RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV ALMANİYANIN XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Onların hər ikisi bu görüşdən razı qaldığını söylədi.
Dövlətimizin başçısı dedi ki, Azərbaycan Almaniya ilə bütün sahələrdə sıx əməkdaşlıq etməyə tərəfdardır. O, ATƏT-in Budapeşt zirvə toplantısı zamanı tarixi əhəmiyyətli qətnamənin qəbul edilməsində Almaniyanın prinsipial mövqe tutmasını xüsusi qiymətləndirdi. Heydər Əliyev Almaniyanın Azərbaycandakı səfirliyinin başçısı ilə bu yaxınlarda keçirdiyi görüşdən də danışdı.
Cənab Kinkel bu görüşdən xəbəri olduğunu söylədi və təəssüfləndiyini bildirdi ki, Almaniya hələlik Azərbaycana hərtərəfli yardım göstərə bilmir. Nazir dedi ki, Almaniya birləşdikdən sonra onun xeyli problemləri meydana çıxmışdır. Ona görə də yeni müstəqil dövlətlərə AFR-in yardımı hələlik istənilən səviyyədə deyil.
Heydər Əliyev Almaniya şirkətlərinin Azərbaycanla sıx əlaqələr qurmasını arzuladığını söylədi və ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının vacib olduğunu vurğuladı. O, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün respublikamızın sülh səyləri barədə ətraflı söhbət açdı. Prezident respublikamızda aparılan iqtisadi-siyasi islahatlardan da geniş bəhs etdi. Dövlət başçısı Azərbaycanın zəngin iqtisadi potensiala, işçi qüvvəsinə, yüksək intellektual səviyyəyə malik olmasından da danışdı. Prezident respublikamızın zəngin neft yataqlarının birgə işlənməsi barədə bağlanmış “Əsrin müqaviləsi”nin perspektivlərini izah etdi. Azərbaycana sərmayə qoymaq istəyən xarici şirkətlər arasında Almaniya şirkətlərini də görmək istədiyini vurğuladı.
Azərbaycan Prezidenti Heydər Əiliyev cənab Kinkeli ölkəmizə rəsmi səfərə dəvət etdi. Bu dəvət məmnuniyyətlə qəbul olundu.