AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın Baş naziri vəzifəsinə başlamanız münasibətilə Amerika Birləşmiş Ştatları adından Sizi təbrik edirəm. Sizin təyinatınız Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında artan möhkəm ikitərəfli əlaqələr dövrünə təsadüf edir. Qarşıdan gələn seçkilərə hazırlaşdığınız bir vaxtda ölkənizin demokratik təsisatlarını möhkəmləndirmək üçün biz Sizinlə, sizin hökumətinizlə və Azərbaycan parlamenti ilə işləməyi səbirsizliklə gözləyirik. Biz, həmçinin ölkələrimizi daha da yaxınlaşdıracaq əsas sahələrdə, o cümlədən terrorizmlə mübarizə və regional sabitlik, enerji və davamlı siyasi və iqtisadi islahatlar sahəsində əməkdaşlığı genişləndirmək üçün Sizinlə işləməkdə davam edirik.
Atanıza və ailənizə öz diqqətimizi və dualarımızı çatdırırıq. ABŞ-Azərbaycan əlaqələrinin qurulmasında Sizin atanız əsas rol oynamışdır.
Səmimiyyətlə,
Corc U. Buş
Amerika Birləşmiş Ştatlarının Prezidenti Vaşinqton, Ağ ev, 11 avqust 2003-cü il.
***
AZƏRTAC-ın Vaşinqton müxbiri xəbər verir ki, avqust ayının 11-də Amerikanın Klivlend Klinikası mətbuat üçün bəyanat yaymışdır. Aşağıda bəyanatın mətni verilir.
KLİVLEND KLİNİKASININ MƏTBUAT ÜÇÜN MƏLUMATI
11 avqust 2003-cü il
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Klivlend Klinikasında müalicəsi davam edir. Daxil olduğu dövrdən bəri Prezident Əliyevin səhhəti yaxşılaşmışdır. Klinikanın ürək-damar şöbəsində yerləşdirilən Prezident özünü rahat hiss edir.
***
AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV ABŞ KONQRESMENLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev avqustun 12-də ABŞ Konqresi Nümayəndələr palatasının üzvləri ilə görüşmüşdür.
Səmimi görüş üçün Baş nazir İlham Əliyevə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri ABŞ Prezidenti Corc Buşun təbrik məktubunu ona təqdim etdi.
Baş nazir İlham Əliyev ABŞ Prezidentinin Azərbaycana göstərdiyi diqqətə görə minnətdarlıq etdi və onun şəxsi məktubunu almasından böyük şərəf duyduğunu bildirdi.
Azərbaycana ilk dəfə gəldiyini söyləyən nümayəndə heyətinin başçısı bu səfərin onda ölkəmiz haqqında zəngin təəssürat yaratdığını söylədi, müstəqil dövlət kimi Azərbaycanın sürətlə inkişaf etməsini yüksək dəyərləndirdi.
Xalqımızın ənənəvi qonaqpərvərliyini xatırladan Baş nazir İlham Əliyev ölkəmizdə Amerika və amerikalılara xüsusi münasibət olduğunu nəzərə çarpdırdı. O, ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı böyük perspektiv planın reallaşmaqda olduğunu vurğuladı.ABŞ-Azərbaycan münasibətlərindən söhbət açan İlham Əliyev strateji tərəfdaşlar kimi ölkələrimiz arasında bu ənənəvi münasibətlərin sözdə deyil, daha çox əməli fəaliyyətdə genişləndirilməsindən, hazırda əlaqələrin səviyyəsinin çox qənaətbəxş olmasından məmnunluq duyduğunu söylədi. O, əlaqələrin dinamik inkişafına görə ABŞ hökumətinə razılığını bildirdi. Baş nazir son on ildə şəxsən özünün də ABŞ-la əməkdaşlıqda yaxından iştirak etdiyini və bu əməkdaşlığın həm enerji sektorunda, həm də parlamentlər səviyyəsində inkişafı naminə əlindən gələni əsirgəmədiyini xatırlatdı. Azərbaycan Prezidenti Heydər Əliyevin hazırda ABŞ-ın Klivlend şəhərində müayinə və müalicəsinin uğurla davam etdiyini vurğulayan İlham Əliyev buna görə də Prezident Corc Buşa səmimi minnətdarlıq duyğularını ifadə etdi. ABŞ nümayəndə heyətinin başçısı onun ölkəsində Prezident Heydər Əliyevin müayinə və müalicəsi üçün hər cür səy göstərildiyini və bundan sonra da göstəriləcəyini vurğuladı, dövlətimizin başçısının ünvanına ən xoş arzularını söylədi. Görüşdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə olundu.