RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Müstəqilliyini qazanmış Azərbaycan ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə dünya ölkələri arasında layiqli yerini tutmuş, nüfuzlu beynəlxalq və regional təşkilatlara üzv olmuş və inkişaf etmiş sivil dövlətlərin təcrübəsindən səmərəli istifadə edərək inamla irəliyə addımlayır.
Ölkədə ictimai-siyasi sabitliyə, demokratiyanın inkişafına, iqtisadiyyatın bütün sahələrində tərəqqiyə nail olunaraq, sosial problemlərin həllində mühüm irəliləyişlər əldə edilmişdir.
Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş dinamik inkişafda bələdiyyə təsisatı özünəməxsus yer tutmaqdadır. Bələdiyyələr Avropa Şurasının tövsiyə etdiyi konsepsiyaya əsasən, həqiqi demokratik idarəetmə sisteminin yaradılması imkanı əldə edərək, yeni mərhələyə qədəm qoymuşdur.
Yerli özünüidarənin inkişaf etdirilməsi, bu sahədə yaranmış müsbət iş üsullarının öyrənilməsi və tətbiqi, bələdiyyələr qarşısında qoyulmuş vəzifələrin və mövcud problemlərin səmərəli həlli üçün Avropa Şurasına üzv ölkələrin təcrübəsindən istifadə edərək, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsinə və respublikamızda fəaliyyət göstərən bələdiyyə orqanlarının rəyinə əsaslanaraq, ölkədə ayrı-ayrılıqda şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının yaradılması məqsədi ilə üç işçi qrupu formalaşdırılmışdır.
Möhtərəm cənab Prezident!
Biz, təşkilati iclasın iştirakçısı olan bələdiyyə sədrləri Sizə müraciət edərək, bütün mütərəqqi fikirlərin müdafiəçisi kimi, Sizin ölkəmizdə bələdiyyələrin yeni inkişaf strategiyasına istiqamət verərək, milli assosiasiyaların yaradılmasını dəstəkləyəcəyinizə ümid edirik.
Möhtərəm cənab Prezident!
İcazə verin, Sizi əmin edək ki, Azərbaycanın inkişafı naminə apardığınız uğurlu siyasətin həyata keçirilməsində, ölkəmizin daha da möhkəmlənməsi və qüdrətlənməsi naminə özünüidarə orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsində biz də öz səylərimizi əsirgəməyəcək və göstərilən etimadı bütün gücümüzlə doğruldacağıq.