AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının 18-ci bəndinin icrasını, habelə Kənd Təsərrüfatı Nazirliyində idarəetmədə paralelçiliyin aradan qaldırılması, elm və istehsal sahələrinin fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Nazirlər Kabinetinin 2003-cü il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar-Elm Mərkəzinin Ə.Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Suptropik Bitkilər İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun bazasında Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Suptropik Bitkilər və Üzümçülük İnstitutu, R.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun və F.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun bazasında Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq və İpəkçilik İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Çəmənçilik və Otlaqlar İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun bazasında Azərbaycan Elmi-Tədqiqat Əkinçilik və Yemçilik İnstitutu yaradılmışdır.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı 200 vahid, mərkəzi aparata xidmət etmək üçün 14 ədəd xidməti minik avtomobili limiti müəyyən edilmiş və yeni strukturu təsdiq olunmuşdur.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır ki, bu qərarın 1-ci bəndinə əsasən Azərbaycan Aqrar Elm Mərkəzinin tərkibinə daxil olan Elmi-Tədqiqat İnstitutlarında aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşdirilən büdcə vəsaitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həmin sahənin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəltsin:
Respublikada aparılan aqrar islahatlara uyğun olaraq tabeliyində olan təşkilatların strukturunun təkmilləşdirilməsi barədə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərardan irəli gələn məsələləri aidiyyəti orqanlarla birlikdə həll etsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin bəzi məsələləri haqqında” 1998-ci il 9 noyabr tarixli 221 nömrəli qərarının 1-ci bəndinin 3-cü, 4-cü və 5-ci abzasları, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətinin tənzimlənməsi və onun əsasnaməsinin təsdiq edilməsi haqqında” 1999-cu il 27 sentyabr tarixli 158 nömrəli qərarının 1-ci bəndinin 2-ci abzası və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunda dəyişikliklər və əlavələr edilməsi barədə” 2000-ci il 16 iyun tarixli 101 nömrəli qərarının 1-ci və 2-ci bəndləri qüvvədən düşmüş hesab edilmişdir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.