Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti fiqurlu konkisürmə üzrə atletlərimizlə görüşüb
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev ölkəmizi fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən Yekaterina Ryabova və Vladimir Litvintsev ilə görüşüb.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə F.Nağıyev idmançılarımızın martın 21-27-də Fransanın Monpelye şəhərində keçiriləcək fiqurlu konkisürmə üzrə dünya çempionatına hazırlığı ilə maraqlanıb, onlara tövsiyələrini verib və uğurlar arzulayıb.
F.Nağıyev federasiyanın gələcək planları haqqında danışaraq, atletləri dəstəkləməyə hər zaman hazır olduqlarını bildirib.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan 4 idmançı - Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski ilə təmsil olunacaq.