Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH
Bakı, 19 iyun, AZƏRTAC
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi qazandığı etimadın bariz göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunu və qarşıdakı strateji hədəflərini aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, ölkəmiz siyasi sabitlik, iqtisadi dayanıqlılıq və sosial inkişaf sahəsində mühüm nailiyyətlər əldə edib. Xarici borcun aşağı səviyyədə saxlanılması, strateji valyuta ehtiyatlarının artırılması, yoxsulluq və işsizliyin minimum həddə endirilməsi Azərbaycanın düşünülmüş və uzunmüddətli inkişaf siyasətinin uğurlu nəticələridir.
Çıxışda diqqət çəkən mühüm məqamlardan biri Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat-logistika imkanları ilə bağlı idi. Bu gün ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Orta Dəhlizin inkişafı, yeni kommunikasiya xətlərinin yaradılması və regional inteqrasiyanın genişləndirilməsi həm Azərbaycanın, həm də bütövlükdə regionun gələcək inkişafına xidmət edir.
“Prezident İlham Əliyevin çıxışının əsas mesajlarından biri inkişafın yalnız iqtisadi göstəricilərlə ölçülməməsi ilə bağlı idi. İnsan kapitalına investisiyalar, sosial rifahın yüksəldilməsi, dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik və innovasiyalar gələcəyin əsas prioritetləri kimi təqdim olundu. Bu yanaşma Azərbaycanın həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini aydın şəkildə əks etdirir.
Xüsusilə qeyd edilməlidir ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri artıq beynəlxalq səviyyədə diqqətlə izlənilən inkişaf modelinə çevrilməkdədir. Qarabağ və Şərqi Zəngəzurda müasir şəhər və kəndlərin salınması, nəqliyyat və enerji infrastrukturunun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji layihələrinin icrası, eləcə də Böyük Qayıdış proqramının həyata keçirilməsi Azərbaycanın gələcəyə yönəlmiş baxışını nümayiş etdirir.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasının qarşısında duran ən ciddi problemlərdən biri mina təhlükəsidir. Uzun illər ərzində Ermənistan tərəfindən geniş şəkildə minalanmış ərazilərin təhlükəsiz hala gətirilməsi böyük maliyyə, texniki və insan resursları tələb edir. Buna baxmayaraq, Azərbaycan dövləti bu istiqamətdə ardıcıl fəaliyyət göstərir və beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirir. İslam İnkişaf Bankı kimi nüfuzlu maliyyə institutlarının dəstəyi bərpa və inkişaf prosesinin daha da sürətlənməsinə mühüm töhfə verə bilər”,- deyə U.Mirzəyev vurğulayıb.
BAMF-ın prezidenti əlavə edib ki, keçirilən bu toplantı yalnız iqtisadi və maliyyə xarakterli tədbir deyil. Bu toplantı həm də həmrəylik, qarşılıqlı etimad, davamlı inkişaf və ortaq rifah ideyalarının təşviq olunduğu mühüm beynəlxalq platformadır. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər Azərbaycanın gələcək inkişaf prioritetlərini müəyyən etməklə yanaşı, İslam dünyasının qarşısında duran çağırışlara verilən strateji cavab kimi də qiymətləndirilə bilər.
Bakı toplantısının nəticələri həm Azərbaycanın, həm də İslam İnkişaf Bankına üzv ölkələrin sosial-iqtisadi inkişafına, regional əməkdaşlığın möhkəmlənməsinə və daha ədalətli, dayanıqlı gələcəyin qurulmasına mühüm töhfə verəcək.