AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV PAKİSTAN PARLAMENTİNİN SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycan dövlətinin başçısını səmimi salamlayan parlament sədri, Heydər Əliyevin Pakistana səfərini öz ölkəsində səbirsizliklə gözlədiklərini bildirdi. Heydər Əliyev o vaxtlar Azərbaycanda yaranan vəziyyətlə əlaqədar olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının Pakistanda keçirilən Zirvə toplantısında iştirak etmək üçün İslamabada gedə bilmədiyini təəssüflə söylədi. Azərbaycan rəhbəri Pakistanın Baş naziri xanım Bənəzir Bhutto ilə bir neçə dəfə görüşdüyünü və çox yaxşı münasibətdə olduğunu, xalqlarımızın qardaş xalqlar olduğunu bildirdi.
Parlamentin sədri Azərbaycan Prezidenti Heydər Əliyevin bütün yaxın Şərqdə, İslam aləmində böyük nüfuza malik olduğundan rəğbətlə söhbət açdı və ondan xahiş etdi ki, mütləq Pakistana səfər etsin. O həm də təvəqqe etdi ki, Azərbaycan Prezidenti Pakistanda olarkən parlamentin iclasında çıxış etməyi unutmasın. Spiker parlament üzvlərinin Heydər Əliyevin çıxışından zövq alacaqlarını xüsusi vurğuladı.
Heydər Əliyev söz verdi ki, vaxt tapıb Pakistana səfərə gedəcək və parlamentdə çıxış edəcəkdir. Respublikamızın rəhbəri dedi ki, o da xanım Bhuttonu Azərbaycana rəsmi səfərə dəvət edib. Heydər Əliyev onun ən səmimi salamlarını, xoş arzularını Baş nazir Bənəzir Bhuttoya çatdırmağı cənab Kilyanidən xahiş etdi. O, parlamentin sədrini də Azərbaycana səfərə dəvət etdi. Heydər Əliyevin fikrincə, ölkələrimizin parlamentləri arasında əlaqələrin sıxlaşdırılması xalqlarımızın bir-birinə daha yaxınlaşmasına, dövlətlərimizin münasibətlərinin inkişaf etməsinə kömək olar.
Parlamentin sədri Kasablanka Zirvə toplantısında Pakistan dövlətinin mövqeyini əks etdirən sənədin qəbul olunmasında Azərbaycanın təşəbbüslə çıxış etdiyini və bu qətnamənin qəbulunda Heydər Əliyevin mühüm rol oynadığını söylədi, respublikamızın rəhbərinə təşəkkürünü bildirdi. Heydər Əliyev də Kasablanka və İslamabad zirvə toplantılarında Azərbaycanın mövqelərini dəstəkləyən qətnamələrin qəbul olunmasında Pakistanın müsbət rol oynadığını vurğuladı və buna görə təşəkkür etdi.