AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 10-da Məzahir Pənahovun sədrliyi ilə qurumun növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 2008-ci il 27 may tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirənin keçirilməsinə dair məsələ barədə məlumat vermişdir. Qərara alınmışdır ki, iyunun 12-də dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilsin.
İclasda seçki dairələrinin mövcud dislokasiyalarına yeni əlavə edilmiş ünvanlarla müvafiq işin aparılmasına dair məsələ ilə bağlı qərar qəbul olunmuşdur. Bundan əlavə, 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin dislokasiyalarında, 14 saylı Əzizbəyov ikinci, 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.