, - bu yolu isə onlar məcburi olaraq seçmişdilər, çünki onların buna imkanları yox idi, - göstərdi ki, onlar yüksək inflyasiya, iqtisadi tənəzzül və işsizlik problemləri ilə üzləşdilər. Mən təkcə Ermənistanı misal gətirmək istəyirəm. Ermənistanın valyutası 20 faiz devalvasiyaya uğradı və bütövlükdə, burada iqtisadi tənəzzül ilkin qiymətləndirmələrə görə 15,6 faiz təşkil edir. Bu, onların orta iqtisadi illik artımını nəzərə alsaq, təxminən iqtisadiyyatın, iqtisadi potensialının 2-3 il geriyə atılması deməkdir.

Yüksək inflyasiyanın qarşısı alındı. İlin yekunlarına görə, ölkədə orta illik inflyasiya səviyyəsi 1,5 faiz olmuşdur ki, bu da 2004-2008-ci illərdəki orta inflyasiya səviyyəsindən təxminən 10 dəfədən çox azdır. Manatın sabitliyi və aşağı inflyasiya böhran ilində əhalinin real gəlirlərinin artım tempinin təxminən 6 faiz səviyyəsində saxlanmasını təmin etdi. Həm də iqtisadiyyatın rəqabət qabiliyyətinə də müsbət təsir göstərdi. Milli istehsalçıların orta çəkili qiymətləri ticarət tərəfdaşı ölkələrindəki qiymətlərdən təxminən 6 faiz aşağı düşdü.

Daxili və xarici maliyyə mənbələrinin azalması şəraitində əsas vəzifələrdən biri iqtisadiyyatın pula olan tələbatının ödənilməsi idi. Bunun üçün Mərkəzi Bankın pul siyasəti ciddi şəkildə yumşaldıldı, uçöt dərəcəsi 15 faizdən 2 faizədək azaldıldı. Bütünlükdə 2009-cu il ərzində Mərkəzi Bankın xalis emissiyası 1,8 milyard manat təşkil etdi və yaxud ümumi daxili məhsulun 5 faizinə bərabər oldu.

Bütövlükdə manat üzrə kreditlər iqtisadiyyatda 3 faiz həcmində aşağı düşdü. Mərkəzi Bank sistem əhəmiyyətli müəssisələrə - Azərbaycan Dövlət Neft Şirkəti və “Azəralüminium” Səhmdar Cəmiyyətinə zəruri yardım göstərdi. Bu yardım onların xarici borclarının restrukturizasiyasına və maliyyə vəziyyətinin stabilləşməsinə imkan verdi.

Dünya maliyyə böhranının dərinləşdiyi şəraitdə bank sistemi də, təbii ki, bir sıra təhlükəli xarici risklərə məruz qaldı. Bu risklərin reallaşması maliyyə sabitliyinin ciddi pozulmasına gətirib çıxara bilərdi. Təkcə onu demək kifayətdir ki, böhrandan qabaqkı iqtisadi yüksəliş dövründə bankların toplam aktivləri 13 milyard dollar səviyyəsinə çatmışdı. Biz böhrandan öncə bir sıra qabaqlayıcı tədbirlər görmüşdük. Bundan ən başlıcası, bankların xarici borclarının məhdudlaşdırılması oldu. Bir çox ölkələr, bir sıra qonşu ölkələr bunu vaxtında edə bilmədilər. Onların xarici borclarının səviyyəsi təxminən ümumi daxili məhsulun 50-100 faizi səviyyəsinə gəlib çatmışdı. Böhran dövründə bu pullar - buna “qızmış pullar” deyirlər - təcili olaraq geri çağırıldı. Bu gün də bu dövlətlər nəinki öz maliyyə sektorunu, hətta özlərinin, bütövlükdə makroiqtisadi situasiyasında vəziyyəti normallaşdıra bilməmişlər. Bizdə isə bu borclar təxminən milli məhsulun 5 faizi səviyyəsində dayandırıldı. Biz buna əlavə vergi tətbiq etdik və bunun nəticəsində bu pullar bahalaşdı və dayandı.

2009-cu il ərzində qanunvericilikdə bir sıra əlavə tədbirlər görüldü. Cənab Prezident, Sizin dəstəyinizlə sığortalanan əmanətlərin məbləği 5 dəfə artırıldı - 6 min manatdan 30 min manata çatdırıldı. Bankların xarici borclarının qaytarılmasını təmin etmək üçün onlara zəruri yardım göstərildi. Qanunvericiliklə banklara və sığorta təşkilatlarına kapitallaşdırma məqsədi ilə vergi güzəştləri tətbiq olundu, mümkün itkilər üzrə banklardan maliyyə ehtiyatlanması daha da artırıldı. Bütün bu tədbirlər 2009-cu ilin birinci rübündə bank sektorunda müşahidə edilən gərginliyi aradan qaldırmağa imkan verdi. Bütövlükdə, il ərzində bankların aktivləri 14 faiz, kreditlər 17 faiz, əmanətlər 23 faiz, bankların kapitalı isə 18 faiz artdı.

Möhtərəm cənab Prezident!

Sizin tərəfinizdən qarşıya qoyulan əsas vəzifələr nəticə etibarilə yerinə yetirildi. Ölkədə makroiqtisadi sabitlik qorundu, böhran ilində yüksək iqtisadi artım davam etdi, dayanıqlıq və inkişaf dinamikası təmin olundu.

Düz bir il bundan öncə, cənab Prezident, 2008-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Siz dediniz ki, cari il bütün dünya iqtisadiyyatı üçün, bütün iqtisadiyyatlar üçün sınaq ili olacaqdır. Bu gün demək olar ki, Azərbaycan bu sınaqdan uğurla çıxmışdır. Siz yenə də orada demişdiniz ki, başqa ölkələrdən fərqli olaraq Azərbaycan heç bir dövlətə, heç bir donora müraciət etmədən öz milli iqtisadiyyatını, öz makroiqtisadi sabitliyini, inkişaf yolunu qorumağa qadirdir. Bu gün bu, bir daha sübut olundu. Artıq qeyd olunduğu kimi, Azərbaycan nadir ölkələrdən biridir ki, böhranın ən ağır ilində öz beynəlxalq kredit reytinqini yaxşılaşdırmışdır.

Elman Rüstəmov 2010-cu ildə də makroiqtisadi sabitliyin qorunmasının, əhalinin məşğulluğunun təmin edilməsinin vacibliyini vurğulayaraq bildirdi:

-Bütövlükdə, 2009-cu ilin nəticələrinə görə, Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun həcmi üzrə əsaslı olaraq orta gəlirli ölkələr qrupuna daxil olubdur. Böhran ilinin nəticələrinə görə, bildiyiniz kimi, bir çox dövlətlər gerilədi və biz isə vəziyyətimizi əhəmiyyətli yaxşılaşdırmışıq. Son 3 ildə Azərbaycan adambaşına düşən milli məhsulun həcminə görə öz vəziyyətini dünya üzrə 32 pillə yaxşılaşdırmışdır. Bu, olduqca yüksək iqtisadi inkişaf sürətidir.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, 2010-cu ildə də Azərbaycan Mərkəzi Bankı yeni qlobal çağırışlardan irəli gələn problemlərin həllində öz səylərini əsirgəməyəcəkdir. Diqqətinizə görə sağ olun.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH