Azərbaycan şərabları ABŞ-da təqdim edilmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə ABŞ-da ilk dəfə olaraq Azərbaycan şərablarının təqdimatı keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə şərab üzrə ekspertlər və distribyutorlar, beynəlxalq ticarət mütəxəssisləri və KİV nümayəndələri iştirak etmişlər.
Azərbaycanın “Abşeron Şərab”, “ASPİ Wineries”, “AZ-Qranata”, “Caspian Coast”, “Vinaqro Göy-Göl” və “Şərq Ulduzu” şirkətlərinin istehsal etdiyi şərab və brend məhsulları nümayiş olunmuşdur. Tədbir iştirakçılarına “Bayan Şirə” və “Mədrəsə” kimi milli üzüm növlərindən, həmçinin məşhur “Chardonnay”, “Merlot”, “Şiraz”, “Muscat” və “Cabernet Sauvignon” üzüm sortlarından hazırlanmış qırmızı və ağ şərablar təqdim olunmuşdur.
Amerika-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova tədbirin məqsədi, eləcə də palatanın fəaliyyəti barədə məlumat vermişdir.
AZPROMO-nun ABŞ-dakı nümayəndəsi Elşən Baloğlanov isə çıxışında Azərbaycanın qeyri-neft məhsullarının ixracının artırılmasının dövlət başçısının iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulamışdır. Tədbirin məqsədinin Azərbaycan məhsullarının ABŞ-da tanıdılması olduğunu diqqətə çatdıran Elşən Baloğlanov AZPROMO-nun ABŞ-dakı fəaliyyəti barədə də danışmışdır.