AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycandakı yəhudi icmasının tarixi Azərbaycan xalqının tarixi ilə sıx çulğaşmışdır. Dövlətimizin taleyinə düşmüş bütün sevinc və kədəri biz bərabər bölüşmüşük.
Hazırda Azərbaycandakı yəhudi icmasında 30 mindən çox adam var. Bu, Qafqazda yəhudilərin ən iri məskənidir. Çox hörmətli cənab Prezident, mədəni və dini ənənələrimizin inkişaf etdirilməsi və qorunub saxlanması üçün malik olduğumuz geniş imkanlara görə Sizə hər birimizin adından təşəkkürümüzü bildiririk.
Biz Azərbaycanda yəhudilərin həyatını öyrənərkən, onların kütləvi surətdə məhv edilməsi barədə əvvəllər məlum olmayan faktlar aşkara çıxarmışıq. Bu qırğınlar 1939-45-ci illərin Holokost faciəsindən əvvəl, 1918-19-cu illərdə Azərbaycan xalqına qarşı soyqırımı dövründə baş vermişdir. Sənədlərə və şahidlərin xatirələrinə görə, quldur dəstələri azərbaycanlılarla birlikdə 3 minədək yəhudini də qırmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun yaxından köməyi ilə hazırda biz etnik təmizləmələrin qurbanları olmuş yəhudilərin adlarını müəyyənləşdirmək üçün ciddi iş aparırıq. Hər il martın 31-də - Azərbaycan xalqına qarşı 1918-19-cu illərin soyqırımı qurbanlarının xatirəsini anma günü biz öldürülmüş yəhudi uşaqların, qadınların və kişilərin ruhuna dualar oxuyur və onları yad edirik. Hazırda biz ümumi Vətənimizin – Azərbaycanın digər bölgələrində də onların kütləvi dəfn yerlərinin axtarılması və həlak olanların adlarının müəyyən olunması işini davam etdiririk.
Hörmətli cənab Prezident! Azərbaycan xalqının yüksək etnik tolerantlığını yadda saxlayaraq və yəhudilər üçün müqəddəs olan “Heç kim unudulmayıb və heç nə unudulmayıb” prinsipini əsas tutaraq, Sizdən xahiş edirik ki, tarixi həqiqətin bərpasında bizə kömək edilməsi və günahsız qurbanların xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba rayonunda abidə qoyulmasına icazə verilməsi üçün müvafiq dövlət qurumlarına göstəriş verəsiniz.
Azərbaycanın yəhudi icması adından:
İxiilov Semyon Borisoviç – Dağ yəhudiləri icmasının sədri
Abramov Yevda Sosunoviç – Milli Məclisin deputatı
Bekker Moisey Vladimiroviç – Avropa yəhudiləri icmasının
nümayəndəsi
Şalmeyev Semyon Qriqoryeviç – Dağ yəhudiləri icması idarə
heyətinin üzvü
Xaimov İlil Nataniiloviç – Dağ yəhudiləri icmasının üzvü
Sosunov İmanuil Doniç – Dağ yəhudiləri icması idarə
heyətinin üzvü
Davıdov Şaul Mixayloviç – Dağ yəhudiləri icması idarə
heyətinin üzvü
Rabinoviç Boris Zovolunoviç – Dağ yəhudiləri icması idarə
heyətinin üzvü
Sayev Yaqub Şamil oğlu – Dağ yəhudiləri icması idarə
heyətinin üzvü
Simonov Morduxay Davidoviç – Dağ yəhudiləri icması idarə
heyətinin üzvü
Yusufova Solmaz Rza qızı – Qadın yəhudi humanitar
təşkilatının prezidenti
İlyaquyev Qavriil Şamayeviç – Dağ yəhudiləri icmasının üzvü
Azərbaycanın yəhudi icması nümayəndələrinin
2006-cı il aprelin 21-də Azərbaycan Milli Elmlər
Akademiyasının İnsan Hüquqları İnstitutunda
keçirilmiş iclasında yekdilliklə qəbul edilmişdir.