AZƏRBAYCAN ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜ ÜZRƏ SƏKKİZİNCİ HESABATINI AÇIQLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT)” adı altında 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan hökuməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya “Moore Stephens” audit şirkəti tərəfindən yoxlanılmış və Azərbaycan Respublikası hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə səkkizinci - 2007-ci il üzrə illik hesabat iyunun 3-də açıqlanmışdır.
Dərc edilən hesabatlara, eyni zamanda, hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.
Hökumətin Şəffaflıq Təşəbbüsü üzrə səkkizinci hesabatı audit şirkətinin rəyi ilə birlikdə iyunun 3-də keçirilmiş iclasda Memorandum tərəflərinə təqdim olunmuşdur. Tərəflərin birgə iclasında, həmçinin səkkizinci hesabat dövrünün nəticələri müzakirə olunmuşdur.
Şəffaflıq Təşəbbüsü çərçivəsində təqdim olunmuş hesabatların dərc olunması MHŞT üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və 115-dən artıq qeyri-hökumət təşkilatının (QHT) və 15 fiziki şəxsin təmsil olunduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında imzalanmış 2004-cü il 24 noyabr tarixli Qarşılıqlı Anlaşma haqqında Memoranduma əsasən həyata keçirilir.
“Moore Stephens” audit şirkətinin rəyində deyilir ki, 2007-ci il dekabrın 31-də bitən 12 ay ərzində qəbul olunmuş ödənişlərin/daxilolmaların cədvəli ilə bağlı Azərbaycan Respublikasının MHŞT Komissiyasının bəyannaməsi yuxarıda qeyd olunan tələblərə uyğun olaraq hazırlanmış və bütün əhəmiyyətli hallarda düzgün əks olunmuşdur.
Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun, MHŞT üzrə Beynəlxalq Katibliyin və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffaflığın Artırılması Koalisiyasının internet səhifələrində yerləşdirilmişdir.