AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 158-ci maddəsinə əsasən büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinin sosial müdafiəsini gücləndirmək, onların peşəkarlıq səriştələrinə və işgüzar keyfiyyətlərinə görə həvəsləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq 1-ci və 2-ci ixtisas sinifi müəyyənləşdirildikdə 1-çi sinif avtomobil sürücülərinə tarif (vəzifə) maaşının 25 faizi, 2-ci sinifə isə tarif (vəzifə) maaşının 10 faizi miqdarında əlavə haqq ödənilsin.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi 1 ay müddətində “Avtomobil sürücülərinə ixtisas sinifinin verilmə qaydaları”nı hazırlayaraq müvafiq qaydada təsdiq etsin.
Avtomobil sürücülərinə ixtisas sinifinə görə əlavə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda büdcə vəsaitləri çərçivəsində bu qərarla müəyyən edilmiş həddə ödənilsin.
X X X
“Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nın VIII bölməsinin 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Tibbi-Bədən Tərbiyəsi Dispanseri mövcüd əmlakı ilə birlikdə Azərbaycan Respublikası Gənclər İdman və Turizm Nazirliyinin tabeliyinə verilsin və onun bazasında Respublika İdman Tibb Mərkəzi yaradılsın.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bir ay müddətində bu qərardan irəli gələn müvafiq məsələlərin həlli üçün təkliflərini təqdim etsinlər.
Hər iki qərar imzalandığı gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.