AZƏRBAYCAN PREZİDENTİNİN ABŞ-A SƏFƏRİ AMERİKA MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏ İDİ
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Vaşinqtona səfəri bu ölkədə böyük maraq doğurmuşdu. Rəsmi Vaşinqtonun, eləcə də ölkənin işgüzar dairələrinin, beynəlxalq və regional strateji araşdırma mərkəzlərinin, tanınmış politoloq və mütəxəssislərin bu marağı müxtəlif görüşlərdən, qeyri-rəsmi söhbətlərdən tutmuş ABŞ-ın nüfuzlu kütləvi informasiya vasitələrinədək yetərincə hiss olunurdu. Prezident Heydər Əliyevin Ağ evdə prezident Corc Buşla görüşü müxtəlif televiziya kanalları tərəfindən geniş işıqlandırılmışdır.
Hazırda İraq məsələsi Amerika mətbuatı və ictimaiyyəti üçün bir nömrəli mövzu olmasına baxmayaraq, Prezident Heydər Əliyevin beynəlxalq terrorizmlə mübarizə, nəhəng enerji layihələrinin həyata keçirilməsi, Şərq-Qərb enerji dəhlizinin reallaşdırılması sahəsində möhtəşəm əzm və iradə göstərməsinə dair mətbuatda və elektron kütləvi informasiya vasitələrində geniş məlumatlar verilmişdir.
Azərbaycan rəhbərinin Vaşinqtona səfəri ilə bağlı Nikson adına mərkəzin beynəlxalq enerji və təhlükəsizlik proqramının direktoru Zeyno Baranın “İn ze nəşnl interest” qəzetində dərc olunan “Xəzərdən Aralıq dənizinə qədər: Şərq-Qərb enerji dəhlizi reallığa çevrilir” sərlövhəli irihəcmli məqaləsində Xəzərin enerji ehtiyatlarının işlənilməsi və onun Qərb bazarına ixracında Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın strateji mövqeyindən geniş bəhs olunur. Dövlətimizin başçısının Vaşinqtona səfərinin əhəmiyyətinin şərh olunması ilə başlayan yazıda müəllif Azərbaycanın ABŞ üçün xüsusi əhəmiyyətə malik ölkə olması, nüfuzlu şirkətlərlə imzaladığı müqavilələr, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşasına dair görülən irimiqyaslı işlər barədə geniş məlumat verir. Bu layihələrin həm Azərbaycanın, həm də Amerika Birləşmiş Ştatlarının milli maraqlarına xidmət etməsi, regionda iqtisadi tərəqqiyə və təhlükəsizliyə böyük dəstək verəcəyi xüsusi qeyd edilir. Azərbaycanın və Amerikanın birgə əməkdaşlığı ilə çoxtərəfli nəhəng enerji layihələrinin maliyyələşdirilməsinə hərtərəfli dəstək verilməsinin zəruriliyi xüsusi vurğulanır.
Rob Sobhaninin “Vaşinqton tayms” qəzetində dərc edilən “Azərbaycan Amerikanı dəstəkləyir” sərlövhəli yazısında müəllif iki ölkənin beynəlxalq terrorizmə qarşı mübarizədə sıx əməkdaşlığını ön plana çəkir. O, Prezident Heydər Əliyevin fevralın 26-da Ağ evdə Prezident Corc Buşla görüşündən bəhs edərək, Azərbaycan rəhbərinin cəsarətli və müdrik siyasətinin Amerika Birləşmiş Ştatları üçün önəmli olmasını konkret misallarla əsaslandırır. Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmamış qalmasını bölgə ilə sıx əməkdaşlığa və təhlükəsizliyə mane kimi qiymətləndirir. Bu məsələdə rəsmi Vaşinqtonun diplomatik səyləri artırmasının vacibliyini vurğulayan müəllif Prezident Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanın Amerikanın dostuna və tərəfdaşına çevrilməsini alqışlayır və Amerikanın öz dostunu mükafatlandırmasını zəruri sayır.
Səfərlə bağlı müxtəlif qəzetlərdə fotoşəkillərlə müşayiət olunan yazılarda Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buşun Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşündə İraq probleminə dair müzakirələr aparılmasına da toxunulur.
Onu da deyək ki, dövlətimizin başçısının Vaşinqtona səfərinə Amerika mətbuatında geniş yer ayrılmaqla yanaşı, Azərbaycana, onun müdrik rəhbərinə səmimi münasibət də aydın hiss olunurdu.
X X X
Əsgər İbrahimov,
Şəfəq Mehrəliyeva,
Oqtay Aydınoğlu (foto)
AZƏRTAC-ın xüsusi müxbirləri
Rafiq Bağırov (foto)
Vaşinqton-Bakı