REGİONLAR
Azərbaycan qadını cəmiyyətin mədəni inkişafında aparıcı rola malikdir
![](/files/galleryphoto/2022/1/1200x630/16464921461141941602_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464921463689943837_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464921465850314256_1200x630.jpg)
Naxçıvan, 5 mart, AZƏRTAC
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Məhz buna görə də tarixin müxtəlif dövrlərində Azərbaycan qadını salnamələrdə, ədəbiyyat nümunələrində ən gözəl şəkildə təsvir olunub, adı hörmət və ehtiramla çəkilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə danışılıb. Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Beynəlxalq Qadınlar Gününün dünyanın əksər ölkələrində, eləcə də ölkəmizdə hər il geniş şəkildə qeyd olunduğunu bildirib, Azərbaycan qadınının cəmiyyətdəki yeri və rolundan bəhs edib. Alim qadınların ölkəmizin ictimai-siyasi, eləcə də mədəni həyatında fəal təmsil olunduğunu diqqətə çatdırıb, cəmiyyətin mədəni inkişafında qadınların mühüm rola malik olduğunu vurğulayıb. İsmayıl Hacıyev elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan zərif cinsin nümayəndələrinin uğurlarından bəhs edib, bəzi statistik göstəriciləri sadalayıb.
Alim ulu öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikirlərdən sitatlar gətirərək ölkəmizdə, eləcə də muxtar respublikada qadınların fəaliyyətinə verilən qiymət, göstərilən dəstək və qayğıdan söz açıb. Çıxışının sonunda bölmə rəhbəri AMEA Naxçıvan Bölməsində çalışan qadınları təbrik edib, xoş arzularını çatdırıb.
Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva çıxışında Azərbaycan qadınını əxlaqi dəyərlərin simvolu, cəmiyyətin inkişafının aparıcı qüvvəsi, vətənpərvər, fədakar, ismətli ana kimi xarakterizə edib. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızı işğaldan azad edən qəhrəman oğulları böyüdən analar, cəfakeş şəhid xanımları mətanətli Azərbaycan qadınlarının əsl nümunəsidir. Azərbaycan qadını yeri gələndə ailəsinin yanında, Vətən tələb edəndə isə səngərdə düşmənə meydan oxuyacaq qədər cəfakeş, cəsarətlidir.
Daha sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək, bayramla əlaqədar qadınlara arzularını bildirib.