RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizi və Azərbaycan Respublikasının xalqını Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər neft-qaz sərgisi və konfransının açılışı münasibətilə təbrik edirəm.
Bu yaxınlarda Vaşinqtona etdiyiniz səfər zamanı biz Birləşmiş Ştatlar ilə Azərbaycan arasında enerji, demokratiya və təhlükəsizlik sahələrində strateji tərəfdaşlıq barədə söhbət apardıq və mən Şərq-Qərb enerji dəhlizinin yaradılmasında Azərbaycanın ön cərgədə olmasına görə təşəkkürümü bildirdim. Hazırda, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri tam istismara verildiyi bir vaxtda və Cənubi Qafqaz qaz boru kəmərinin çəkilməsinin payızda başa çatdırılması ərəfəsində Azərbaycan regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik ailəsinin enerji təhlükəsizliyinin təminatçısına çevrilməkdədir.
Azərbaycanın öz aparıcı rolunu davam etdirməsi ilə yaxın gələcəkdə də enerji təhlükəsizliyində davamlı nailiyyətlərin əldə olunacağına əminik. Biz Azərbaycanın təbii qaza olan tələbatını təmin etmək, Gürcüstan və Avropanın digər ölkələrinə qaz təchizatı marşrutlarının müxtəlifləşdirilməsində onlara yardım göstərmək, eləcə də Orta Asiyadan Avropaya qazın nəqlini mümkün etmək üçün Azərbaycanda təbii qaz hasilatını artırmaq məqsədi ilə hökumətlər və özəl şirkətlər arasında əməkdaşlığı ürəkdən arzulayırıq. Biz həmçinin Qazaxıstanda hasil edilən neftin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinin şərtləri barədə Azərbaycan və Qazaxıstan arasında razılığın əldə olunacağına ümid edirik.
Birləşmiş Ştatlar dünyada enerji təhlükəsizliyinin təşviq olunması, habelə Azərbaycan xalqı üçün və bu ölkənin yerləşdiyi əhəmiyyətli region üçün firavan, sabit və demokratik gələcəyin yaradılması məqsədi ilə Sizinlə tərəfdaşlığı davam etdirəcəkdir.
Səmimiyyətlə,
Corc W. Buş
Amerika Birləşmiş Ştatlarının Prezidenti