AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRi-HÖKUMƏT TƏŞKiLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASININ İLK İCLASI KEÇİRİLMIŞDIR
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il aprelin 16-da imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 11 üzvünü təyin etmişdir.
AZƏRTAC xəbər verir ki, aprelin 21-də Şuranın ilk iclası keçirilmişdir. İclasda təşkilati məsələlərə baxılmış və Əsasnaməyə uyğun olaraq Azay Quliyev Şuranın sədri, Tahir Süleymanov sədrin müavini, Vüqar Məcidli isə Şuranın katibi seçilmişdir. Daha sonra Şuranın fəaliyyətinin qurulması ilə bağlı müzakirələr aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Şura üzvləri ilə görüşmüş, dövlət və QHT sektoru arasında əməkdaşlığın gücləndirilməsi, ölkədə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində Şura qarşısında duran vəzifələrin həyata keçirilməsinə dair tövsiyələrini vermişdir.