İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur
Şəmkir, 19 iyun, AZƏRTAC
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində əlavə taxıl silolarının və soyuducu anbarların yaradılması, saxlama və emal imkanlarının genişləndirilməsi üçün yeni dəstək mexanizmləri tətbiq ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
Kənd təsərrüfatı nazirinin müavini regional müşavirədə çıxışı zamanı bildirib ki, 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar infrastrukturun gücləndirilməsi və heyvandarlıq sektorunun inkişafı üzrə kompleks tədbirləri əhatə edir.
“Bununla yanaşı, intensiv bağçılığın genişləndirilməsi, beynəlxalq sertifikatlaşdırma mexanizmlərinin təşviqi və ixracyönümlü istehsalın artırılması nəzərdə tutulur. Heyvandarlıq istiqamətində süd və mal əti istehsalının artırılması, cins heyvanların sürüdə payının yüksəldilməsi, yeni təsərrüfatların yaradılması və südtoplama məntəqələrinin təşkili planlaşdırılır. Dövlət Proqramının uğurlu icrası dövlət, fermer və özəl sektor əməkdaşlığının gücləndirilməsi ilə mümkün olacaq və bu istiqamətdə koordinasiyalı fəaliyyət davam etdiriləcək”, - deyə nazir müavini vurğulayıb.