AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GÜRCÜSTANIN SABİQ PREZİDENTİ EDUARD ŞEVARDNADZE İLƏ GÖRÜŞÜ
Dövlətimizin başçısı İlham Əliyev qonşu ölkənin sabiq rəhbəri, Azərbaycan xalqının dostu cənab Şevardnadzeni səmimi salamlayaraq, onunla hər bir görüşün çox qiymətli və yaddaqalan olduğunu bildirdi.
Azərbaycan Prezidenti müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etməsi və möhkəmləndirilməsində Eduard Şevardnadzenin xüsusi xidmətlər göstərdiyini vurğuladı.
Cənab Eduard Şevardnadze onu ziyarət etdiyi üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək, Azərbaycan xalqına daim hörmət bəslədiyini vurğuladı və dedi ki, tarixi köklərlə bir-birinə bağlı olan Gürcüstan və Azərbaycanın dostluğu daimidir və xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.
Eduard Şevardnadze əziz dostu, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən, respublikamız üçün gördüyü mühüm işlərdən danışaraq, onun əziz xatirəsinin daim yad olunacağını söylədi və atasının başladığı müqəddəs işləri Prezident İlham Əliyevin uğurla və ləyaqətlə davam etdirməsindən məmnunluğunu bildirdi, bu şərəfli və məsuliyyətli vəzifəsində ona uğurlar arzuladı.