AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV QIRĞIZISTAN RESPUBLİKASININ PREZİDENTİ ƏSGƏR AKAYEVLƏ GÖRÜŞMÜŞDÜR
Hər iki Prezident İkinci Dünya müharibəsinin başa çatmasının 50 illiyi ilə əlaqədar keçirilən şənliklərdə həm Azərbaycanın, həm də Qırğızıstanın müstəqil dövlətlər kimi iştirak etməsini xalqlarımızın tarixində böyük əhəmiyyəti olduğunu qeyd etdi. Onlar öz ölkələrindəki ictimai-siyasi vəziyyət barədə bir-birinə hərtərəfli məlumat verdilər.
Prezidentlər iqtisadi islahatların həyata keçirilməsi mövzusuna geniş yer ayırdılar. Bu istiqamətdə qardaş ölkələrdə əldə edilən ilkin nəticələrlə maraqlandılar. Tərəflərin fikrincə, eyni sistemdə yaşamış respublikalarımızın keçid dövrünün çətinliklərindən çıxmaq üçün təcrübə mübadləsi aparmalarına ehtiyac vardır və bu, hər iki ölkə üçün çox faydalıdır.
Görüşdə Xəzərin statusuna dair qaldırılan yeni söz-söhbətlər haqqında da fikir mübadiləsi aparıldı. Prezidentlər belə qənaətə gəldilər ki, məsələnin aydınlaşdırılmasında beynəlxalq normalara riayət edilməsinə üstünlük verilməlidir. Hər iki Prezident belə görüşlərin xüsusi əhəmiyyətindən razılıqla söhbət açdı. Münasibətlərin daha da canlandırılması üçün qarşılıqlı surətdə faydalı addımlar atılmasının vacibliyinə toxunuldu.