Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur
Berlin, 19 iyun, AZƏRTAC
Avropa İqtisadi və Sosial Komitəsi (EESC) Avropada artan su qıtlığının iqtisadiyyat, sənaye istehsalı və təchizat zəncirlərinə təsir göstərdiyini bildirərək, su resurslarının təkcə ekoloji deyil, həm də iqtisadi və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan amil kimi qiymətləndirilməsinə çağırıb.
AZƏRTAC xəbər verir ki, BMT-nin 2026-cı il Su Konfransı ərəfəsində keçirilən plenar müzakirələrdə çıxış edən Avropa Komissiyasının ətraf mühit və su dayanıqlılığı üzrə komissarı Cessika Rosvall suyun rəqabətqabiliyyətlilik, hazırlıq səviyyəsi, dayanıqlılıq və ümumi təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Avropanın su ilə bağlı problemlərinin həlli üçün bütün tərəflərin iştirakı ilə uzunmüddətli və sektorlararası əməkdaşlıq tələb olunur.
Komitə hesab edir ki, su ehtiyatlarının qorunması və səmərəli idarə olunması Avropa İttifaqının sənaye, iqtisadiyyat və iqlim siyasətinin əsas istiqamətlərindən birinə çevrilməlidir. Qurumun məlumatına görə, Avropada su sektoruna hər il təxminən 55 milyard avro sərmayə qoyulsa da, bu sahədə illik investisiya çatışmazlığı 23 milyard avro təşkil edir. Aİ-nin su qanunvericiliyinin tələblərinə əməl olunması üçün təkcə su təchizatı və kanalizasiya sistemlərinə 2030-cu ilədək 255 milyard avroya qədər əlavə vəsait tələb oluna bilər. Su infrastrukturuna yatırılan hər 1 avro iqtisadiyyatda orta hesabla 2,35 avro həcmində əlavə dəyər yaradır. Eyni zamanda, bu sahəyə yatırılan hər 1 milyard avro təxminən 16 min iş yerinin yaradılmasına imkan verir.
EESC xəbərdarlıq edir ki, zəruri tədbirlərin təxirə salınmasının nəticələri artıq təchizat zəncirlərindəki pozuntular, infrastruktura artan təzyiq və sənaye istehsalında yaranan çətinliklər şəklində özünü göstərir.