AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İRANIN ALİ RƏHBƏRİ AYƏTÜLLAH SEYİD ƏLİ XAMENEİ İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Tehranda İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xamenei ilə görüşmüşdür.
Seyid Əli Xamenei Prezident İlham Əliyevi iqamətgahın önündə böyük hörmət və ehtiramla qarşıladı.
Azərbaycan Prezidenti ilə İranın ali rəhbərinin görüşündə İran Prezidenti Seyid Məhəmməd Xatəmi də iştirak edirdi.
Dövlətimizin başçısı İlham Əliyevi mehribanlıqla, səmimiyyətlə salamlayan və onunla görüşməsindən çox məmnun olduğunu söyləyən ayətüllah Seyid Əli Xamenei əminliklə bildirdi ki, Azərbaycan Prezidentinin İrana ilk rəsmi səfəri iki dost və qonşu ölkə arasında əlaqələrin inkişafını daha da sürətləndirəcəkdir. O, eyni zamanda, görkəmli şəxsiyyət Heydər Əliyevə Allahdan rəhmət diləyərək, onun siyasi fəaliyyətini, tarixi xidmətlərini yüksək qiymətləndirdi, ona böyük hörmət və ehtiram bəslədiyini və indi də əziz xatirəsini daim yad etdiyini vurğuladı.
Prezident İlham Əliyev səmimi sözlərə, xoş münasibətə görə təşəkkür edərək, İrana rəsmi səfərə gəlməsindən və İranın ali rəhbəri ilə görüşündən çox məmnun olduğunu bildirdi. Dövlətimizin başçısı özünə və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərlikdən və səfər zamanı keçirdiyi görüşlərdən, apardığı danışıqlardan razı qaldığını söylədi və əmin olduğunu bildirdi ki, bu səfər İran-Azərbaycan münasibətlərinin inkişafına təkan verəcəkdir. O, həmçinin dost, qonşu İran ilə bütün sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu da xatırlatdı.
Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdən bəri davam etdiyini bildirən Pezident İlham Əliyev torpaqlarımızın 20 faizinin hələ də işğal altında qaldığını, bir milyondan artıq vətəndaşımızın öz doğma el-obasından zorla qovularaq ağır vəziyyətdə yaşadığını xatırlatdı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün aparılan danışıqlar prosesindən söhbət açdı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən Seyid Əli Xamenei dedi ki, Qafqazda baş verən münaqişələr bölgədə sülhün və əmin-amanlığın bərqərar edilməsinə əngəl törədir. İran Ermənistanın Azərbaycana təcavüzünü daim pisləmişdir və bu münaqişə tezliklə sülh yolu ilə aradan qaldırılmalıdır.
Görüşdə Azərbaycan-İran əməkdaşlığının perspektivləri, o cümlədən böyük əhəmiyyəti olan nəqliyyat layihələrinin həyata keçirilməsi, bölgədə vəziyyət və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıldı.