RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV LONDONUN LORD-MERİ İLƏ GÖRÜŞMÜŞDÜR
İngiltərə paytaxtının lord-meri görkəmli siyasi xadim Heydər Əliyevi mehribanlıqla qarşıladı.
Respublikamızın rəhbəri İkinci Dünya müharibəsinin qələbə ilə başa çatmasının 50 illiyinə həsr olunmuş şənliklərin Londonda yüksək səviyyədə keçməsindən razılıqla söhbət açdı və bütün bunlara görə şəhərin bələdiyyə rəisinə təşəkkürünü bildirdi. Lord-mer isə bu şənliklərdə iştirak etdiyinə görə Heydər Əliyevə minnətdarlıq etdi. O dedi ki, İkinci Dünya müharibəsində Azərbaycanın və Azərbaycan neftinin mühüm rol oynadığından xəbərdardır. Azərbaycanla İngiltərə arasında əlaqələrin son vaxtlar sürətlə inkişaf etməsindən məmnunluqla söhbət açan lord-mer bu əməkdaşlığın daha da möhkəmləndirilməsini arzuladı.
Heydər Əliyev dedi ki, İkinci Dünya müharibəsində alman faşizminə qarşı müharibə dünyanın bütün xalqlarının ümumi işi olmuşdur və bu mübarizədə müttəfiq kimi iştirak edən ölkələr Qələbənin əldə olunmasına öz layiqli payını vermişlər. Azərbaycan Prezidenti bu tarixi günlərdə Londonda olmasından məmnunluq hiss etdiyini söylədi.
Heydər Əliyev Londonun lord-merini Bakıya səfərə dəvət etdi. Dəvət məmuniyyətlə qəbul olundu.