AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 may tarixli Sərəncamının 1-ci bəndinin üçüncü abzasının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, özünün 2001-ci il il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq olunmuş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”nin 6-cı bəndində “ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə” sözlərindən sonra “habelə dövlət kadastrının aparılmasına” sözləri əlavə edilsin.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
X X X
Dövlət zəmanəti əsasında cəlb edilmiş kreditlərin idarə olunmasında nəzarətin gücləndirilməsi, vəsaitlərin qənaətlə və təyinatı üzrə xərclənməsi, habelə vaxtında qaytarılmasına görə məsuliyyətin artırılması məqsədi ilə Nazirlər Kabineti qərara almışdır ki, özünün 2000-ci il 11 aprel tarixli 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı əlavələr edilsin:
II bölmənin 2.1-ci bəndinə aşağıdakı məzmunda 9, 10, 11 və 12-ci abzaslar əlavə edilmişdir:
“layihələrin tətbiqində ona verilən səlahiyyətlər daxilində bağlanmış “Kredit Sazişi”ndən irəli gələn vəzifələri icra edir;
layihə üzrə həyata keçirilən işlərin monitorinqini təşkil edir;
tətbiq olunan layihələr çərçivəsində xaricdən cəlb edilmiş kredit vəsaitlərinin istifadəsi üzrə bütün prosedurlar barədə (audit, tender, malların alqı-satqısı, kontraktlar və s.) ödənişlər həyata keçirilməzdən əvvəl xarici dövlət borcunun idarə edilməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir;
layihələrin tətbiqi ilə əlaqədar malların tədarükü və xidmətlərin göstərilməsi ilə bağlı keçirilən tenderlərdə Azərbaycan Respublikası maliyyə və iqtisadi inkişaf nazirlikləri nümayəndələrinin iştirakını təmin edir.”;
III bölmənin 3.2-ci bəndinə aşağıdakı məzmunda 11-ci abzas əlavə edilmişdir:
“layihələr üzrə maliyyə vəsaitlərinin nəzərdə tutulan məqsədlərə səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır”.
Qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərarlar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.