AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 27 avqust tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin qəbul etdiyi 2002-ci il 28 noyabr tarixli 189 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə aşağıda qeyd olunan mənbələrdə nəzərdə tutulan vəsaitlərin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməsini təmin etmişdir:
- dövlət büdcəsində “Kiçik sahibkarlığa investisiya yardımı”, o cümlədən “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi” üçün nəzərdə tutulan vəsait;
- dövlət büdcəsində “Fermer təsərrüfatlarına kredit güzəştləri fondu” üçün nəzərdə tutulan vəsait;
- məşğulluq tədbirlərinin maliyyələşdirilməsi çərçivəsində yeni iş yerlərinin yaradılması ilə bağlı xərclər;
- dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi üçün qanunvericiliklə nəzərdə tutulan hissəsi.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aşağıdakı qərarları qüvvədən düşmüş hesab olunmuşdur:
- “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu vəsaitlərinin formalaşması və bölüşdürülməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 fevral tarixli 61 nömrəli qərarı;
- “Dövlət büdcəsinin “Kiçik sahibkarlığa investisiya yardımı” maddəsində nəzərdə tutulan vəsaitin bölüşdürülməsi və istifadəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 sentyabr tarixli, 110 nömrəli qərarı;
- “Dövlət büdcəsinin “Kiçik sahibkarlığa investisiya yardımı” maddəsində nəzərdə tutulan vəsaitin bölüşdürülməsi və istifadəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 sentyabr tarixli 110 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 8 iyun tarixli 123 nömrəli qərarı;
- “Dövlət büdcəsinin “Fermer təsərrüfatlarına kredit güzəştləri fondu” maddəsində nəzərdə tutulan vəsaitin bölüşdürülməsi və istifadəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 3 nömrəli qərarı;
- “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi Qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 noyabr tarixli 204 nömrəli qərarı.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.